AZ

İsveç və Norveç mediası İran PUA-larının Azərbaycan ərazisinə hücumları barədə yazıb

İsveçin “Dagens Nyheter” nəşri yazır ki, Azərbaycan hakimiyyəti ölkə ərazisinə pilotsuz uçuş aparatları ilə endirilən zərbələrə cavab vermək niyyətində olduğunu bəyan edib. Bu barədə AZƏRTAC xəbər verir.

Məlumatda qeyd olunur ki, Prezident İlham Əliyevin sözlərinə görə, ordu tam döyüş hazırlığı vəziyyətinə gətirilib və cavab tədbirləri hazırlamaq əmri alıb.

Vurğulanır ki, Bakıda bu hadisə Azərbaycana hücum kimi qiymətləndirilib və İrandan təcili izahat tələb olunub. İranın səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Həmçinin məlumatda bildirilir ki, hakimiyyət orqanlarının məlumatına görə, insident nəticəsində dörd nəfər yaralanıb, belə ki, bir pilotsuz uçuş aparatı məktəb ərazisinə, digəri isə regionun ən böyük hava limanının yaxınlığına düşüb. Azərbaycan cavab tədbirləri görmək hüququnu özündə saxladığını bəyan edib.

Norveçin “Aftenposten” nəşri yazır ki, Naxçıvanda pilotsuz uçuş aparatları ilə bağlı insidentdən sonra Azərbaycan izahat vermək üçün İran səfirini çağırıb.

Nəşrdə, həmçinin bildirilir ki, Azərbaycan hakimiyyəti hadisə nəticəsində mülki şəxslərin zərər çəkdiyini, hava limanının binalarından birinin zədələndiyini açıqlayıb. Xarici İşlər Nazirliyində vurğulanıb ki, ölkə baş verənləri hücum kimi qiymətləndirir və “müvafiq cavab tədbirləri” görmək hüququnu özündə saxlayır.

“Bildirilib ki, bu hadisə beynəlxalq hüquq normalarına ziddir və regionda gərginliyin artmasına səbəb olur”, – deyə məlumatda vurğulanır.

Seçilən
14
2
yeniazerbaycan.com

3Mənbələr