Prezident İlham Əliyevin martın 5-də Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirlər Azərbaycan dövlətinin qətiyyətli, prinsipial və kompromissiz mövqeyinin açıq bəyanıdır. Ölkə başçımızın çıxışı bir daha göstərdi ki, Azərbaycan öz suverenliyinə, dövlət sərhədlərinə və vətəndaşlarının təhlükəsizliyinə qarşı yönəlmiş istənilən təhdidi qəti şəkildə rədd edir və belə addımların qarşısını almaq üçün bütün imkanlarını səfərbər etmək iradəsinə malikdir. Azərbaycan dövləti heç vaxt təzyiq, hədə və təxribat dili ilə danışan qüvvələr qarşısında geri çəkilməyib və bundan sonra da çəkilməyəcək.
Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib
Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının ərazisinin İran tərəfindən pilotsuz uçuş aparatları ilə atəşə tutulması beynəlxalq hüququn kobud şəkildə pozulması və terror aktıdır:
“Hamımız yaxşı xatırlayırıq ki, molla rejiminin Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirməsi ilk dəfə deyil. Bir müddət əvvəl Azərbaycanın Tehrandakı səfirliyi də ağır terror aktına məruz qalmışdı. Diplomatik nümayəndəliyə silahlı hücum nəticəsində Azərbaycan vətəndaşlarına qarşı qanlı cinayət törədilmiş, bir nəfər həlak olmuş, bir nəfər isə ağır yaralanmışdı. Diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunması qəbul olunmuş beynəlxalq hüquq normaları ilə ev sahibi dövlətin birbaşa məsuliyyəti hesab olunur. Bu baxımdan, Azərbaycan səfirliyə qarşı baş vermiş terror aktı Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarının kobud şəkildə pozulması idi. Konvensiyaya görə, qəbul edən dövlət diplomatik nümayəndəliklərin toxunulmazlığını və təhlükəsizliyini təmin etməyə borcludur. Dövlətimizin başçısı da çıxışında bu məsələyə toxunaraq qeyd etdi ki, aydın məsələ idi ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdi. Məhz cənab Prezidentin təkidilə həmin terror aktını törədənə ən ağır cəza da verilmişdi. Möhtərəm Prezidentimiz çıxışında bəyan etd ki, bu dəfə də cavab eyni olacaq. Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq”.
Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsi və daha sonra həyata keçirilmiş birgünlük antiterror tədbirləri göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın istənilən tapşırığını yüksək peşəkarlıq, intizam və tam hazırlıqla yerinə yetirməyə qadirdir:
“Hər kəs yaxşı-yaxşı eşitsin ki, ölkəmizin təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə uzanan hər bir əl qətiyyətlə kəsiləcək. Azərbaycan dövləti heç vaxt öz təhlükəsizliyinə, xalqına və torpağına qarşı yönəlmiş təhdidlərə göz yummayıb və bundan sonra da yummayacaq. Ölkəmizin təhlükəsizliyi, xalqımızın sabit və təhlükəsiz həyatı bizim üçün “qırmızı xətdir” və bu xətləri pozanlar ağır nəticələrlə üzləşəcək. İran bu namərd addımı görə də adekvat cavabını alacaq. Ölkəmizin müvafiq tədbirlər görmək hüququ vardır və bu hüquq beynəlxalq hüquq prinsipləri ilə tam təmin olunur. Dövlət başçımız da çıxışında bildirdi ki, cavab tədbirlərinin hazırlanması və həyata keçirilməsi üçün Silahlı Qüvvələrimizə bütün lazımi təlimatlar verilib. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmri altında hər an qətiyyətlə hərəkət etməyə, milli maraqlarımızı və suverenliyimizi qorumağa hazırdır. Heç kəs şübhə etməsin ki, ölkəmizə qarşı yönəlmiş istənilən təxribat layiqli cavabını alacaq və dövlətimizin təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunacaq. Hə, bir də unutmasınlar ki, “dəmir yumruq” yerindədir və istənilə vaxt onların başını əzə bilər. Necə ki, şər qüvvələrin başını əzdiyi kimi”.
Parlamentari onu da söyləyib ki, molla rejiminin törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq və alçaqlıqdır: “Çünki Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasında baş verən faciəli hadisələrlə əlaqədar humanist mövqe ortaya qoydu, İranın ali rəhbəri Əli Xamenei və digər həlak olanlarla bağlı başsağlığı ünvanladı, İranın Azərbaycandakı səfirliyinə gedərək matəm kitabına ürək sözlərini yazdı. Hətta məlum hadisələrdən sonra cənab Prezidentdən başqa, heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Bunları görməzdən gəlmək, hadisələri yerə vurmaq, özlərini alçaq və nankor kimi aparmaq heç kəsə şərəf gətirmir. Bizə qarşı törədilmiş terror aktının arxasında duranlar peşman olacaqlar. İnutmasınlar ki, Azərbaycan dövləti öz təhlükəsizliyinə, suverenliyinə və xalqına qarşı yönəlmiş hər bir hücumu cavabsız qoymayacaq. Bu terror aktının məsuliyyəti birbaşa onu təşkil edənlərin üzərindədir və onlar layiqli nəticələrlə üzləşəcəklər”.