Rusiyada top menecer “Infiniti QX 70” avtomobilini bir rubla satdığına görə həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Tver vilayətində “Infiniti QX70” markalı lüks avtomobili cəmi 1 rubla (təxminən 0.02 manat) satdığı üçün bir şirkətin top-meneceri həbs olunub.
O, şirkətin vəsaitlərini mənimsəməkdə şübhəli bilinərək istintaq təcridxanasına yerləşdirilib.
Məlumata görə, Semyon Nemirinski əvvəllər “TransTex” MMC-nin direktoru vəzifəsində çalışıb.
2020-ci ildə şirkətin balansında olan yapon krossoverini sənədləşmədən çıxarmaq qərara alınıb və o, balansda cəmi 1 rubl (təxminən 0.02 manat) dəyərində göstərilib.
Nemirinski avtomobili götürərək tanışına 120 min rubla (təxminən 2 600 manat) satıb, həmin şəxs isə öz növbəsində “Infiniti”ni direktorun həyat yoldaşına satıb.
Nemirinski işdən çıxdıqdan sonra müəssisəyə gələn yeni rəhbərlik onu əmlakı mənimsəməkdə ittiham edib.
Nemirinskinin nümayəndəsi iddia edir ki, mühasibatlıqda dəyəri 1 rubl olan aktivin satılması cinayət deyil, adi təsərrüfat əməliyyatıdır. Lakin buna baxmayaraq, keçmiş direktor artıq iki aydır ki, həbsdədir.
O, avtomobilin real bazar dəyərinin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsinə hazır olduğunu bildirib.
Xuraman Etibarlı
İnterpress.az