ABŞ və onun NATO müttəfiqləri İran ordusunun xidmətində olan S-300 hava hücumundan müdafiə sistemlərinə qarşı durmağın yollarını uzun illər araşdırıblar.
Herbiand.az bildirir ki, bu barədə Military Watch Magazine (MWM) nəşri məlumat verib.
Məqalədə qeyd edilib ki, Varşava Paktının dağılmasından sonra ABŞ və NATO ölkələri S-300 sistemlərinin ilkin versiyalarına çıxış əldə ediblər. Bu sistemlər sonradan alyansa qoşulan bir neçə Şərqi Avropa dövlətində əvvəllər xidmətdə olub.
Xüsusilə, bu sistemlərin çox hissəsi Ukraynada qalıb və öyrənilməsi üçün bir neçə nümunəsi amerikalılara verilib. Lakin bunlar 1990-cı illərdə xidmətə daxil olan S-300PM versiyasından daha aşağı imkanlara malik olan köhnə modifikasiyalar idi.
Qısa müddət sonra NATO ölkələri sistemin daha müasir versiyalarına çıxış əldə etdilər. Kipr S-300PMU1 sistemlərini aldıqdan sonra Yunanıstanda yerləşdirildi. Yunanıstan ordusu müttəfiqlərinə, eləcə də İsrailə bu sistemlərə hücumları simulyasiya edən təlimlər keçirməyə icazə verdi. Bu təlimlər vasitəsilə mütəxəssislər radarları öyrənə və hava hücumundan müdafiə sistemlərinə nüfuz etmək taktikalarını tətbiq edə bildilər.
Nəşrin məlumatına görə, İran daha müasir sistemlərdən istifadə edir. Bu, S-300PMU2 sistemidir. Buna görə də, ABŞ bu sistemlərin yeni versiyaları haqqında daha çox məlumat əldə etmək üçün əlavə kəşfiyyat əməliyyatları aparıb.
Bəxtiyar CƏFƏRLİ