“Azərbaycan Zəfər əldə etdikdən sonra İran bölgədə və beynəlxalq münasibətlər sistemində nüfuzumuzun artmasından ciddi şəkildə narahat olmağa başladı, hətta qarşımızda qırmızı xətlər çəkməyə çalışdı. Məhz elə bunun nəticəsidir ki, İran qanlı terror aktına əl atmaqdan belə çəkinmədi və İranın Azərbaycandakı səfirliyində terror aktı reallaşdırdı. Terror aktını törədən şəxsin cəzalandırılması İranın mərhəməti və yaxud da düzgün siyasəti nəticəsində deyil, məhz Azərbaycan Liderinin qətliyyəti nəticəsində mümkün oldu və bu şəxs ən ağır cəzaya məhkum edildi. Bu məsələdə də dövlət, xalq, cəmiyyət həmrəylik, qətiyyət, günahkarın cəzalandırılmasında prinsipial davrandı”.
Bu sözləri Pravda.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması, bölgədə Azərbaycanın nüfuzunun artması, habelə bu məsələlərdə Türkiyənin, Azərbaycanın sadəcə regionumuzda deyil, Yaxın Şərqdə nüfuz qazanması deməkdir ki, bu da İranı narahat edir: “Suriyaya qaz ixracı, ərəb dövlətləri ilə qurulan münasibətlər, Azərbaycanın düzgün müəyyənləşdirdiyi xəttin müsbət geri dönüşləri İran tərəfindən qısqanclıqla qarşılanır. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bildirib ki, regional aktorlarla münasibətlər prioritet təşkil edir. Zaman itirmək isə olmaz. Azərbaycan Zəfərdən dərhal sonra regional əməkdaşlığı təşviq etməyə başladı. Bu istiqamətdə ikitərəfli və çoxtərəfli kontekstdə görüşlərin keçirilməsində var gücü ilə çalışdı. Bölgədə yaranmış reallığın geriyə aparılması mümkün deyil, sülhün də əksi müharibədir. Azərbaycan bunu qəti istəmir, diplomatik kanalları hər zaman açıq saxlayır, praqmatik siyasət yürüdür. Praqmatizm həm də belə başa düşülməlidir ki, lazım gələndə də yumruğunun bərk olduğunu göstərməyi bilir. Uyğun məqamda düzgün qərarlar alır. Azərbaycan Prezidenti cənab İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı kifayət qədər aydın yanaşma ortaya qoyub. O yanaşma ondan ibarətdir ki, Zəngəzur dəhlizi hər bir halda açılacaq. Bunun adını hər necə interpretasiya etsələr də Zəngəzur nədir, kimindir, regional aktorlar da, beynəlxalq aktorlar da gözəl bilir. Bu dəhlizə maneə olan regional və beynəlxalq aktorlar olsa da baş tutacaq”.
Ş.Həsənova qeyd edib ki, bu istiqamətdə iş də gedir, texniki əsaslandırma da artıq var, siyasi iradə də mövcuddur: “Hətta bununla bağlı Ermənistan tərəfi də artıq işlərə başlayıb. Təbii ki, dəhlizin açılması adına kimin nə deməsindən asılı olmayaraq əlaqə, mübadilə, iqtisadi inkişaf, aktivlik deməkdir. Bu aktivlikdə kölgədə gizlənmək, gün işığına çıxmaqda qorxu göstərmək lazım deyil. Dəhlizin açılması böyük türk zəncirinin bərpası deməkdir, Naxçıvanla Azərbaycanın birbaşa quru əlaqəsinin bərpası deməkdir və təbii ki, burada İran həm siyasi baxımından, həm iqtisadi baxımından istər-istəməz itirir. Məsələlərin arealının genişləndirilməsinə yol verilmədən həllinə çalışmağı hər bir tərəf prioritet olaraq masa üzərində saxlamalıdır. Halbuki, İranın atdığı addımı sadəcə dəhlizin əleyhinə kimi xarakterizə etmək də düzgün deyil. İranın atdığı hər bir addım onun hikkəsində gizlidir, istənilən maraqlarına cavab verməyən addımlara qarşıdır. Bu istiqamətdə Azərbaycan çox aydın yanaşma ortaya qoydu ki, heç bir halda region ölkələri ilə qarşıdurmada deyil, tam əksinə əməkdaşlıqda maraqlıdır və regional layihələrdən hər bir tərəf fayda əldə edəcək, təbii ki, proseslərə praqmatik yanaşma olarsa… Düşünürəm ki, hər bir halda Azərbaycan Lideri, Azərbaycan dövləti və eyni zamanda dəhlizin açılmasında maraqlı olan tərəflər bu layihənin açılmasında qətiyyətlidir. Əgər güc nisbətini nəzərə alsaq, o qeyd olunmalıdır ki, tərəzinin, dəhlizin açılması ilə bağlı tərəfi daha ağır gəlir”.
Şəhanə Quliyeva