AZ

Söyüş üstündətanışını bıçaqlayan şəxs amnistiyaya düşdü

Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Əhməd Bədəlovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, Abşeron Rayon Məhkəməsinin hökmü təqsirləndirilən şəxsə cəza təyin edilməsi hissəsində dəyişdirilib, 2 il 2 ay 11 gün müddətinə azadlıqdan məhrumetmə cəzası “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi Milli Məclisin qərarının 3, 3.1, 5.2, 5.2.3, 5.3-cü bəndlərinə əsasən 6 ay azaldılıb və həmin tarixə onun çəkilməmiş cəzası 1 il 8 ay 11 gün müəyyən edilib.

 

İttihama görə, hadisə 01 oktyabr 2024-cü il tarixdə, saat 17:00 radələrində Abşeron rayonu ərazisində, Xırdalan şəhəri, H.Əliyev prospekti, Xırdalan dairəsinin yaxınlığında yerləşən “Göytəpə” adlı servisin qarşısında baş verib.

 

Belə ki, hadisə təqsirləndirilən şəxslə zərərçəkmiş Layiq Quliyevin (adı, soyadı şərtidir) arasında baş verib. Mübahisəyə səbəb kimi zərərçəkmişin qohumu 2024-cü ilin sentyabr ayında Əhməd Bədəlovun ünvanına nalayiq ifadələr işlətməsi göstərilib. Təqsirləndirilən şəxs həmin məsələni bəhanə edərək Layiqlə ictimai yerdə mübahisə yaradıb.

 

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Əhməd heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib. Daha sonra təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bıçaqla Layiqə sol bud nahiyəsindən qəsdən bir dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsə sol bud-çanaq oynağı nahiyəsinin deşilmiş-kəsilmiş yarası yetirilib. Ekspertiza rəyi ilə həmin xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər kimi qiymətləndirilib.

 

Onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə edilən əşya tətbiq edilməklə xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

 

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Əhməd Bədəlov 2 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.

 

Kamal Məmmədov

 

 

 

 

 

 

Tarix: 6 Mart 2026, 10:53   
Seçilən
135
pravda.az

1Mənbələr