"İrandan bir sıra ərzaq məhsullarının ixracına məhdudiyyət qoyulması Azərbaycana da təsir edəcək. İranda tətbiq edilən məhdudiyyətlər həmin ölkədən idxal edən ölkələrin bazarlarına təsir edəcək, bazarlarda qiymət artımı qaçılmazdır. Azərbaycan üçün qiymət baxımından İrandan gələn məhsullar daha əlverişli idi. Çünki həm məsafə az idi, daşıma o qədər baha başa gəlmirdi, həm də İran məhsulları sanksiyalar səbəbindən daha ucuz əldə etmək olurdu".
Bunu Redaktor.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirdi.
Müsahibimizin sözlərinə görə, İran məhsulları ölkə daxilində qiymət baxımından stabilləşdirici rol oynayırdı:
"Nisbətən İran məhsulları bazara ucuz və əlverişli şərtlərlə təqdim olunurdu. Bu baxımdan məhdudiyyətlər ölkədə qiymətlərin artmasına gətirib çıxara bilər. Təkcə İranın qoyduğu məhdudiyyətlər yox, həm də İranın tranzit ölkə kimi müharibə səbəbindən sıradan çıxması Azərbaycan üçün digər istiqamətlərdə də problem yarada bilər. Xüsusən də Şərqlə ticarət, Şərqdən, Çindən idxal istiqamətlərindən biri Bəndər-Abbas limanı idi. Ticarət İran üzərindən baş tuturdu, kifayət qədər qısa müddət və əlverişli qiymət şərti ilə Azərbaycanın Şərq idxalının əhəmiyyətli hissəsi İran üzərindən keçirdi. Naxçıvanla birbaşa əlaqələr də İran üzərindən daha əlverişli marşrut idi. Yəni bu, təkcə İrandan idxal olunan məhsullar yox, daşıma xərclərinin artması və daşıma müddətinin artması səbəbindən digər istiqamətlərdən gələn məhsulların da qiyməti bahalaşa bilər".
Aytəkin TOFİQQIZI