AZ

Həyatı özünə işlədən adam

Çarlz Dikkensin “Devid Kopperfild” romanı haqqında

Əvvəli ötən sayımızda

Devid çarə tapmaq üçün vurnuxanda Doranın atasının qəfil ölümüylə çözüm fələkdən gəlir. Tezliklə üzə çıxır ki, mister Spenlounun da işləri bərbad imiş: ev-eşik əldən gedir, Dora bibilərinin yanına köçür, sosial statusu baxımından Devidə tay olur. Bundan sonra onların qovuşmağına psixoloji əngəl qalmır, ancaq Devid görür ki, doğmaları Doraya hələ də oyuncaq kimi baxırlar, heç qız özü də bu münasibətdən pəjmürdə deyil. Betsi nənəylə Doranın qohumları asanlıqla dil tapırlar. Həddi-büluğa çatanda cavanlar evlənirlər. Ancaq bu xoşbəxtlik uzun sürmür, iki ildən sonra Dora heç böyümədən, yetişmədən dünyadan köçür...

Bu aralar mister Peqqoti Emlini tapır. İndi onun bir yolu qalıb: qızı da götürüb Avstraliyaya köçmək. Çünki orada heç kimin Emlinin keçmişindən xəbəri olmayacaq, qız ömrünü sıfırlayıb yeni həyata başlaya biləcək.

Qəlbitəmiz, həyatsevər Mister Mikober isə Uriya Hipin fırıldaqlarına alət olmaqdan bezib, vicdanı artıq onu rahat buraxmır, odur ki, Tredlsin köməyilə əfi ilanı ifşa eləyir. Mister Uikfildin adının üstündən ləkə silinir, Betsi nənənin də, qalan müştərilərin də sərvəti özlərinə qaytarılır, buna görə həm miss Trotvud, həm Devid mister Mikoberi mükafatlandırır.

Mikober ailəsi də Avstraliyaya köçməyi qərara alır, onlar da həyata sıfırdan başlamaq istəyirlər. Mister Uikfild firmasını ləğv eləyib sakitliyə çəkilir. Aqnes qız məktəbi açır.

***

Avstraliyaya üzən gəminin tərpəndiyi ərəfədə Yarmut sahillərində güclü fırtına qopur, dəniz Stirfordla Hemi batırır. Emlini bədbəxt eləyən adamla Emlinin bədbəxt elədiyi adam - zalımla məzlum əcəl şərbətini bir qabdan içir. Bu da, əlbəttə, rəmzi mahiyyət daşıyır, çünki zalım məzluma, məzlum da zalıma qırılmaz tellərlə bağlıdır, onlar qarşılıqlı surətdə bir-birini yaradır, sonra da öldürürlər. Onların mayası da bir torpaqdan götürülüb, əcəli də bir yerdən gəlir.

Onlar bir ortaq ölümün əlində can verirlər, bir ortaq ölümlə ölürlər. Onlar eyni həqiqətin bir-biriylə fasiləsiz əməkdaşlıq eləyən, bir-birində aramsız əks olunan, durmadan bir-birinə çevrilən bir cüt əkiz qütbünün simvoludur - biri yoxa çıxanda o birini də özüylə dartıb aparır. Ruh bədəndən qovulandan sonra aclıqdan, ya toxluqdan ölməyin nə fərqi var?..

Doranın ölümündən çox keçməmiş Devid uzun səfərə çıxır, dərdini azdırmaq üçün ölkələri, qitələri üç il sərgərdan dolanır. Jurnalistikadan ədəbiyyata adlayan Devid Kopperfild yazıçı kimi böyük şöhrət qazanır. Səfərini başa vurandan sonra Aqneslə evlənir, hər ikisi gec də olsa anlayır ki, onlar elə bir-birindən ötrü yaranıblar, indiyəcən bir-birini seviblər.

Vəfalı Peqqoti indi də Devidin uşaqlarına dayəlik eləyir. Betsi nənə axır ki, çoxdankı diləyinə çatır - Betsi Trotvud Kopperfild adlandırdığı qız nəvəsinin, daha doğrusu, nəticəsinin xaç anası olur.

Tredls də ailəsiylə məsud yaşayır. Mühacirlər Avstraliyada özlərinə yeni həyat qurublar - əlbəttə, bu əsərdə Avstraliya yalnız qitə adı deyil, pak arzuların, saf xəyalların vətənidir, günahlardan arınan, ya da ən azı arınmağa çalışan məsum ruhlara vəd olunmuş yaşıl cənnətdir.

Uriya Hip türmədədir - o da öz xislətinin cəhənnəmində nəfsinə zəncirlənib, vücudunun təkadamlıq kamerasında ömürlük əzaba məhkum olunub.

Beləcə, gözəlim həyat hər kəsi, hər nəsnəni öz yerinə oturdur...

Dikkensin optimizmi çox adama sadəlövh görünə bilər, ancaq mən bu optimizmə inanıram, bir şərtlə ki, Devid kimi həmişə ürəyin səsini dinşəyib qəlbin göstərdiyi səmtə dartınasan, ümidin ətəyindən əlini üzməyəsən. Çünki ürək nə bilirsə, düz bilir, nə eləyirsə, haqq eləyir, yiyəsini heç bir zaman yanıltmır. Ümid də ki, qəlbin bələdçisidir.

***

“Devid Kopperfild”in böyük müəllifini də zirvələrə həmin o imanlı ümid yetirmişdi, xam at kimi əlindən qaçan arzuları məhz imanın, ümidin sayəsində öz ayağıyla onun üstünə qayıtmışdı. Dikkens bizə roman dilində deyir ki, şərin səninlə bağlı məkrli planını (ki, yaşayan hər bir canlıya qarşı belə plan, qəsd nəzərdə tutulub) pozmaq istəyirsənsə, onun qumarına girməyəcəksən, onun oyununa qoşulmayacaqsan. Zalım dünya yalnız haqqa, xeyirə sədaqətdən dönməyən insanı oyuncağına çevirməkdə acizdir; etibarsız, vəfasız, qəddar həyat yalnız bu halda adamı yedəyincə sürüyə bilmir. Yalnız bu halda insan həyata yox, həyat insana işləyir. Deməyim odur ki, Dikkensin günəş sarayı möhkəm etik-fəlsəfi təməl, sarsılmaz mənəvi-psixoloji dayaqlar üzərində qurulduğuna görə bu günəcən abad, işıqlı qalıb.

Yazıçının özünə ən çox bənzəyən qəhrəmanı nə qədər zülm-zillət çəksə də, iblisdən nicat ummur, qəlbini şeytana satmır, halbuki bunca əzablara qatlanan bəndə maddi dünyanın məntiqiylə allahından dönüb amansız despot, fələyə şər planı ödəyən qatı cinayətkar, ya da kimliyini qarnının içinə sığdırmış məzlum kölə olmalıydı. Təkcə elə uşaq əməyinin istismar olunduğu cəhənnəm laboratoriyasında çəkdikləri Devidin qısa zamanda fabrik fəhləsindən şeytan fəhləsinə çevrilməyinə yetərdi.

Eyni sınaqla bir zaman müəllif özü də qarşılaşmışdı, tələfxərc atası borclular türməsinə salınanda dözülməz şəraitdə işləməyə məcbur olmuşdu. Nənəsindən qalan mirasın hesabına Con Dikkens bütün borclarını ödəyib azadlığa çıxandan sonra belə anası Çarlzın fabrikdəki məşəqqətli ağır işdən aralanmağını istəməmişdi, bununla da oğlunun ürəyinə sağalmaz yara vurmuşdu. Həyatsevər, kitabsevər atanın təkidi sayəsində Çarlz təhsilini yarımçıq qoymamışdı.

Romandakı mister Mikoberin prototipi də ata Dikkensdir. Quyunun dibinə düşsə də, Con Dikkens öz yerini şeytana nişan vermirdi, ümidini, nikbinliyini heç bir vaxt itirmirdi, həyatdan həmişə xoş sürpriz, şirin pay, möcüzə gözləyirdi. Möcüzə isə özünü yalnız nənənin mirası şəklində göstərmədi, bundan qat-qat böyük möcüzə baş verdi - Con Dikkensin əziz xələfi dahi yazıçı, daha doğrusu, yazıçı qismində meydana çıxan peyğəmbər oldu. Beləsini ingilis xalqı, Britaniya torpağı ondan qabaq da görməmişdi, ondan sonra da görmədi...

***

Bir dəfə Londonu gəzdikləri vaxt atası ona bir dikdirdə tikilmiş topdağıtmaz imarəti göstərib demişdi: “Bax, Çarli, əgər zəhmətə qatlaşsan, gələcəkdə sənin də belə gözəl evin olar”.

Gün gəldi, Çarlz Dikkens həmin evi satın aldı, ta öldüyü günə qədər o imarətdə yaşadı.

F.Uğurlu

Seçilən
91
yeniazerbaycan.com

1Mənbələr