“Prezident İlham Əliyev İranın Naxçıvana qarşı həyata keçirdiyi dron hücumları ilə bağlı çıxışı kəskin və prinsipial mövqe nümayiş etdirib”.
Bu sözləri Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu olduqca təqdirəlayiq və problemə adekvat münasibətdir:
“Dövlət başçısı İranın hərəkətini “çirkincə, namərdcə və nakişi kimi zərbə” adlandıraraq, bunun qonşuluq münasibətlərinə və beynəlxalq hüquqa zidd olduğunu bəyan edib. Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilmədiyi və ölkəmizin baş verənlərin fövqündə olduğu halda bizə qarşı bu cür davranışı anlamaq çox çətindir”.
Siyasətçi vurğulayıb ki, bu nə qonşuluq, nə dostluq, nə də ölkəmizin nümayiş etdirdiyi bitərəf münasibətə uyğun gəlir:
“Ona görə də baş verən terror hadisəsi İranın molla rejiminin niyyətinin pis və çürük olduğunu göstərir. Ancaq gərək unutmasınlar ki, İranda 40 milyona yaxın azərbaycanlı yaşayır və rejimin bu addımı onların da müqaviməti ilə qarşılaşacaq”.
Partiya sədri qeyd ki, Prezident haqlı olaraq İrandan rəsmi izahat verilməsini və üzr istənilməsini tələb edib:
“Eyni zamanda, dövlətimizin başçısı Azərbaycanın Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığına gətirilməsi və cavab tədbirlərinin görülməsi barədə tapşırıq verib. Bu həm cəmiyyətə, həm də xarici tərəflərə ciddi bir mesajdır. Prezident İlham Əliyev bununla bir daha bəyan edib ki, Azərbaycanın suverenliyinə qarşı hər hansı təcavüz cavabsız qalmayacaq və onun qarşısı kəskinliklə alınacaq”.
Elmir Mustafa
