525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Vilayət QULİYEV
1925-ci ilin avqustunda Moskvada Türkiyə diplomatik nümayəndəsi Əziz Zəkai Apaydınla (1884-1947) XX əsr rus şərqşünaslıq məktəbinin görkəmli nümayəndəsi, şərqşünas (türkoloq, ərəbşünas), tarixçi və filoloq, akademik V.V.Bartold (1869-1930) görüşdülər. Görüşün məqsədi ilə bağlı Daşkənddə olan həmkarına EA-nın daimi elmi katibi akademik Oldenburq hələ iki ay öncədən məlumat vermişdi. Onun Türkiyəyə uzunmüddətli elmi ezamiyyətə dəvət olunması ilə bağlı məktub alındığını bildirmişdi.
Əziz Apaydın Moskvaya diplomatik təyinat alana qədər ölkəsinin tarım bakanı - kənd təsərrüfatı naziri vəzifəsində çalışmışdı. Humanitar elmlə, xüsusən də spesifik sahə sayılan şərqşünaslıqla bir əlaqəsi yox idi. Sadəcə səfir kimi üzərinə düşən vəzifəni yerinə yetirmək zərurəti yaranmışdı. Vəzifə isə Türkiyənin milli egitim bakanı - xalq təhsili naziri, İstanbul darülfünunun professoru Həmdullah Subhi Tanrıövərin (1885-1966) dəvət məktubunu alimə təqdim etmək idi.
Məktubun göndərildiyi 1925-ci il rus-türk (yaxud sovet-türk) elmi-mədəni əlaqələr tarixində iki hadisə ilə yadda qalmışdı. Birincisi, artıq qeyd etdiyim kimi, akademik Bartoldun Türkiyəyə uzunmüddətli elmi ezamiyyətə dəvət olunması idi. İkincisi isə, türk təsəvvüf tarixinə dair qiymətli araşdırmaların müəllifi kimi tanınan professor Mehmet Fuat Köprülüzadə (1890-1966) Rusiya Elmlər Akademiyasının 200 illik yubiley təntənələrində iştirak etmək üçün 1925-ci ilin sentyabr ayında SSRİ-yə gəlməsi idi. Yubiley təntənələri 5-14 sentyabr tarixlərində keçirilsə də, o, oktyabrın sonuna qədər SSRİ-də qalmışdı. Tanınmış rus türkoloqları ilə görüşmüş, Moskva və Leninqradın akademik müəssisələrinin fəaliyyəti ilə tanış olmuş, türklərin təbiri ilə desək, universitetlərdə "konfranslar vermişdi". Yəni tələbə və müəllimlər qarşısında türkologiyanın problemləri, türk ədəbiyyatı tarixi və ilk addımlarını atan Türkiyə Cümhuriyyəti haqda mühazirələr oxumuşdu.
Şəxsi əlaqələr və ünsiyyət səmərəsiz qalmamışdı. 1925-ci ilin dekabrında SSRİ EA-na seçkilərdə Mehmet Fuat türk alimləri arasında ilk olaraq akademiyanın müxbir üzvü seçilmişdi. Namizədliyini Rusiya şərqşünaslıq elminin sütunları sayılan şərqşünas-akademiklər İ.Y.Kraçkovski, S.F.Oldenburq və V.V. Bartold irəli sürmüşdü. Onların imzaladıqları birgə təqdimatda Köprülüzadənin əsərləri "tarix və filologiya sahəsində türk elmi ədəbiyyatını həmin dövrə qədərki vəziyyəti ilə müqayisə edilməyəcək bir yüksəkliyə qaldırmışdır". Çox güman, bu iki hadisə - iki səfər arasında müəyyən bağlılıq, yaxud əlaqə mövcud idi.
Akademik V.Bartold Türkiyədə ilk dəfə 1906-cı ildə olmuşdu. Aradan keçən 20 ilə yaxın vaxt ərzində Çar Rusiyası SSRİ-yə, Osmanlı imperatorluğu TC-nə çevrilmişdi. Bütün sahələrdə böyük dəyişikliklər baş vermişdi. Təbii ki, türk tarixinə dair bir sıra əsərlərin müəllifi olan akademik Bartold Türkiyəyə səfər etməyə, yeni əlaqələr qurmağa, ortaq elmi araşdırmalar aparmağa maraqlı idi. Üstəlik, SSRİ EA rəhbərliyi və Xalq xarici işlər komissarlığı da bunu istəyirdi.
Rusiyada 1910-cu illərdən etibarən Volqaboyu və Mərkəzi Asiyanın türk tarixinə dair birgə çalışmalardan yaxşı tanıdığı siyasi mühacir, Türkiyədə Zəki Vəlidi Toğan kimi tanınan Əhməd Zəki Validov həmkarına 15 oktyabr 1925-ci il tarixli məktubunda (o dövrdə siyasi səbəblərə görə mühacirətə yollananlarla əlaqə saxlamaq hələ mümkün idi) yazmışdı: "Nazirimiz kişi kimi boynuna alır ki, siz çapda alimləri dəvət eləməkdən məqsəd türk elminin səviyyəsini qaldırmaqdır".
Hələ Mehmet Fuatın Moskvada olduğu dövrdə - 1925-ci il oktyabrın 21-də SSRİ EA-nın Tarix və filologiya bölməsi Bartoldun Türkiyəyə elmi ezamiyyətini təsdiq etmişdi. Əvvəl 1, hətta 3 illik ezamiyyə haqda söhbət getsə də, Vətəndə görməli işlərin çox olduğunu bildirən alimin istəyini nəzərə alıb onun 1925-ci il dekabrın 20-dən növbəti il sentyabrın 2-nə, yəni 9 ay müddətinə İstanbula ezam olunması ilə bağlı qərar verilmişdi. Sənədlərdə də göstərildiyi kimi, akademik Bartold "SSRİ və Türkiyə elmi müəssisələri arasında yeni əlaqələr qurmaq və möhkəmləndirmək", habelə "Şərq əlyazmaları üzərində işləmək" məqsədi ilə ezam edilirdi. Alim Türkiyə tərəfinin məqsədəuyğun saydığı təqdirdə o zaman hələ darülfünun adlanan İstanbul universitetində mühazirələr oxumağa, eyni zamanda elmi əməkdaş kimi çalışmağa hazır olduğunu bildirmişdi. Amma türk tələbələrin əksəriyyəti onun ünsiyyət dili kimi seçdiyi alman dilini bilmədiyi üçün mühazirələri türkcəyə çevirən Zəki Vəlidi Toğan onu həm də tələbə auditoriyasına çatdırmışdı. Yeri gəlmişkən, akademik V.Bartold bu mətnlər əsasında VI yüzillikdən XX əsrin əvvəlinə qədərki dövrü əhatə edən "Orta Asiyanın türk xalqlarının tarixinə dair on iki mühazirə" adlı dərs kitabı hazırlamışdı. Əsər 1927-ci ildə Zəki Vəlidi və Rəşid Xülusinin türkcəyə tərcüməsində İstanbulda çap olunmuş, sonrakı illərdə isə alman (1935) və fransız (1945) nəşrləri meydana çıxmışdı.

Akademik V.V.Bartold.
Elmlər Akademiyası Bartoldun qarşısında iki əlavə vəzifə də qoymuşdu. Bunlardan birincisi Osmanlı imperiyasında fəaliyyət göstərmiş "Rus elmi institutunun" bərpası, digəri isə "türk alimləri ilə əməkdaşlıq şəraitində akademik V.V.Radlovun ilk nəşri 1893-1911-ci illərdə Peterburqda çıxan dördcildlik "Türk ləhcələri lüğəti təcrübəsi" əsərinin yeni nəşri idi. "Rus elmi institutu" dedikdə söhbət bizanşünas alim F.İ.Uspenskinin təşəbbüsü ilə 1895-ci ildə təsis edilmiş Rus arxeologiya institutundan gedirdi. I Dünya müharibəsinin başladığı 1914-cü ildə institut məlum səbəblərə görə fəaliyyətini dayandırmalı olmuşdu. Kolleksiyanın bir hissəsi Rusiyaya aparılmış, digər qismi Osmanlı muzeyinə verilmişdi. Hadisələri qabaqlayaraq deməliyəm ki, Bartold bu işdə müsbət dönüşə nail ola bilməmişdi. Eyni sözləri Radlovun 4 cildliyinin yeni, təkmil nəşri haqda da demək mümkündür. TC milli egitim bakanlığı yanında fəaliyyət göstərən Təlif və Tərcümə Heyəti əsərin nəşrində maraqlı idi. Hətta onun Türkiyə, SSRİ və Almaniyanın (V.V.Radlov etnik alman idi - V.Q,) iştirakı ilə beynəlxalq layihəyə çevrilməsi ideyası da prinsipcə qəbul edilmişdi. Lakin canlı türk dilləri üzrə lüğətlərin hazırlanması zərurəti tədricən tarixi abidənin nəşrini arxa plana sıxışdırdı və gündəlikdən çıxardı.
lll
Akademik V.Bartold Türkiyəyə 1925-ci il dekabrın son günlərində xanımı Mariya Alekseyevna Bartoldla (1868-1928) birgə yola düşmüşdü. Xanım Bartoldun da elmi vəzifəsi vardı: çalışdığı Leninqrad Antropologiya və Etnoqrafiya muzeyi (Kunstkamera) imkandan yararlanıb onu "etnoqrafik kolleksiya" toplamaq məqsədi ilə Türkiyəyə altı aylıq ezamiyyətə göndərmişdi.
Bartold və xanımının İstanbulda olduqları müddəti əslində iki hissəyə bölmək mümkündür. Yanvarın 2-dən fevralın 17-nə qədər İstanbulda qalan Bartold həmin tarixdə Türkoloji qurultaya dəvət edilmiş xarici qonaqlarla birlikdə Bakıya yola düşmüşdü. Şərti olaraq "Konstantinopol gündəliyi" adlanan qeydlər səfərin birinci hissəsini - 2 yanvar-17 fevral tarixini ehtiva edir. Qurultay başa çatandan sonra alim xəstəliyi səbəbindən dərhal Türkiyəyə yox, Leninqrada qayıtmışdı. Səhhəti ilə bağlı problemi həll edib təzədən İstanbula dönmüş, ezamiyyət müddəti isə əvvəlki qayda ilə anlaşmada göstərildiyi kimi, avqustun 19-na qədər sürmüşdü.
Bir həssas məqama da diqqət yetirmək istərdim. Ola bilər ki, alimin gündəlik qeydlərində "İstanbul" yerinə "Konstantinopol" toponiminin işlənməsi bizim günlərdə türk insanının izzəti-nəfsinə toxuna bilər. Lakin nəzərə almaq lazımdır ki, 1930-cu ilin martına qədər Konstantinopol Osmanlı dövlətinin keçmiş paytaxtının beynəlxalq miqyasda qəbul olunmuş adı idi. Hətta Ə.Topçubaşov və M.Ə.Rəsulzadənın 1923-1928-ci illəri əhatə edən yazışmalarında da şəhərin adı hər yerdə "Konstantinopol" kimi göstərilmişdi. Yalnız Türkiyə hökuməti 1930-cu ildə rəsmən "İstanbul" adını yeganə məqbul variant kimi qəbul etdiyini bildirəndən sonra əski yunan adı istifadədən çıxmışdı. Bizim günlərdə isə Türkiyə dövlətinin tələbi ilə beynəlxalq miqyasda işlədilən və ingilis dilindən tərcümədə o qədər də yaxşı məna bildirməyən "Turkey" sözü "Türkiye" ilə əvəzləndi.
1926-cı il yanvarın 2-də İstanbula gələn Bartold və xanımını hərarətlə qarşılamışdılar. Və bütün səfər boyu belə davam etmişdi. Gündəliyindəki "getdiyim hər yerə böyük lütfkarlıq və diqqət görürdüm" sətirləri də bunun sübutudur. Elə ilk gün rektor, ixtisasca hərbi həkim olan professor Ali Nurəddin Berkol onu universitetlə tanış etmişdi. Yanvarın 4-də İstanbuldakı SSRİ Baş konsulluğunda, üç gün sonra isə nazir Həmdulla Sübhi və baş konsul V.P.Potyomkinin də iştirakı ilə Milli Egitim Bakanlığında şərəfinə qəbul düzəldilmişdi. Bartold İstanbulda olduğu müddət ərzində ən çox Mehmet Fuat və Əhməd Zəki Valitovla əlaqə saxlasa da, İstanbul asari-ətiqə muzeyinin direktoru, professor Xəlil Ədhəm, Orhun abidələrinin tədqiqatçısı Nəcib Asim, "Kitabi-Dədə Qorqud" dastanını ilk dəfə nəşr edən Kilisli Müəllim Rifət, karaim əsilli şərqşünas, karaimlərin dini lideri Hacı Soreya Şapşal, Avropa türkologiyası nümayəndələrindən Dyula Mesaroş, Paul Vitek, Teodor Menzel, Karl Qolsinger və b. ilə dəfələrlə görüşmüşdür. Hətta İsmayıl bəy Qaspralının həmin dövrdə İstanbul universitetinin tarix fakültəsində təhsil alan oğlu Cövdət Mənsur Qaspralı ilə görüşməyə də vaxt tapmışdı (gündəlikdə 16 yanvar tarixli qeyd - V.Q.). Yerli qəzetlər səfərini diqqətdə saxlamış, Türkiyəyə gəlişinin məqsədi və universitet mühazirələri haqda məlumatlar yaymışdılar. "Son saat", "Axşam" kimi populyar qəzetlərə müsahibə vermişdi. Ancaq müxbirlərin naşılığı ucbatından bəzi faktlar təhrif edilmiş, adlar qarışıq salınmışdı (2 fevral tarixli qeyd).
Tələbəsi, Leninqrad Canlı Şərq Dilləri institutunun rektoru N.İ.Samoyloviç səfər ərəfəsində Bartolda yazırdı ki, İstanbulda "inqilabdan sonra Türkiyəyə gəlmiş krımlı, kazanlı, azərbaycanlı tanışlarla rastlaşacaqsınız". Həqiqətən də belə olmuşdu. Gündəliyindəki 7 yanvar tarixli qeyddə "Türk Ocaqları"nın təşkil etdiyi konsertdə iştirakından danışan alim dörd qurucu üzvü sırasında yer almış Əhməd bəy Ağayevi (Ağaoğlu) xatırlayır. Onun bir il əvvəl Ocağın fəaliyyətində köklü islahat apardığını, üzvlərin sayını 3000 nəfərdən 200-ə saldığını qeyd edir.
12 yanvar tarixli qeyddə isə Əhməd bəylə birlikdə Ankaradan yeni qayıtmış Köprülüzadənin Sultan Əhməd camisinin arxasında yerləşən, pəncərələrindən Mərmərə dənizinə çox gözəl mənzərə açılan evində qonaq olduğu aşkara çıxır. Həmin vaxt Türkiyə Böyük Millət Məclisinin üzvü Əhməd Ağaoğlu Mehmet Fuatla ailəvi dostluq münasibətləri vardı. Yəni onu Türkiyənin seçkin ziyalılarından biri kimi rus qonağa təqdim edə bilərdi. Lakin Bartoldun Əhməd bəyi Bakıdakı fəaliyyəti və rus mətbuatındakı çıxışlarından tanıması da mümkündür.
Gündəliyində yanvarın 20-də apardığı qeyddə akademik Bartold "Azərbaycan tarixinə dair kitabın müəllifi Cahangir Zeynaloğlunu ziyarət etdiyini" yazır. Söhbət Cümhuriyyət ordusunun keçmiş zabiti, siyasi mühacir Cahangir Zeynal oğlu Nəsirbəyovdan (Şuşa, 1892-Berlin, 1944) gedir. Adı çəkilən əsər 1924-cü ildə İstanbulun Şəms mətbəəsində çap olunmuşdu. Cahangir Zeynaloğlu "Şirvanşahlar yurdu", "Tariximizin xanlıqlar dövrü" kimi kitabların da müəllifidir. Lakin həmin kitablar daha gec, 1930-cu illərdə çap edilmişdi. İstənilən halda, Avropa miqyasında tanınan akademik Bartold kimi adlı-sanlı alimin hansı səbəbdən həvəskar azərbaycanlı tarixçinin ziyarətinə getməsi son dərəcə maraqlıdır. Təbii ki, bu görüşün arxasında mütləq hansısa bir hikmət, yaxud sirr dayanırdı...
Əli bəy Hüseynzadənin adı "Konstantinopol gündəliyi"ndə iki dəfə çəkilir. 9 fevral qeydində müəllif daxil olan məlumatlara əsasən, çox ehtimal, ayın 18-də Mehmet Fuat, Menzel, Mesaroş və Əli bəylə birlikdə Bakıya, Türkoloji qurultaya yola düşəcəyini yazır. Fevralın 16-da isə "türkologiyaya heç bir dəxli olmayan, Rusiyada tibb təhsili almış Əli bəyin qurultaya Köprülüzadənin təklifi ilə, yəni sadəcə ona yol yoldaşlığı etmək üçün getdiyini" bildirir. Elə buradaca seçimin niyə məhz Əli bəy olduğuna aydınlıq gətirməyə çalışır: "Köprülüzadə türklərin (Anadolu türkləri nəzərdə tutulur - V.Q.) arasından çıxmış qabiliyyətli adamlarına irəli getməsinə qısqanclıqla yanaşır. Onların qarşısını kəsir". Akademik Bartoldun bu irad, yaxud ittihamında nə qədər haqlı olduğunu deyə bilmərəm. Amma Əli bəy haqda yazdığı bir cümlədə iki yanlışlığa yol vermişdi. Əvvəla, azərbaycanlı mütəfəkkir ali tibb təhsilini Rusiyada deyil, Türkiyədə, Əsgəri Tibbiyyədə (Hərbi Tibb Akaemiyası - V.Q.) almışdı. İkincisi isə, tələsik qərar verən rus aliminin müasirlərinin "türkçülüyün babası" kimi yüksək ehtiram göstərdikləri Əli bəyin elmi-publisist irsindən, xüsusi ilə də "Həyat" qəzeti və "Füyuzat" jurnalındakı fəaliyyətindən xəbərsiz olduğu aşkara çıxır. Çox güman, İstanbul-Odessa-Bakı marşrutu ilə uzun yol yoldaşlığı və qurultay günlərindəki yaxın ünsiyyət Bartolda Əli bəylə bağlı qənaətinin yanlış olduğunu anlamağa imkan yaratmışdı.

Akademik Bartold qurultay iştirakçıları arasında (Birinci sıra, sağdan beşinci). Sağ tərəfində Bəkir Çobanzadə, sol tərəfində isə Mehmet Fuat Köprülüzadə əyləşib.
Akademik Bartoldun İstanbulda keçirdiyi yanvar-fevral aylarını müəyyən mənada həm də Türkoloji qurultaya hazırlıq dövrü hesab etmək olar. Çünki əgər Əli bəy Hüseynzadəni də "əcnəbi" saysaq, xarici qonaqlar hamısı Azərbaycana Türkiyədən, Bartoldla bir yerdə getmişdilər. Bakıya yola düşənə qədər İstanbulda dəfələrlə bir araya gəlmiş, müxtəlif məsələlərlə bağlı müzakirə və fikir mübadilələri aparmışdılar. Avropalılar arasında Bartoldun daha sıx təmas qurduğu avstriyalı Paul Vittek idi. Bu səbəbdən də digər xarici alimlərlə müqayisədə "Konstantinopol gündəlikləri"ndə onun adına daha tez-tez təsadüf etmək mümkündür.
Məsələn, 6 yanvar tarixli qeyddə Paul Vittek belə təqdim olunur: "İstanbulda avtomobil gəzintisi. Daha əvvəl doktor Vittekin gəlişi (keçmiş Avstriya zabiti, indi Qərb qəzetlərinin müxbiri və elmi əməkdaş). Türkcə yaxşı danışır. Səfərdə (arxeoloji ekspedisiya nəzərdə tutulur - V.Q.) iştirak edib. Konstantinopolun topoqrafiyasını çox yaxşı bilir. Şərq tarixinin tədqiqinə keçməzdən əvvəl antik dövrlə məşğul olub. Vittekin Türkiyə elmi mühiti haqda söhbətləri. Xəlil bəyi tərifləyir, alman dilini və alman elmini çox yaxşı mənimsədiyini deyir. Kiçik Asiyada dini hərəkatların öyrənilməsində xidmətlərini təqdir etsə də, Köprülüzadəni bəyənmir".
Yanvarın 10-da yenidən Vitteklə bir yerdədir: "Axşam Vitteklə birlikdə. Osmanlı dövlətinin mənşəyi (Avstriya aliminin mühüm tarixi araşdırması Osman Qazinin müstəqil türk dövləti qurmasında dini müharibənin - qəzavatın roluna həsr edilmişdi - V.Q.) ilə əlaqədar tədqiqatlar. Vittekin sonrakı mənbələrdə istifadə olunan ilkin xronika mətnini bərpa etmək niyyəti". Yanvarın 16-da Bartold, Vittek, Mesaroş və Köprülüzadə Xəlil Edhemin evində çay məclisinə toplaşırlar. İstanbulda məqalələrin üç əsas Avropa dilində (ingilis, fransız, alman) nəşr olunduğu, hər sayında "Türkiyyat Məcmuəsi"nin qısa icmalının verildiyi beynəlxalq türkologiya jurnalının təsisi ətrafında müzakirə aparırlar. Vittek ideyaya tərəfdar çıxır.
Yanvarın 23-də isə Bartold avstriyalı həmkarından eşitdiyi "fantastik məlumat" haqda yazır. Vittek bizim eradan 1200 il əvvəl qədim Çin ədəbiyyatında türk dilindən tərcümə edilmiş əsər barəsində xəbər gətirib. Həm də tərcümə qədim Çində ilk nəsr nümunəsi imiş! Bartold ixtisas etibarı ilə sinoloq olmasa da, eşitdiyi xəbərə son dərəcə maraqla yanaşır... Ertəsi gün isə Vittekin mənzilində daha iki alman aliminin iştirakı ilə türklərin astagəlliyi, söz verib əməl etməmələri, ümumən türk xarakterində heç bir dəyişiklik baş verməməsi haqda "qiybət" qırırlar. Bartold türklərin ifrat millətçiliyi, qeyri-müsəlmanları hər yerdən sıxışdırıb çıxarmaq cəhdlərindən də şikayətlənir. Yəqin ki, o, Osmanlı dövründə Anadolu türkünün öz vətənində ikinci dərəcəli vətəndaş sayıldığını, hər şeyin yunanların və ermənilərin əlində olduğunu, yalnız Qazi Mustafa Kamal paşanın sayəsində xalqın öz haqqında və hüququna sahib çıxdığını nəzərə alsaydı, belə düşünməzdi...
Fevralın 14-də Bartold İstanbulda yaşayan almanların "Tevtoniya" klubunda Vittekin mövzusunu göstərmədiyi mühazirəsini dinləmişdi. Ertəsi gün isə onun mənzilində iki həftə əvvəl Bakıdan qayıtmış Menzelin də iştirakı ilə "Tevtoniya" klubunda oxunmuş mühazirə əsasında Vittekin Türkoloji qurultaya təqdim olunması nəzərdə tutulan məruzəsini müzakirə edir, daha elmi şəklə salmağa çalışırlar. Vittek bu dəfə də türklərdə elmi üslubun və orijinal düşüncə tərzinin olmamasından, fikirlərin trafaret xarakter daşımasından şikayətlənir.
Vitteklə müqayisədə İstanbulda Türkoloji qurultaya yola düşməyi gözləyən digər iki xarici türkoloq - macar Dyula Mesaroş və yəhudi əsilli alman Teodor Menzel "Konstantinopol gündəliyi"nin səhifələrində o qədər tez-tez gözə dəymirlər. Macar həmkarından bəhs edərkən müəllif onun Ankarada Etnoqrafik muzey qurmaq məqsədi ilə hazırlıq işləri gördüyünü, yayda Kiçik Asiyaya elmi ekspedisiyaya yola düşəcəyini (16 yanvar) qeyd edir, "köhnə" istanbullu kimi şəhərlə bağlı xatirələrini, türk folkloru və etnoqrafiyası ilə bağlı fikirlərini bölüşür.
Teodor Menzelin adına və qurultayla bağlı nisbətən konkret məlumatlara ilk dəfə 2 fevral tarixli qeyddə təsadüf olunur: "Menzelin gəlişi. Bakıda komissiyaların iclası haqda təəssüratı. Türkmən nümayəndəsi Berdiyev ona daha istedadlı və ağıllı adam təsiri bağışlayıb. Berdiyevlə qırğızlar (Baytursunov) latın əlifbasına keçidin qəti əleyhinədir. Qurultayın çap olunmuş proqramı. Menzelə bir neçə nüsxə vermək istəyirmişlər. Amma sonra verməyiblər. Pavloviç (türklərin son mədəni nailiyyətləri) və Borozdin (mövzusu bəlli deyil, yəqin düşünürlər) proqrama salınıblar".
Burada adı çəkilən Pavloviç Sovet Şərqşünaslarının Elmi Assosiasiyasının sədri, Borozdin isə rus şərqşünas-tarixçisi və etnoqraf idi. Akademik V.Bartoldun tamam fərqli məqsədlər üçün getdiyi İstanbulda mütəmadi olaraq Türkoloji Qurultaya hazırlığın gedişini izləməsi, səfərlə bağlı praktiki məsələlərin diqqətdə saxlanması sovet türkoloqlarının ilk Ümumittifaq forumuna necə böyük əhəmiyyət verdiyini göstərir. Həm də həqiqi alim, elm adamı kimi onu maraqlandıran əsas məsələ qurultayın elmi-nəzəri baxımdan yüksək səviyyədə keçməsi idi.
"Konstantinopol gündəliyi"nə gəldikdə isə müəllif nədənsə 8 aylıq ezamiyyətinin daha uzun çəkən ikinci hissəsində onu davam etdirməyə lüzum görməmişdi. Ümumi təəssüratını "Nauçnıy rabotnik" ("Elmi işçi") jurnalının 1926-cı il noyabr sayında dərc olunan "Türkiyəyə səfərdən" adlı məqaləsində əks etdirmişdi.
lll
Akademik V.V.Bartold 1926-cı il fevralın 26-da İsmailiyyə binasında öz işinə başlayan Birinci Türkoloji qurultayın yeganə ən yüksək elmi dərəcəli iştirakçısı idi. Həmkarı, SSRİ EA-nın daimi elmi katibi akademik Oldenburq xəstə olduğu üçün açılış mərasiminə qatıla bilməmişdi. İlk iş günü təbii ki, daha çox rəsmi-təntənəli xarakter daşımışdı. Rəsmi çıxış və təbriklər dinlənilmiş, qurultayın işçi orqanları seçilmişdi. 22 nəfərlik Rəyasət heyətinə seçilənlər arasında Bartold da var idi.
Fevralın 27-də keçirilən ikinci iclasda ilk söz adlı-sanlı qonağa verilmişdi. V.V. Bartold "Türk xalqlarının tarixinin öyrənilməsinin mövcud vəziyyəti və ən yaxın vəzifələri" mövzusunda məruzə etmişdi. İlk elmi məruzənin ona həvalə olunması alimin türkologiyada söz sahibi olmasının təsdiqi idi. Akademikin yanlış təəssürat və məlumatsızlıq nəticəsində "türkologiyaya dəxli olmayan şəxs" saydığı Əli bəy Hüseynzadə qurultayla bağlı qeydlərində onun məruzəsindən bəhs edərək yazmışdı: "...səhər saat 10-da Bartold ərəb və fars qaynaqları əsasında Teymur tarixindən bəhs etdi. VII yüzillikdə Orhun yazıları ilə özlərini Türk adlandıran bir xalq tarix səhnəsinə çıxır. Yeni araşdırmalara görə, Çin ədəbiyyatında indiyə qədər məlum olmayan bir sıra vəsiqələr aşkar edilib ki, onlar Türk tarixinin ilk dövrlərinə işıq salmağa imkan verir. Bundan sonra o, "Qırğız" istilahının filoloji kökündən söz açdı. Bartoldun qənaətinə görə türklər islamiyyəti öz istəkləri ilə, heç bir təzyiq olmadan qəbul etmişdilər. Çin, Yava, Sumatra və Afrikada islamiyyətin yayılması da eyni şəkildə baş tutmuşdu. İslamı hər bir xalq qəbul edə bilər. Bartold burada türkmən kəlməsinin etimologiyası üzərində də dayandı".
Alimin öz dövrü üçün proqram xarakteri daşıyan məruzəsinin daha geniş təhlilini başqa vaxta saxlayaraq yalnız onu qeyd etmək istərdim ki, Mərkəzi Asiya və Azərbaycan türklərinin qədim tarixinin, zəngin ədəbi-mədəni irsinin öyrəniləməsi Bartold yaradıcılığının aparıcı istiqamətlərdən biri olmuşdu. Onun rəhbərliyi altında 1912-ci ildə Nizami Gəncəvi məqbərəsində ilk dəfə elmi prinsiplərlə qazıntı işləri aparılmışdı. Araşdırmanın nəticələrini çoxsaylı şəkil, sxem və diaqramlarla birlikdə Rusiya İmperator Arxeologiya Cəmiyyəti Şərq Bölməsinin "Elmi Qeydləri"ndə "Şair Nizaminin məqbərəsi" adı altında çap etdirmişdi.
Azərbaycandilli ədəbi-tarixi abidələrin öyrənilməsində də alimin mühüm xidmətləri olmuşdu. Onun "Dərbəndnamə"nin mənşəyi məsələsinə dair" tədqiqatında Qafqaz-Azərbaycan tarixinə dair bu mühüm əsərin qaynaqlarını, tarixi faktların dəqiqliyini araşdırmışdı. Müəllifin "Dərbənd tarixinə dair", "Dərbəndin qala divarları haqda yeni məlumatlar" məqalələrində mövzu tarixi-arxeoloji aspektlərdən daha təfərrüatlı şəkildə işlənmişdi. "İslam ensiklopediyası" üçün yazdığı "Qafqaz, Türküstan, Volqa", "Şirvanşahlar" və digər məqalələri Azərbaycanın qədim tarixinə bələdliklə qələmə alınmışdı. O, Abbasqulu ağa Bakıxanov irsinə, xüsusən də "Gülüstani-İrəmə" bələd idi. Bu əsəri Azərbaycan və Qafqaz tarixinin qaynaqlarından biri kimi qiymətləndirirdi.
V.V.Bartold 1924-cü ildə Azərbaycan dövlət universitetinin dəvəti ilə Bakıda olmuşdu. Şərq fakültəsində "Müsəlman dünyasının tarixində Xəzəryanı vilayətlərin yeri haqda" mövzusunda məruzə etmişdi. Növbəti ildə məruzənin mətni Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin (ATTC) təşəbbüsü ilə Bakıda kitabça şəklində çap olunmuşdu. Alim ATTC-nin tarix-etnoqrafiya seksiyasının iclaslarında region tarixi ilə bağlı hamı üçün açıq olan silsilə mühazirələr oxumuş, Azərbaycanın arxiv və kitabxanalarında mühafizə olunan bir sıra əlyazmaları araşdırmışdı.
Dilimiz və ədəbiyyatımız, milli-mənəvi varlığımız qarşısında ən böyük xidməti isə heç şübhəsiz, türk xalqlarının monumental folklor abidəsi olan "Kitabi Dədə Qorqud" dastanının rus dilinə mükəmməl tərcüməsini hazırlaması idi. Bakıda olduğu zaman gördüyü işlərin hesabatı Azərbaycan MEA Rəyasət heyətinin arxivində indi də qorunub saxlanmaqdadır.
Sarayevo
Fevral-mart, 2026-cı il.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.