AZ

İsrail kinorejissorunun antimüharibə filmi Kinoseans

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Nə vaxtsa baxdığımız bir kino nümunəsinin fərqli şərhi, peşəkar səviyyədə şərhi... Hələ baxmadığımız filmin maraq oyadan, bu ekran əsərini seyr etməyə həvəsləndirən təqdimatı... Azərbaycan tamaşaçısını dünya kinosuna bir qədər də yaxınlaşdırmaq, dəyərli filmlər barədə məlumatlandırmaq...   

"525-ci qəzet"də hər həftə dərc olunması nəzərdə tutulan bu yazılar məhz belə vacib məramlara xidmət edir.

Kinorejissor Samuel Maozun "Livan" (2009) bədii filmi 66-cı Venesiya festivalında "Qızıl şir" mükafatına layiq görülmüş ilk İsrail filmidir. İsrail, Fransa, Almaniya və Livanın birgə istehsalı olan "Livan" nədən bəhs edir?

Hadisələr 1982-ci ilin Livanında baş verir. Qəhrəmanlar İsrail tankının ekipajıdır və onların məqsədi Livan ərazisini Suriya hərbçilərindən, fələstinli döyüşçülərdən təmizləməkdir. Əməliyyat zamanı döyüşçülərlə yanaşı, dinc əhalinin də ölümü ekipaj üzvləri arasında gərginliyə səbəb olur. Gənc ekipaj üzvü olan gənclərdən biri gördüklərindən dəhşətə gəlir və ona əmr olunan nöqtələri vurmaqda çətinlik çəkir, bəzən isə stresdən qeyri-müəyyən nöqtələri hədəf alır...

"Livan" müasir kinoda müharibənin görünməyən tərəflərini göstərə bilən, emosiyaları gərən, yaddaşda qalan ekran əsərlərindəndir.

Məlumat üçün deyək ki, 1982-ci ildə İsrail Livan ərazisində yerləşən Fələstin Azadlıq Təşkilatının bazalarını məhv etmək üçün hərbi əməliyyata başlayır. Rejissor Samuel Maoz özü də bu əməliyyatda iştirak edib və film onun xatirələrinə əsaslanır.

Film, demək olar ki, ancaq tankın kabinəsində çəkilib və çöldəki hadisələr tankın nişangahından görünür. Amma əsas motiv tank heyətinin psixoloji narahatlığı, seçim qarşısında qalmaları, vicdanlarıyla üzləşməsidir.

Müəllif aktyorlara müharibə vaxtı tankdakı atmosferi yaşatmaq məqsədilə onların hər birini 2 saat refrijatorda (soyuducu maşında mayenin buxarlandığı və aşağı temperaturun əmələ gəldiyi hissə, buxarlandırıcı) saxlayıb. Bununla o, aktyorların tankın kabinəsində klaustrofobiyanı daha dərindən hiss edəcəklərini düşünüb: "Aktyorlar çölə çıxandan sonra artıq bildim ki, onlara nəyisə izah etməyə ehtiyac yoxdur".

Çəkiliş meydanında qurulan tankın maketi əsl tankdan böyük olub. Çünki tanka çəkiliş qrupu da yerləşməliydi.

Rejissor filmə görə aldığı mükafat barədə belə deyir: "Bu mükafatı dünyanın müxtəlif yerlərində mənim kimi müharibədən sağ qayıdanlara həsr edirəm. İlk baxışdan elə görünür ki, bizim üçün hər şey qaydasındadır:  işləyirik, ailə qururuq, dünyaya uşaq gətiririk. Lakin daxilimizdə baş verənləri heç vaxt unutmuruq.

Bu film mənim şəxsi hekayəmdir - mən özüm təsvir edilən hadisələrin bilavasitə iştirakçısı - qəhrəmanlardan biri kimi tankda nişançı olmuşam. Filmi çəkərkən yaşadıqlarımı hər hansı qəhrəmanlıq ştamplarına salmadan, bir daha dərk etmək istəmişəm. Özümə sual verirəm ki, tamaşaçının ağlıyla yox, qəlbiylə, daha çox fiziki səviyyədə hiss edəcəyi əhvalat danışa biləcəyəmmi? Məqsədimə çatmaq üçün əhvalatın emosional tərəfini gücləndirməliydim, ona görə qəhrəmanları tankın dar kabinəsinə yerləşdirdim ki, tamaşaçı məhz oradan əsgərlərin gördüyünü görsünlər, o hissləri onlarla bərabər yaşasınlar. Ona görə filmin 30 faizi dialoqdan ibarətdir, çünki ekstremal vəziyyətlərdə sözlər artıq yükə çevrilir, bu halda vacib olan vücudun dilidir".

"Livan" siyasi məzmunu səbəbindən İsraildə birmənalı qarşılanmayıb. Bununla belə, film İsrail Kino Akademiyasının "Ofir" mükafatına 10 nominasiyada namizəd olub və "Ən yaxşı rəssam işi", "Ən yaxşı operator işi", "Ən yaxşı səs" və "Ən yaxşı ikinci plan kişi rolu"na görə mükafatlar qazanıb. Kinotənqidçilərin bir çoxu "Livan"ı cəsarətli antimüharibə filmi adlandırırlar.

Sevda SULTANOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
116
525.az

1Mənbələr