AZ

Politoloq: “Azərbaycan təhlükəsizlik məsələsində heç vaxt geri addım atmır”

"Baş verən hadisələr Azərbaycan dövlətinin təhlükəsizlik məsələlərində necə qətiyyətli mövqe sərgilədiyini bir daha nümayiş etdirdi. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu prosesdə ortaya qoyduğu mövqe güclü və prinsipial liderliyin bariz nümunəsidir".

Bunu Yeniazerbaycan.com-a açıqlamasında Politoloq Züriyə Qarayeva bildirib. Politoloq qeyd edib ki, Silahlı Qüvvələrin tam hazırlıq vəziyyətinə gətirilməsi, sərhədlərin bağlanması və dövlət təhlükəsizliyi ilə bağlı bütün zəruri addımların operativ şəkildə atılması Azərbaycan rəhbərliyinin milli maraqlar məsələsində heç bir tərəddüd göstərmədiyini sübut edir. Züriyə Qarayeva vurğulayıb ki, Prezident İlham Əliyev emosional reaksiyadan uzaq, soyuqqanlı və prinsipial dövlət iradəsi nümayiş etdirdi. Bu mövqe həm Azərbaycan cəmiyyətinə güvən verdi, həm də qarşı tərəfə açıq mesaj oldu ki, Azərbaycanla təzyiq dili ilə danışmaq mümkün deyil.

Politoloqun fikrincə, Prezident İlham Əliyevin liderliyi təkcə sərt qərarlarla deyil, həm də məsuliyyətli və humanist siyasi davranışla xarakterizə olunur. O bildirib ki, dövlət başçısı bir tərəfdən ölkənin təhlükəsizliyini təmin etmək üçün qəti addımlar atır, digər tərəfdən isə gərginliyin daha genişmiqyaslı fəsadlara səbəb olmaması üçün ölçülü və düşünülmüş siyasət yürüdür. “Güclü lider olmaq yalnız sərt bəyanatlar vermək demək deyil. Əsl liderlik gərgin anlarda dövlətin maraqlarını qorumaqla yanaşı sabitliyi də təmin etməkdir. Prezident İlham Əliyev bu hadisələrdə həm qətiyyətli komandan, həm də məsuliyyətli dövlət başçısı kimi çıxış etdi”, – deyə politoloq qeyd edib.

Züriyə Qarayeva baş verən proseslər fonunda İranın Azərbaycana münasibətinin isə haqlı olaraq ciddi narazılıq doğurduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan hər zaman regionda sabitliyin, əməkdaşlığın və qarşılıqlı hörmətin tərəfdarı olduğunu nümayiş etdirib. Buna baxmayaraq, qonşuluq münasibətlərinə və müsəlman həmrəyliyinə uyğun gəlməyən addımların atılması ciddi suallar yaradır. Politoloq vurğulayıb ki, İslam həmrəyliyindən danışan bir dövlətin başqa bir müsəlman ölkəsinə qarşı aqressiv mövqe sərgiləməsi siyasi riyakarlıq kimi qiymətləndirilir.

Onun sözlərinə görə, Azərbaycanın ən çətin məqamlarda belə humanist mövqe sərgiləməsi fonunda İranın bu cür davranışı cəmiyyətdə nankorluq kimi qəbul olunur. Politoloq hesab edir ki, İran anlamalıdır ki, bugünkü Azərbaycan artıq zəif və tərəddüd edən dövlət deyil. “Bu gün Azərbaycan güclü ordusu, siyasi iradəsi, geniş beynəlxalq əlaqələri və qətiyyətli lideri ilə regionun əsas söz sahibi olan dövlətlərindən biridir”, – deyə Züriyə Qarayeva bildirib.

Politoloq diqqətə çatdırıb ki, bu proseslər zamanı dünya liderlərinin Prezident İlham Əliyevə etdikləri telefon zəngləri və nümayiş etdirdikləri həmrəylik də xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu təmaslar təkcə diplomatik jest deyil, Azərbaycanın beynəlxalq nüfuzunun və dövlət başçısının siyasi çəkisinin göstəricisidir. Bu, eyni zamanda ölkəmizin haqlı mövqeyinin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir.

Züriyə Qarayeva xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin mövqeyini diqqətə çatdıraraq bildirib ki, bu ölkənin Azərbaycanla həmrəyliyini açıq şəkildə ifadə etməsi Bakının artıq daha geniş geosiyasi məkanda etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir. Politoloqun fikrincə, ərəb dünyasından gələn bu dəstək həm siyasi, həm də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir.

Politoloq sonda qeyd edib ki, baş verən hadisələr fonunda aydın bir mənzərə formalaşır: “Bir tərəfdə təxribat və aqressiv davranış nümayiş etdirən İran var, digər tərəfdə isə öz dövlətini və sərhədlərini qətiyyətlə qoruyan, eyni zamanda məsuliyyətli və humanist siyasət aparan Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan. Bu hadisələr bir daha göstərdi ki, Prezident İlham Əliyev ən mürəkkəb situasiyalarda belə dövlət ağlı ilə hərəkət edən və xalqına güvən verən güclü liderdir.”

Seçilən
31
1
yeniazerbaycan.com

2Mənbələr