Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Arzuman Əkbərov, onunla eyni maddə ilə ittiham edilən övladları – Razim Əkbərov və Nazim Əkbərovun (hər üçünün adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Abşeron Rayon Məhkəməsinin hökmü dəyişdirilib. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi ilə bağlı Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 2.6-cı bəndinə əsasən təqsirləndirilən şəxslərə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad olunublar.
İttihama görə, hadisə 2024-cü il tarixdə, saat 20:30 radələrində Abşeron rayonu ərazisində, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Nazlı Petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında baş verib.
Belə ki, Arzuman Əkbərov oğlanları – Razim Əkbərov və Nazim Əkbərovla qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib. Mübahisəyə səbəb bacısı oğlu olan zərərçəkmiş Mahal Hacıyevin (adı, soyadı şərtidir) Nazim arasında birgə qızıl zinət əşyasının hazırlanması zamanı qızılın çəkisinin əskik olması ilə bağlı qarşılıqlı ittihamlar olub. Zərərçəkmiş şəxs qızılın çəkisi ilə bağlı Nazimə şər və böhtan atıb və bu səbəbdən tərəflər arasında münaqişə yaranıb.
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, tərəflər arasında yaranmış mübahisə zamanı təqsirləndirilən şəxslər heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıq hörmətsizlik nümayiş etdiriblər. Sonra Nazim yumruq zərbəsi ilə Mahalın sifət nahiyəsinə vuraraq onu yerə yıxıb. Nəticədə zərərçəkmiş şəxsə burun sümüyünün qapalı, yerdəyişməyən sınığı, burun nahiyəsinin qançırı, üst çənədə körpü vasitəsilə birləşdirilmiş süni dişlərin qoparaq ayrılması, diş ətinə qansızma, sol yanağın selikli qişasının səthi əzilmiş yarası, eləcə də sol almacıq-yanaq nahiyəsində iri ölçülü qançır-şişkinlik kimi xəsarətlər yetirilib. Ekspertiza rəyi ilə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər kimi qiymətləndirilib.
Bundan əlavə, Mahala başın sol gicgah nahiyəsində qançır-şişkinlik, alın nahiyəsində qançır və sol gözün bayır kənarında sıyrıqlar kimi sağlamlığa zərər vurmayan xəsarətlər də yetirilib. O, yerdə olduğu halda Nazim tərəfindən bədəninə təpik zərbələri endirilib və nəticədə sol bazu nahiyəsində sıyrıqlar əmələ gəlib.
Razim isə hadisə yerindən götürdüyü mişar daşı ilə Mahala məxsus, hadisə yerinə gəldiyi “Nissan Maxima” markalı avtomobilin arxa şüşəsini və salonunda olan monitorunu sındıraraq yararsız hala salıb. Eyni zamanda Nazim avtomobilin qabaq alın şüşəsini və qapılarını təpiklə vuraraq zədələyib. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 2500 manat məbləğində maddi ziyan vurulub.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə hər biri 1 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdi.
Kamal Məmmədov