AZ

Bu günə qədər “Yüksəliş” müsabiqəsində 69 min 963 nəfər iştirak edib VİDEO

Bakı, 6 mart, AZƏRTAC

Bu günə qədər keçirilən “Yüksəliş” müsabiqəsində ümumilikdə 69 min 963 nəfər iştirak edib. Onlardan 116 nəfəri qalib adını qazanıb.

AZƏRTAC xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev altıncı müsabiqə üçün keçirilmiş mətbuat konfransında deyib. O bildirib ki, müsabiqə iştirakçılarının

30,45 faizi qadın, 69,55 faizi kişi olub: “Birinci müsabiqədə “Yüksəliş” müsabiqəsində 11 min 760 nəfər qeydiyyatdan keçib və yekunda 27 qalib müəyyənləşdirilib. İkinci müsabiqədə 12 min 299 nəfər iştirak edib, 22 nəfər qalib adını qazanıb. Üçüncü mövsümdə 13 min 474 namizəd qeydiyyatdan keçib və 22 nəfər qalib seçilib. Dördüncü “Yüksəliş” müsabiqəsində 15 min 877 nəfər qeydiyyat mərhələsini uğurla tamamlayıb, 25 nəfər qalib olub. Beşinci mövsümdə isə 16 min 553 nəfər qeydiyyatdan keçib və 20 nəfər müsabiqənin qalibi elan edilib”.

Qeyd edək ki, altıncı “Yüksəliş” müsabiqəsinə qeydiyyat “yukselish.az” vasitəsilə həyata keçirilir. Müsabiqəyə müraciətlər aprelin 16-dək davam edəcək.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq Sərəncam imzalanıb.

 

Müxbir – Aysel Azadqızı

Fotoqraf – Orxan Kərimov

Videooperator – Mirrəsul Cəfərov

Seçilən
79
2
azertag.az

3Mənbələr