AZ

Tramp: ABŞ-nin təzyiqi nəticəsində Kubada da rejim süqut edə bilər...

Politico: ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun artan təzyiqi fonunda İranla yanaşı Kuba rejimi də sarsıla bilər...

Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Politico nəşrinə verdiyi müsahibədə Vaşinqtonun həyata keçirdiyi siyasi və iqtisadi təzyiqin nəticələrindən danışaraq, bəzi ölkələrdə mövcud siyasi rejimlərin dəyişə biləcəyini bildirib.

Trampın sözlərinə görə, ABŞ-nin son dövrlərdə həyata keçirdiyi siyasət bir sıra regionlarda ciddi geosiyasi dəyişikliklərə səbəb olur və bu proseslər ictimaiyyət tərəfindən də diqqətlə izlənilir. “İnsanların baş verənlər xoşuna gəlir”, deyə o qeyd edib.

ABŞ prezidenti eyni zamanda ehtimal edib ki, Vaşinqtonun təzyiq siyasəti nəticəsində İranla yanaşı Kuba hakimiyyəti də ciddi sarsıntı ilə üzləşə bilər. “Kuba da süqut edəcək”, deyə Tramp bildirib.

Onun sözlərinə görə, ABŞ artıq Havana üzərində iqtisadi və enerji sahələrində təzyiqi gücləndirib. Tramp qeyd edib ki, Vaşinqtonun atdığı addımlardan biri Kubaya yönələn Venesuela neftinin axınının dayandırılması olub. Bu isə uzun illər ərzində adanın əsas enerji mənbələrindən biri hesab edilirdi.

ABŞ prezidenti bildirib ki, bu addım Kubanın iqtisadi və enerji vəziyyətinə ciddi təsir göstərib. Trampın fikrincə, Venesuela neftinin dayandırılması Havana üçün mühüm strateji zərbə olub.

Politico jurnalistinin ABŞ-nin Kuba hakimiyyətinin zəiflədilməsində rolunun olub-olmaması ilə bağlı sualına cavab verən Tramp dolayı şəkildə Vaşinqtonun bu proseslərdə iştirak etdiyini vurğulayıb. “Sizcə necə?”, deyə o cavab verib.

Tramp əlavə edib ki, Kuba uzun illərdir ABŞ üçün siyasi və təhlükəsizlik baxımından problem yaradan ölkələrdən biri olaraq qalır. Onun sözlərinə görə, Vaşinqton bu məsələni onilliklərdir gündəmdə saxlayır.

ABŞ prezidenti həmçinin bildirib ki, son hadisələr fonunda Vaşinqton Kuba rəhbərliyi ilə müəyyən əlaqələr saxlayır. Trampın sözlərinə görə, Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsindən sonra Kubada qeyri-sabitlik daha da artıb və bu vəziyyət ABŞ ilə Havana arasında müəyyən təmasların qurulmasına səbəb olub.

“Onlara kömək lazımdır. Biz Kuba ilə danışırıq”, deyə Tramp bildirib.

Ekspertlər hesab edir ki, Tramp administrasiyasının Latın Amerikasında həyata keçirdiyi siyasət regionda güc balansına təsir göstərmək məqsədi daşıyır. Bu siyasət çərçivəsində Vaşinqton həm iqtisadi təzyiq vasitələrindən, həm də diplomatik kanallardan istifadə edərək regiondakı siyasi proseslərə təsir etməyə çalışır.

Poliqon.info

Seçilən
126
50
poliqon.info

10Mənbələr