AZ

"Hər ölkədə belə “dəli” hesablar olur, hekayələr yazılır" - Valdas Dambrauskas

"Sabah" Bizon ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Qəbələ"ni penaltilər seriyasında mübarizədən kənarlaşdırdı.

"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Hər iki komandaya təşəkkür edirəm. “Qəbələ” bu gün böyük əzmkarlıq göstərdi, ruh nümayiş etdirdi. Futbolçularımı yarımfinala yüksəldiklərinə görə təbrik edirəm. Çox çətin oyun oldu. Bundan əvvəlki, 3:0 öndə olduğumuz oyunda da rəqib (Qarabağ) geridönüş edə bilmişdi. Bu gün də hesabda 2:0 öndə idik. Rəqib 10 nəfərlə qaldıqdan sonra geridönüş etdi. Təhlillər aparıb səbəbləri araşdırmalıyıq. Bu, kubok oyunudu. Hər ölkədə belə “dəli” hesablar olur, hekayələr yazılır. İnanıram ki, neytral azarkeşlər də bizim oyunlarımızdan həzz alır. Bakıya qayıdacağıq. Beş gün sonra yenə "Qəbələ" ilə oyunumuz var. Bu rəqiblə bir ay ərzində artıq 4-5 dəfə qarşılarıq. Bir rəqibi təkrar-təkrar təhlil etmək çətindi.

- Hesab 2:0 olandan sonra komandada arxayınlıq yarandı?
- Bu gün düşünmədiyimiz bir şey gerçəkləşdi. Birinci hissədə rəqibə ümumiyyətlə, fürsətlər vermədik. Oyunu nəzarətdə saxlayırdıq. İkinci yarıda da üstün olan tərəf biz idik. Qısa müddətdə iki qol buraxmağımızın səbəblərini daha yaxşı təhlil etməliyik. Psixoloji və ya taktiki amillər ola bilər.

- Həm premyer-liqada, həm də kubokda qalib olmağın planlarını qurursuz?
- Hazırda məndə belə hisslər yoxdu. Hədəf futbolçuları bərpa edib növbəti oyuna hazırlaşmaqdı.

- Yarımfinalda rəqibin "Qarabağ" olması "Sabah"ın titul qazanmaq şanslarına necə təsir edir?
- Həqiqətən də indi bu barədə düşünmürəm. Hələ yarımfinal oyunlarının təqvimi bəlli deyil. Fikrim qarşıdan gələn “Qəbələ”, “Sumqayıt” və “İmişli” ilə keçiriləcək çempionat matçlarındadı. Bunlardan sonra yarımfinal matçları haqda fikirləşək.

- Bayaq dediz ki, "dəli" hesab oldu. Məşqçilik karyeranızda belə hallar baş verib?
- Sözün açığı, tam xatırlamıram ki, 2:0, 3:0 öndə olduğumuz hansısa matçlarda rəqib gəlib belə geridönüş etsin. Amma bu, futboldu, istənilən hesab qeydə alına bilər. "Sabah" azarkeşlərini stadiona dəvət edirəm ki, belə oyunlar görsünlər. Onu da deyim ki, bu gün çoxlu səhvlər etdik.

- Son iki oyunda 6 qol buraxmısız. Müdafiədəki problemlər sizi narahat etmir ki?
- Bu dəli dünyada gələcəkdə nələr baş verəcəyini heç kim bilə bilməz. Ona görə, deyirəm ki, bizim avrokuboklarda iştirakımız hələ dəqiqləşməyib. Hələ qarşıda 11 tur və kubokda yarımfinal matçları var. Nələr olacağını indidən deyə bilmərik. Düzdü, son iki oyunda baş verənlər məni narahat etməyə bilməz. Bu iki matç bizim üçün böyük dərsdi. Səhvlərdən nəticələr çıxarmalıyıq. Fikrim yalnız qarşıdakı oyuna necə bərpa olacağımızdadı.

- "Qarabağ"la oyunlarınız gərgin keçir. Bundan sonrakı matçlarda da eyni halların baş vermək ehtimalı azarkeşləri narahat edir. Siz necə düşünürsüz?
- Keçmişdə olanlar keçmişdə qalmalıdı. "Qarabağ"la son oyunda baş verənlərə görə üzr istədik. Rəqibə böyük hörmətimiz var. İnanıram ki, onların da bizə həmçinin. Meydanda rəqib ola bilərik. Amma bunlar hamısı meydançanın içində qalmalıdı. Oyun bitəndən sonra hər kəs öz işinə davam etməlidi. Bu, sadəcə "Qarabağ"la bağlı olan məsələ deyil.

Seçilən
75
6
football-plus.az

10Mənbələr