1-ci Liqada şəriksiz lider mövqeyində qərarlaşan "Şəfa"nın prezidenti Sərdar Salmanzadənin iki gün öncə postundan ayrılması futbol ictimaiyyəti üçün gözlənilməz oldu. Sərdar bəylə əlaqə saxlayıb vəzifəsindən getməsinin səbəbini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Düzü, mənim üçün də gözlənilməz oldu. Biz peşəkarıq. Peşəkarlar üçün hisslər, emosiyalar ikinci dərəcəlidir. İşimdən ayrılmağımın səbəbi budur ki, mənim və rəhbərliyin "Şəfa"nın növbəti illər üçün strategiyası ilə bağlı düşüncələrimiz fərqli oldu. Ona görə də yollarımızı ayırmaq variantını daha uyğun saydıq. Açığı, paralel olaraq daha irimiqyaslı digər layihələrlə də məşğul idim. "Şəfa"dakı işlərim çox olduğu üçün digər layihələrə çox vaxt ayıra bilmirdim. Vəziyyəti müzakirə etdik və bir-birimizə uğurlar arzuladıq. Aramızda heç bir problem olmayıb. İndiki rəhbər Kənan Sadıqlı da qohumumdur, xalam oğludur. Əzizimdir, can deyib can eşidirik. Futbol heç vaxt iki qardaşın arasına girə bilməz. Yəni münasibətimiz əvvəlki qədər yüksək səviyyədədir. "Şəfa"ya yenə azarkeşlik edirəm. Bundan sonra da klub üçün əlimdən gələni əsirgəməyəcəyəm. "Şəfa" çempion olacaq!"
Toğrul