AZ

Kosovo parlamenti yeni prezidenti seçə bilməyib

BAKI, 6 mart. TELEQRAF

Kosovo parlamenti yeni prezidenti seçmək üçün nəzərdə tutulan müddətdə səsverməni başa çatdıra bilməyib və bu vəziyyət ölkədə yeni siyasi böhran yaradıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, 120 yerlik parlament gecə yarısına qədər dövlət başçısını seçməli idi. Lakin baş nazir Albin Kurtinin rəhbərlik etdiyi “Vetevendosye” partiyası müxalifət deputatlarını öz namizədlərini dəstəkləməyə razı sala bilməyib.

Baş nazir Albin Kurti prezident vəzifəsinə ölkənin xarici işlər naziri Qlauk Konyufçanı namizəd göstərib. Müxalifət partiyaları isə konsensus namizədin irəli sürülməsini tələb edib.

Parlamentin spikeri Albulena Haxhiu bildirib ki, iclasın davam etdirilməsi üçün yetərli kvorum yoxdur.

“Bu iclası davam etdirmək üçün kvorum yoxdur və səsverməni keçirə bilmirik”, - deyə o qeyd edib.

Bildirilib ki, iclasda cəmi 66 deputat iştirak edib, halbuki səsvermənin keçirilməsi üçün ən azı 80 deputatın iştirakı tələb olunurdu.

Məlumata görə, vəziyyət növbədənkənar seçkilərin keçirilməsi ilə nəticələnə bilər. Bu halda Kosovo bir ildən bir qədər artıq müddətdə üçüncü parlament seçkisini keçirmiş olacaq.

Qeyd edək ki, Kosovo artıq 2025-ci ilin fevral seçkilərindən sonra hökumət formalaşdırıla bilmədiyi üçün 28 dekabrda növbədənkənar seçkilər keçirmişdi.

Ölkənin hazırkı prezidenti Vjosa Osmani isə vəzifəsini daha bir ay icra edəcək və yaxın günlərdə yaranmış vəziyyətlə bağlı qərarını açıqlayacağı gözlənilir.

Seçilən
73
1
teleqraf.com

2Mənbələr