AZ

“Sumqayıt”ın rəhbərliyi və maliyyə fəaliyyəti ciddi araşdırılmalıdı” - azarkeşlərin “səbr kasası daşdı”

“Sumqayıt”ın bu mövsüm yaradılmış fanklubu “Komando Sumqayıt” “Zirə” ilə kubok oyunundan sonra bəyanat yayıb.

Komandanın 2-ci dövrədəki uğursuzluqlarına biganə qalmayan azarkeş qrupu “instaqram” hesabında paylaşım edib. Fanklub klubda illərdi inkişaf olmamasını, əldə edilən qazancın hara xərcləndiyini sorğulayıb, nəticələrin Sumqayıt şəhərinin adına yaraşmadığını bildirib.

“Futbol+” həmin bəyanatı təqdim edir:

“Sumqayıt” Futbol Klubunun son illərdə düşdüyü vəziyyət artıq hamımızı ciddi şəkildə narahat edir. Bu klub böyük şəhəri təmsil edir, minlərlə insanın sevgisini və ümidini daşıyır. Lakin uzun müddətdi ki, meydanda gördüyümüz mənzərə nə bu şəhərə, nə də klubun adına yaraşır. İllərdi eyni rəhbərlik, eyni problemlər... Nəticə yoxdu, inkişaf görünmür, komanda gücləndirilmir və transfer siyasəti, demək olar ki, mövcud deyil. Bu qədər müddət ərzində dəyişməyən tək nüans uğursuzluqdu. Ən böyük sual isə hamının ağlındadı: bu klubun büdcəsi və ayrılan vəsait hara gedir? Sumqayıt kimi şəhərin komandası niyə illərdi ciddi transferlər edə bilmir? Niyə komanda hər mövsüm eyni problemlərlə üzləşir? Hesab edirik ki, “Sumqayıt”ın rəhbərliyi və klubun maliyyə fəaliyyəti ciddi araşdırılmalıdı. Klubun idarə olunması, büdcənin necə istifadə edilməsi və transfer siyasəti ilə bağlı ictimaiyyətə açıq və şəffaf məlumat verilməlidi. İllərdi nəticə yoxdusa, deməli, dəyişikliklər qaçılmazdı. Bu klub bir neçə nəfərin şəxsi layihəsi deyil, Sumqayıt şəhərinindi. Buna görə də hesab edirik ki, klubda idareetmə sistemi yenilənməli və Azərbaycan futbolunda komandaların açıq məşqi, şəffaf prezident seçkisi tədbiq olunmalıdı. Klubların taleyi qapalı şəkildə yox, açıq və məsuliyyətli şəkildə həll olunmalıdı. Sumqayıt şəhəri və komandası daha yaxşılara layiqdi. Bu klubun gələcəyi üçün artıq radikal dəyişikliklərin vaxtı çatıb”.

Göründüyü kimi, mövsümboyu komandanı dəstəkləyən sumqayıtlı azarkeşlərin “səbr kasası daşıb”. Belə ki, “Zirə” ilə oyundan sonra da “rəhbərlik, transfer”, “istefa” şüarları səsləndirildi.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
44
1
football-plus.az

2Mənbələr