AZ

Kəndlərin zonalara bölünməsi ideyası:Sosial balans necə qorunacaq?

Xəbər verdiyimiz kimi, parlamentin ötən iclaslarından birində deputat Razi Nurullayev təklif edib ki, azad olunmuş ərazilərdə kəndlər zonalara bölünsün. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Yusif Nəbiyev bildirdi ki, deputatın irəli sürdüyü yanaşmada müəyyən məntiq var:

"Məkan anlayışı sabit və dəyişməz model deyil, sosial münasibətlərin məhsuludur. Bu baxımdan, insanlar necə yaşayırsa, məkanları da ona uyğun formalaşmalıdır. Müasir dövrümüzdə isə kəndin yalnız aqrar fəaliyyətlə eyniləşdirilməsi sosial reallıqdan uzaqlaşmaq, planlaşdırmaya hələ də köhnə təsəvvürlərlə yanaşmaq deməkdir. Bu gün kənddə yaşamaq istəyən hər kəs fermer olmaq istəmir və bu seçim müxtəlifliyi nəzərə alınmalıdır. Funksional zonalaşma ideyası bu baxımdan rasional görünür. Turizm, xidmət sektoru və ya distant iş imkanları kənd məkanını da yeni iqtisadi modelə doğru dəyişir. Lakin burada əsas məsələ sadəcə iqtisadi diversifikasiya yox, sosial balansdır. Çünki məkan daxilində fərqli iqtisadi fəaliyyət formaları zamanla fərqli gəlir, status və imkan fərqləri də yarada bilir. İqtisadi üstünlük isə zamanla mədəni və simvolik üstünlüyə də çevrilə bilir. Nəticədə sosial məsafə böyüyür".

Müsahibimiz düşünür ki, bu sosial məsafə kənd daxilində parçalanmaya səbəb ola bilər:

"Fransız sosioloq Durxeym düşünürdü ki, ənənəvi kənd icması oxşar fəaliyyət üzərində qurulmuş mexaniki həmrəylik modelinə əsaslanır. Əgər kənd daxilində həyat tərzi və resurs fərqləri kəskinləşərsə, onda bu həmrəylik də zəifləyə və yerini rəqabətə verə bilər. Eyni kənddə yaşayan insanlar artıq ortaq icma hissi ilə yox, fərqli sosial mövqelər üzərindən bir-birini qiymətləndirməyə başlaya bilərlər.  Ona görə də modeli dəyişmək doğru bir strategiya ola bilər, amma bunu edərkən icma bağları, resursların ədalətli bölgüsü və seçim azadlığı mütləq qorunmalıdır. Planlaşdırma kağız üzərində yox, real sosial dinamikalar bazasında qurulmalıdır. Əks halda məkanın forması dəyişsə də problem olduğu kimi qalacaq".

Nuriyyə NATİQQIZI

Seçilən
64
1
redaktor.az

2Mənbələr