AZ

"Volkswagen" hərbi nəqliyyat vasitələrinin istehsalını planlaşdırır

Müəllif:Mehin Qasımova,Banco.az

Almaniyanın avtomobil nəhəngi "Volkswagen" ölkənin Osnabrück şəhərində yerləşən zavodunda hərbi avtomobillərin istehsalını mümkün strateji istiqamətlərdən biri kimi qiymətləndirir.

Banco.az xəbər verir ki, alman mətbuatında yer alan məlumatlara görə, şirkət Osnabrück zavodunun gələcəyini təmin etmək üçün müxtəlif variantları araşdırır. Bu çərçivədə zavodun son aylarda bir neçə hərbi nəqliyyat vasitəsi konsepsiyası hazırladığı və potensial bazar imkanlarını qiymətləndirmək məqsədilə bu modelləri “Enforce” müdafiə sərgisində nümayiş etdirdiyi bildirilir.

Bununla belə, hazırlanan konsepsiyaların real istehsal layihəsinə çevrilib-çevrilməyəcəyi və istehsalın hansı miqyasda həyata keçiriləcəyi ilə bağlı hələlik yekun qərar verilməyib.

Məlumata görə, şirkətin iki fərqli hərbi nəqliyyat vasitəsi konsepsiyası üzərində işlədiyi qeyd olunur. Bu prototiplər "Volkswagen Crafter" və "Volkswagen Amarok" modelləri əsasında hazırlanır və tamamilə zavodun özü tərəfindən yaradılmış sınaq nəqliyyat vasitələri hesab olunur.

Təxminən 2300 nəfərin çalışdığı müəssisənin uzunmüddətli gələcəyi isə hələ də qeyri-müəyyəndir. Analitiklər hesab edirlər ki, hərbi nəqliyyat vasitələrinin istehsalı zavodun istehsal gücünü qorumaq və məşğulluğu saxlamaq üçün şirkət tərəfindən nəzərdən keçirilən mühüm strateji addımlardan biri ola bilər.

Seçilən
90
banco.az

1Mənbələr