ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Şahed” dronları artıq ABŞ üçün ciddi bir təhdidə çevrilib və Amerika hərbi bazalarına, səfirliklərinə, neft-qaz obyektlərinə zərbələr endirir. Bu ucuz, çoxsaylı və nisbətən dəqiq dronların hücumlarına qarşı durmaq ABŞ üçün çətin olaraq qalır. İş o yerə çatlb ki, ABŞ administrasiyası bu PUA-larla mübarizədə böyük təcrübəsi olan Ukraynaya üz tutmaq məcburiyyətində qalıb.
Bu arada qeyd edək ki, Naxçıvana atılan PUA-nın da “Şahed” olduğuna dair iddialar var idi. Lakin sonradan bunun başqa tip PUA olduğu bildirildi.
“AzPolitika” xəbər verir ki, “Forbes” nəşrinin bu mövzuyla balğı məqaləsində qeyd etdiyi kimi, “Şahed”-lər kifayət qədər uzun mənzilli və müəyyən bir binanı vuracaq qədər dəqiqliyə malikdir. Onları vurmaq asan olsa da, əsas problem onların sayının çox olması və buna görə HHM sistemlərinin resurslarını tükəndirməsidir.

"Yığılması və buraxılması üçün geniş infrastruktur tələb edən ballistik raketlərdən fərqli olaraq, bu dronlar adi qarajda yığıla və pikapın üstündən buraxıla bilər. İran, ehtimal ki, yeni “Şahed”lərin istehsalını və buraxılışını demək olar, sonsuza qədər davam etdirə bilər", - nəşr qeyd edir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin "Patriot" və "Standard" kimi milyonlarla dollarlıq raketləri hava hücumlarına qarşı təsirli olsa da, onların sayı azdır. Əksər dronlar vurulur, lakin bəziləri keçir və zərər verir.
Raketlərdən fərqli olaraq, dron istehsalı geniş avadanlıqlara malik böyük bir müəssisə tələb etmir. "Şahed" adətən Almaniyanın "Limbach L550E"-nin digər mühəndislik versiyası olan İranın "Mado MD-550" mühərrikindən istifadə edir. Bununla belə, oxşar güc çıxışına malik istənilən mühərrik bu dron üçün uyğundur.

Döyüş başlıqları da problem deyil. Ukraynada müxtəlif döyüş başlıqlarına malik Rusiyanın "Şahed" PUA-ları aşkar edilib, bəziləri digər sursatlardan götürülüb və ya onlar üçün uyğunlaşdırılıb.
Onların istehsalı üçün yeganə real problem elektronikadır. Hansısa qarajda mürəkkəb, davamlı peyk naviqasiya sistemi yaratmaq mümkün deyil. Təəssüf ki, İran və Rusiya həmişə bu komponentləri ya qaçaqmalçılıq, ya da üçüncü tərəfin tədarükü yolu ilə başqa yerlərdən əldə ediblər. Yeri gəlmişkən, bu işdə də Ermənistanın böyük “xidmətləri” olub.
Məsələn, Kiprdə vurulan “Şahed” dronlarından birində İrlandiya şirkətinin antenna modulları olan peyk naviqasiya sistemi aşkar edilib - bu dizayn Ukraynada da tapılıb.
Analitiklərin sözlərinə görə, İran lazımi elektronikanın böyük ehtiyatlarını toplayıb və əlavə təchizat qaçaqmalçılıq yolu ilə gətirilə bilər. İranın bu komponentləri istehsal edən müəssisəsi yoxdur. Ona görə də bombalanacaq bir şey də yoxdur.
İş o yerə çatıb ki, ballistik raketlərin dayandırılması daha asan olub, nəinki PUA-ları. Məsələn, İsrail ordusu artıq təxminən 400 İran buraxılış qurğusunu məhv etdiyini iddia edir. Lakin “Şahed” dronlarının buraxılması üçün xüsusi buraxılış qurğuları tələb olunmur; onlar adətən birdəfəlik raket gücləndiricisi ilə buraxılır və birdən çox buraxılış qurğusu ilə təchiz olunmuş gəmi konteynerlərinə bənzər konteynerlərdə daşına bilir.
Beləliklə, davamlı dron hücumları ABŞ-yə və müttəfiqlərinə davamlı ziyan vuracaq. “Şahed” dronlarının və digər dronların davamlı axını ABŞ-nin məhdud zenit raket ehtiyatını tükəndirə bilər. İran rejimi də buna ümid edir.
Ümid yalnız Ukraynaya qalır. Ukrayna Rusiyanın “Şahed” dronlarının dalğalarını məhv etmək üçün çoxsaylı ucuz dronlardan istifadə etməyə keçib. Lakin ABŞ hazırda belə imkanlara malik deyil. Odur ki, bu gün Vaşinqtonun Kiyevə - “dəmir qapının taxta qapıya” işi düşüb… Bundan sonra nə baş verəcəyi isə açıq sual olaraq qalır.
C.Məmmədli
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.