AZ

MÜHARİBƏNİ KİM İSTƏYİR? Yazıçılar arasında SORĞU

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Hazırda dünyada müharibələr, qarşıdurmalar davam edir və bu, həm siyasi, həm də humanitar böhranlar yaradır. Əksəriyyət tərəfindən qəbul edilmiş bir fikir var ki, yazıçılar və intellektuallar hər zaman sülhü təbliğ etməli, müharibəni romantizə etməməlidirlər. Tarixi və müasir nümunələr göstərir ki, yaradıcı insanların baxışları bəzən ictimai əhval-ruhiyyəyə təsir edə bilir. Bəs, yaradıcı adamlar müharibə istəyir, yoxsa sülh?

“Azpolitika” mövzu ilə bağlı qələm əhli arasında sorğu keçirib. Cavabları təqdim edirik.

Yazıçı Fəxri Uğurlu: “Yaradıcı adam heç vaxt müharibə istəməməlidir, ancaq onların arasında savaş təbliğatı aparanlar da olub. Xüsusən də filosoflar içində beləsi çox olub. Bəziləri də müharibə mövzusuna pessimist nəzərlə baxıb, yəni istədik-istəmədik, savaş həmişə olacaq, bu, dünyanın, həyatın təbii halıdır. Əbədi sülhü əsaslandıran ən böyük filosof kimi Kantın adını çəkə bilərəm”.

Yazıçı Eluca Atalı: “İlk öncə deməliyik ki, yaradıcılığın növləri müxtəlifdir: texnika yaradanlar və insan mənəviyyatını qidalandıran əsərləri yaradanlar. Silah yaratmaq da bir istedaddır, amma pis niyyətə hesablanmış yaradıcılıqdır. Onun əksinə olaraq şair, bəstəkar, rəssam, yazıçı əsəri olan yaradıcılıq məhsulları ruhla bağlıdır.

Ruh və dağıtmağa xidmət edən yaradıcılıq növlər inkaredilməzdir və bəşər yaranandan ayrı-ayrı qütblərdə dursalar da hər ikisi eyni dünyada mövcuddur. Biz daim istəyirik ruhla bağlı yaradıcılıq üstün gəlsin, çünki o sülhün və insanlığın xidmətindədir. Bu vaxta qədər savaş haqda oxuduğum əsərlərdə – M.Ramarkın ”Qərb cəbhəsində qələbə yoxdur”, E.Heminqueynin ”Əlvida silah”, ”Əcəl zəngi”, Maqda Eggesin ”Mənim gözlərim nə gördü?”, Hearter Mores ”Auşvits döyməçisi”, Herta Müllerin ”Nəfəs yellənciyi” və s. bu kimi savaşla bağlı oxuduğumuz yüzlərlə əsər bizə gördüyümüz və görmədiyimiz savaşlara nifrət yağdırır. Müharibədə insan amili arxa plana keçir, əsas qələbədir! – şüarı qeyri-insanidir. Gerçəyə baxsan, müasir savaşları silah mafiyası idarə edib, silahın satılması üçün bir vasitədir. Məqsəd gizlədilir. Heç də hər şey üzdə göründüyü kimi deyil, kütləyə verilən informasiya ilə savaşın içində gizlənən məkr ayrı-ayrı məna daşıyır. Bunu görmək üçün gerçək göz bəs etmir, gərək mahiyyəti dərk edəsən. Bu vaxta qədər dünyada yalnız bir yazıçı savaşı müsbət dəyərləndirib, o da Dostoyevskidir. Onun fikrincə savaşdan sonra dünyada yenilənmə başlayır. Amma mən deyirəm, o hansı yenilənmədir ki, savaş bitdikdən sonra dünya yeni bir savaşa hamilə olur? Bəşər, insanilik – müdriklik dövrünü yaşamalıdır”.

Yazıçı Alpay Azər: “Mən daha müharibə istəmirəm. Vətən müharibəsi zamanı sosial şəbəkələrdə yazdığım status və ya şərhlərlə istər-istəməz müharibə tərəfdarı olmuşam, çünki o müharibə işğal olunmuş torpaqların azad olunması uğrundaydı. İndi isə nə regional, nə də dünya müharibəsi olmasın. İrana qarşı aparılan müharibədən çox narahatam. Katastrofik humanitar fəlakətlərdən narahatam, istəmirəm, İran xalqı bu müharibədən əziyyət çəksin”.

Yazıçı, şair Cəlil Cavanşir: “Başqalarını bilmirəm, mən ağlım kəsəndən sülh istəyirəm. Bütün müharibələr mənə boş və mənasız gəlir. Sevimli şairim Salam Sarvanın çox sevdiyim, az qala hər məclisdə oxuduğum bir şeiri var: "Qocalar üçün tarix dərsi". Müharibədən söz düşəndə Salamın bu misralarını mütləq xatırlayıram:

Bəs oğlum Tural hanı... Qazılıq dağındadı, gün gələr enər ordan Qazilik dağın tutar. Savaşların mənası: bu qəsbkar vətənlər öz oğlun basdırmağa özgə torpağın tutar. Və tutar bulaq gözün tutulmuş torpağ haqqı.

Oğuz Ayvaz 

"AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
131
azpolitika.info

1Mənbələr