AZ

Qonşu ölkələrin İrana müharibə elanı təhlükəsi böyüyür...



Elşən Manafov: “İran bu zərbələrlə qonşu dövlətlərin müharibəni dayandırmaqla bağlı ABŞ-a təzyiq etmələrini istəyir”

Fevralın 28-də ABŞ-la İsrail İrana qarşı zərbələr endirməyə başlayandan sonra Tehran hakimiyyəti daha çox qonşu ölkələri hədəf alır. Tehranın cavab zərbələri bir sıra qonşu ölkələrin də zərər çəkməsinə səbəb olub. Ötən dövr ərzində İran regionda yerləşən bir sıra ölkələrə hava zərbələri endirib - BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı, İraq, Kuveyt, İordaniya, Bəhreyn.

Ən nəhayət Türkiyəyə raket atdılar. İranın bu zərbələri əsasən həmin ölkələrdə yerləşən ABŞ hərbi bazaları və səfirliklərinə, habelə bu dövlətlərdəki bir sıra digər mühüm obyektlərə yönəlib.

Maraqlıdır, İranın bu taktikaya daha çox əl atmasında məqsədi nədir? Belə davam edərsə, qonşu dövlətlər İrana qarşı müharibəyə cəlb oluna bilərmi?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən politoloq Elşən Manafov hesab edir ki, İranın belə addımlar atmasını şərtləndirən amillər var: “ABŞ və İsrailin İrana hücumundan sonra rəsmi Tehranın körfəzin ərəb dövlətlərinə, habelə Səudiyyə Ərəbistanına, İordaniya ərazisinə endirdiyi zərbələr İranın məlum ölkələrə təcavüzü anlamında qəbul olunmamalıdır. Bunu İran Xarici İşlər Nazirliyinin məlum hadisələrlə bağlı verdiyi açıqlamalar da təsdiq edir. İran bu açıqlamalarında ona təcavüz edən Birləşmiş Ştatların məlum dövlətlərin ərazisindəki hərbi bazalarını hədəfə aldığını bildirir. Təcavüzə məruz qalmış tərəf kimi, bu İranın beynəlxalq hüquqla təsdiq olunmuş müdafiə haqqında hüququdur. Nəzərə almaq lazımdır ki, İrana hücum əsasən ABŞ-ın məlum dövlətlərin ərazisindəki hərbi bazalarından endirilir. Bu hücumları təşkil etməkdə İranın məqsədi təcavüzkara yerini göstərmək, ona ciddi tələfat və ziyan verməklə İrana hücum əməliyyatlarını dayandırmağa məcbur etməkdir. Eyni zamanda özünün hərbi gücü və iqtisadi imkanlarını nümayiş etdirməkdir. Onunla təhdid dilində danışan tərəflərə suverenliyi uğrunda axıradək mübarizə aparacağı mesajlarını verməkdən ibarətdir. Məlum hücumlarla İran bəlli dövlətlərə öz ərazisində ABŞ hərbi bazalarının yerləşdirilməsinə razılıq vermiş ərəb siyasi elitalarının da baş vermiş təcavüzə görə dolayısı yolla olsa da məsuliyyət daşıdıqları mesajını verir. İslam həmrəyliyi prinsiplərinə söykənərək bəlli dövlətlərin müsəlman əhalisinin təzyiqi ilə məlum bazaların bu ölkələrin ərazisindən çıxarılmasına səy göstərir. Həm də İran bu zərbələrlə qonşu dövlətlərin müharibəni dayandırmaqla bağlı ABŞ-a təzyiq etmələrini istəyir. Bununla da ABŞ-a onun bölgədəki bütün hərbi bazalarının hədəfdə olacağı ilə bağlı növbəti ismarıcını verib”.

Vidadi ORDAHALLI

Seçilən
8
baki-xeber.com

1Mənbələr