AZ

Yanlış strategiyanın bədəlini İran dövləti və xalqı ödəyəcək - Şərh

“Çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. İstənilən bəd qüvvə onlara qarşı bizim “Dəmir yumruğ”umuzu görəcək!”

 Azərbaycanın Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev bu fikirləri martın 5-də İranın Naxçıvana qarşı terror akti ilə Təhlükəsizlik Şurasının iclasında  təsadüfən deməyib. Çünki İran ərazisindən Naxçıvan istiqamətində həyata keçirilən dron hücumu təkcə hərbi və ya siyasi təxribat deyil. Bu, eyni zamanda açıq şəkildə beynəlxalq hüquqa, regional sabitliyə və ən əsası insanlıq prinsiplərinə qarşı yönəlmiş təhlükəli addımdır.

 Bunu Azreform.info -a açıqlamasında deputat Tahir Mirkişili deyib.

Deputat bildirib ki, mülki infrastrukturu, xüsusən də hava limanını, məktəbi və dinc insanların istifadə etdiyi obyektləri hədəfə almaq heç bir halda izah edilə bilməz. “Bu, müharibə qaydalarına belə sığmayan bir davranışdır və açıq şəkildə terror aktı kimi qiymətləndirilməlidir”, - o vurğulayıb.

O əlavə edib ki, Azərbaycan isə tarix boyu fərqli mövqe nümayiş etdirib: “Bakı hər zaman regionda sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarı olub. Azərbaycan ərazisi heç vaxt üçüncü dövlətlərə qarşı istifadə olunmayıb və rəsmi Bakı bu prinsipə bu gün də sadiqdir.
Lakin görünür ki, Tehrandakı bəzi dairələr üçün qonşuluq, hörmət və əməkdaşlıq kimi anlayışlar artıq siyasi dəyər daşımır.

Ən acı məqam isə ondan ibarətdir ki, Azərbaycan ən çətin məqamlarda belə humanist mövqeyini nümayiş etdirib. İrana qarşı beynəlxalq təzyiqlərin artdığı, regionda gərginliyin yüksəldiyi dövrlərdə belə Bakı düşmənçilik dili seçməyib.
Əksinə, humanitar jestlər edib, diplomatik kanalları açıq saxlayıb və qarşılıqlı münasibətlərin pozulmaması üçün səbr nümayiş etdirib.
Bu jestlərin qarşılığında isə Naxçıvana endirilən zərbə açıq nankorluq və siyasi riyakarlıq kimi qiymətləndirilir”.

Deputat bildirib ki, bu gün İranın regionda atdığı addımlar bir çox analitiklər tərəfindən “batıramsa hamını batırım” strategiyası kimi xarakterizə edilir:
“Daxili və xarici təzyiqlər altında qalan Tehran, görünür, problemlərdən çıxış yolu kimi gərginlik yaratmağı seçir. Lakin tarix göstərir ki, bu cür siyasət heç bir dövləti xilas etməyib.
Əksinə, bu yol dövlətləri daha böyük siyasi və geosiyasi uçuruma aparır.
İranın bu gün regionda sərgilədiyi aqressiv davranışlar da məhz belə təhlükəli ssenarinin əlamətlərini xatırladır.

Azərbaycan isə öz mövqeyini açıq şəkildə bəyan edib:
ölkənin suverenliyi, ərazi bütövlüyü və vətəndaşlarının təhlükəsizliyi qırmızı xətdir.
Azərbaycan Respublikası beynəlxalq hüquq çərçivəsində özünü müdafiə etmək və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımları atmaq hüququna malikdir.

44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan dövlətinin səbrinin də, gücünün də sərhədi var. O sərhəd keçildiyi anda isə tarixə düşən “Dəmir yumruq” ortaya çıxır.
İran bu gün çətin siyasi və iqtisadi vəziyyətdədir. Belə bir dövrdə ən azı qonşuları ilə normal münasibətlər qurmaq onun üçün həyati əhəmiyyət daşımalıdır.
Lakin əvəzində təxribat və hücum yolu seçilməsi strateji baxımdan son dərəcə səhv qərardır.
Çünki belə siyasətin ağır bədəlini təkcə region deyil, ilk növbədə İran dövləti və İran xalqı ödəyəcək.

Naxçıvana endirilən zərbə sadəcə bir hərbi hadisə deyil. Bu, həm də Tehranın region siyasətində nə qədər təhlükəli və düşünülməmiş addımlar ata bildiyini göstərən ciddi siqnaldır.
Və tarix çox vaxt belə siqnalların böyük böhranların başlanğıcı olduğunu göstərib”.

 Mürtəza

Seçilən
94
3
azreform.info

4Mənbələr