AZ

Faydalı hesab edilən vitamin hansı halda riskə çevrilə bilər?

D vitamini insan orqanizmi üçün vacib qida elementlərindən biri hesab olunur. Lakin mütəxəssislər bu vitaminin yalnız çatışmazlığının deyil, həddindən artıq qəbulunun da sağlamlıq üçün təhlükəli ola biləcəyini bildiriblər. Mütəxəssislərin sözlərinə görə, D vitamini yağda həll olunan vitaminlər qrupuna daxil olduğu üçün orqanizmdə toplanır və nəzarətsiz şəkildə qəbul edildikdə zəhərlənməyə səbəb ola bilər.

Türkiyənin Fırat Üniversiteti xəstəxanasının Uşaq endokrinologiyası kafedrasının müəllimi Dəniz Ökdəmir bildirib ki, D vitamini xüsusilə sümük və əzələ metabolizmi üçün həyati əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu vitaminin çatışmazlığı zamanı raxit adlanan ciddi xəstəlik meydana gələ bilər. Raxit zamanı sümüklər kifayət qədər möhkəmlənmir və bu vəziyyət xüsusilə yeriməyə başlayan uşaqlarda sümük deformasiyalarına səbəb olur.

Mütəxəssis qeyd edib ki, iki yaşına çatmasına baxmayaraq körpələrdə fontanelin bağlanmaması və dişlərin gec çıxması da D vitamini çatışmazlığının əlamətləri arasında yer alır. Məsələn, bəzi hallarda 10 aylıq körpədə alt kəsici dişlər hələ çıxmaya, 18 aylıq uşaqda isə azı dişləri görünməyə bilər.

D vitamini çatışmazlığı olan körpələrin adətən narahat olduğu və baş nahiyəsində həddindən artıq tərləmə müşahidə edildiyi də bildirilib. Daha böyük uşaqlarda isə əzələ ağrıları və qıcolmalar yarana bilər. Qanda kalsiumun səviyyəsinin azalması nəticəsində ağır spazmlar, hətta epileptik tutmaların da baş verməsi mümkündür.

Mütəxəssis bildirib ki, bəzi ölkələrdə tətbiq olunan səhiyyə proqramları çərçivəsində körpələrə doğulduqdan etibarən bir yaşına qədər gündəlik D vitamini verilməsi tövsiyə olunur. Bu, raxit xəstəliyinin qarşısının alınması baxımından mühüm hesab edilir. Bir yaşdan sonra isə D vitamininin əsas mənbələrindən biri Günəş şüalarıdır. Xüsusilə ultrabənövşəyi B (UVB) şüaları D vitamininin sintezi üçün vacibdir.

Qeyd olunub ki, UVB şüaları əsasən saat 10:00-dan 15:00-16:00 aralığında yer səthinə çatır. Bədənin təxminən dörddə bir hissəsinin qısa müddət Günəş işığına məruz qalması gündəlik D vitamini ehtiyacının qarşılanmasına kömək edə bilər. Bununla belə, mütəxəssislər günün ən isti saatlarında uzun müddət Günəş altında qalmağın zərərli olduğunu da vurğulayıblar. Günorta saatlarında günəş radiasiyası daha güclü olduğu üçün dəri xərçəngi riskinin artdığı bildirilir. Bu səbəbdən günəş vannası üçün səhər saatları və ya günün ikinci yarısı daha uyğun hesab olunur.

Həmçinin qeyd edilib ki, şüşə arxasında günəşlənməyin D vitamini sintezi baxımından faydası yoxdur. Çünki UVB şüaları şüşədən keçmir. Bundan əlavə, yüksək qoruyucu faktorlu günəş kremləri də UVB şüalarının təsirini azaltdığı üçün D vitamini sintezini zəiflədə bilər.

Mütəxəssislər son dövrlərdə D vitamini ilə bağlı məlumatların mediada tez-tez gündəmə gəldiyini və bu səbəbdən bəzi insanların vitamini həkim məsləhəti olmadan qəbul etdiyini bildiriblər. Lakin nəzarətsiz istifadə ciddi fəsadlara səbəb ola bilər. Xüsusilə yüksək dozalı ampulların istifadə edilməsi böyrək daşlarının yaranmasına, beyində və böyük damarların divarında kalsium toplanmasına qədər gedib çıxan problemlər yarada bilər. Bu səbəbdən mütəxəssislər D vitamininin yalnız həkim nəzarəti ilə qəbul edilməsinin vacib olduğunu vurğulayırlar.

Şahnigar Əhmədova, “İki sahil”

Seçilən
68
ikisahil.az

1Mənbələr