Bakı, 6 mart, AZƏRTAC
Ay humusu (noxud püresi) ideyası çox ağlasığmaz görünsə də, alimlər bu sahədə tədqiqata başlayıblar. Yerdənkənar əkinçilik sahəsini inkişaf etdirmək üçün çalışan bir qrup tədqiqatçı simulyasiya edilmiş Ay süxurları qarışıq torpağında noxud yetişdirir. AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu, uzunmüddətli Ay missiyalarında olacaq astronavtların öz qidalarını istehsal etmələrinə imkan yaratmaq üçün atılan addımdır. Tədqiqatçılar biçilə bilən noxudların yarım əsrdən çox əvvəl NASA-nın “Apollon” missiyaları zamanı əldə edilən Ay süxuru nümunələrindən ibarət torpaq qarışıqlarında yetişdirildiyini bildiriblər.
“Myles” adlı noxud növü Texas Universitetində iqlim nəzarətli böyümə kamerasında yetişdirilib. Toxumlar faydalı göbələklərlə örtülüb və Floridada yerləşən “Space Resource Technologies” şirkəti tərəfindən hazırlanmış simulyasiya edilmiş Ay torpağı ilə torpaq qurdlarının üzvi tullantıları parçalaması zamanı əmələ gələn qida maddələri ilə zəngin “vermikompost” adlı maddənin qarışığına əkilib.
Yığıla bilən noxudlar 75%-ə qədər Ay simulyasiyasından ibarət torpaq qarışıqlarında böyüyüb. Simulyasiya edilmiş Ay torpağının (“reqolit” kimi tanınır) faizi artdıqca, yığıla bilən noxudların sayı azalıb, baxmayaraq ki, noxudun ölçüsü sabit qalıb. Belə ki, 100% Ay simulyasiyasında əkilmiş toxumlar çiçək və toxum verməyib və erkən ölüb.
ABŞ və Çinin yaxın illərdə astronavtları Ay səthinə göndərmək planları var və onlar Yerin təbii peykində uzunmüddətli bazalar qurmaq istəyirlər.
“Noxud zülal və digər vacib qida maddələri ilə zəngindir, bu da onları kosmik məhsul istehsalı üçün faydalı edir”, - deyə Texas Universitetinin Torpaq və bitki elmləri kafedrasının doktorantura namizədi və NASA-nın əməkdaşı Cessika Atkin cümə axşamı “Scientific Reports” jurnalında dərc olunmuş məqaləsində bildirib.
Yerli qida mənbəyi Ay bazalarında çalışan insanların təminatı üçün vacib hesab olunur, çünki Yerdən bütün lazımi qidaları daşımaq sərfəli deyil.
Texas Universitetinin Geofizika İnstitutunun tədqiqatçısı Sara Oliveyra Santos bildirib: “Ayda və ya Marsda bir varlıq yaratmaq məqsədinə çatmaq üçün Yerin təbii peykində qida yetişdirməyi öyrənməliyik, çünki kosmik gəmilərdə qida göndərmək davamlı olmayacaq. Bunun səbəbi kosmosa əşyaların göndərilməsinin hələ də olduqca baha başa gəlməsidir. Buna görə də artıq çəki də vacib amildir, həmçinin astronavtların Ayda sağ qalması təchizatın vaxtında göndərilməsindən asılı ola bilməz”.
Alimlər qeyd edirlər ki, Ay torpağı milyardlarla il ərzində meteorit zərbələri nəticəsində əmələ gələn əzilmiş qaya və tozdan ibarətdir. O, bitkilərin böyüməsi üçün vacib qida maddələri və mineralları ehtiva etsə də, Yer torpağından fərqli olaraq, qeyri-üzvi və yaşayış üçün yararsızdır.
Cessika Atkin bildirib: “Əvvəlki tədqiqatlar göstərir ki, bitkilər orijinal Ay nümunələrində və ya reqolit simulyantlarında cücərə, çox vaxt kompost və ya digər üzvi maddələr əlavə etməklə böyüyə bilər. Bu tədqiqatda mikroorqanizmlərə diqqət yetirdik. Yalnız üzvi material əlavə etmək əvəzinə, bitki-mikrob tərəfdaşlığının reqolitin vəziyyətinə kömək edəcəyini, strukturu yaxşılaşdıra və bitki stresini azalda biləcəyini sınaqdan keçirdik”.