Bakı, 5 mart, AZƏRTAC
Bu gün Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan ərazisinə İran tərəfindən həyata keçirilmiş dronlarla hücum regionda təhlükəsizliyə və sabitliyə açıq təhdid yaratmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Hədəfə alınan obyektlər mülki infrastruktura, o cümlədən strateji əhəmiyyət daşıyan hava limanına aid olub ki, bu, dinc vətəndaşların həyatının birbaşa təhlükəyə düşməsi deməkdir. İran tərəfinin məlum təxribatı həm hərbi baxımdan, həm də siyasi və mənəvi baxımdan qəbuledilməzdir. Hesab edirəm ki, belə bir vəziyyətdə mülki obyektlərin hədəfə alınması, İranın həm siyasi, həm də mənəvi məsuliyyətindən yayınmaq üçün seçdiyi bir strategiyadır. Bu tərz yanaşma həm də diplomatik etikaya və beynəlxalq normalara qarşı açıq meydan oxuma deməkdir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə bildirib.
Azərbaycanın mövqeyinin hər zaman aydın olduğunu deyən deputat vurğulayıb ki, qonşularla sülh və əməkdaşlıq prinsiplərinə sadiqlik bizim dövlət siyasətimizin prioritetidir, ancaq ərazilərimizə qarşı hər hansı təxribata da cavab vermək iqtidarındayıq. Şübhəsizdir ki, heç bir təxribat təkcə diplomatik və hüquqi addımlarla həll olunmur. Azərbaycanın regiondakı hərbi qabiliyyəti də göz önündədir. Bu mənada, ölkəmizin ərazi bütövlüyünə qarşı yönələn istənilən təxribat halları ağır nəticələr doğura bilər.
Ə.Məhərrəmzadənin fikrincə, İranla başladılan müharibə fonunda Azərbaycan həmişəki kimi bu dəfə də regionda humanitar və diplomatik mövqeyini bir daha ortaya qoyub. Ölkəmizin bütün humanitar jestlərinin fonunda Naxçıvanda mülki obyektin hədəfə alınması, Prezidentin təbirincə desək, “çirkincə, namərdcə, nakişi” addım kimi qiymətləndirilməlidir. Əlbəttə, bu hadisə təkcə dövlətə qarşı yox, həm də dinc əhaliyə və mülki infrastruktura qarşı yönəlmiş terror aktıdır. Təbii ki, Azərbaycanın mövqeyi prinsipialdır. Dövlətimiz heç vaxt qonşularına qarşı təxribat törətməyib, əksinə, həmişə humanitar yardım və sülh niyyəti ilə çıxış edib. İranın bu hücumla nümayiş etdirdiyi riyakarlıq, qısqanclıq və nankorluq yalnız beynəlxalq imicini zədələyir.
Deputatın fikrincə, İranın bu hərəkəti həm də regionda balansı sınağa çəkmək, Azərbaycanın strateji mövqeyinə və sabitliyinə təzyiq göstərmək məqsədi daşıyır. Dron hücumu, həmçinin ölkəmizin humanitar və diplomatik jest göstərdiyi halda, açıq şəkildə təxribat və terror aktına çevrilməsi, beynəlxalq hüquq və qonşuluq prinsiplərinə hörmətsizlik deməkdir. Bu davranış beynəlxalq hüququn pozulması ilə yanaşı, qonşuluq prinsiplərinə hörmətsizlik ifadəsidir. Nəticə etibarilə, dövlətə və dinc əhaliyə qarşı terror aktı kimi qiymətləndirilən bu hücum sözsüz ki, Azərbaycan tərəfdən cavabsız qala bilməz. Hadisəyə cavab olaraq Türkiyə, Böyük Britaniya, Fransa, Birləşmiş Ərəb Əmirliyi, İordaniya, Səudiyyə Ərəbistanı, Gürcüstan və s. ölkələr Azərbaycanın haqlı mövqeyini dəstəkləyərək, bu hücumu qətiyyətlə pisləyiblər. Bu beynəlxalq reaksiyalar Azərbaycanın suverenliyini müdafiə etmək hüququnu dəstəkləməklə yanaşı, eyni zamanda, regionda balansı qorumağa yönəlmiş strateji əhəmiyyətli diplomatik mesajdır. İranın təxribatçı addımı, belə dəstək fonunda həm siyasi, həm də mənəvi təcridini daha da artırır.
“Bütün bunlarla yanaşı, dövlətimiz hər zaman olduğu kimi, bu gün də öz təhlükəsizliyi üçün bütün siyasi, diplomatik və hərbi vasitələrdən istifadə etməyə hazırdır. Tarix göstərir ki, ölkəmizə qarşı yönəlmiş hər hansı təxribat sonda onu törədənlər üçün ağır nəticələrlə başa çatıb. Azərbaycan Silahlı Qüvvələri suverenliyimizin və vətəndaşlarımızın təhlükəsizliyini qorumaqda hər zaman dönməz, prinsipial və sarsılmaz mövqeyə sahibdir. Hazırda ölkəmizə qarşı yönəlmiş təxribatlara cavab olaraq, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə birlikdə bütün xüsusi təyinatlı bölmələr tam səfərbərlik vəziyyətinə gətirilib. Ordumuzun hər bir zabiti və əsgəri Müzəffər Ali Baş Komandanın verdiyi tapşırıqları maksimum dəqiqlik və peşəkarlıqla icra etməyə hazırdır. Bu hazırlıq Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı təxribata qarşı qətiyyətli müdafiənin təminatıdır və düşmənə açıq mesajdır ki, hər hansı təxribat cəhdləri sarsılmaz qüvvə ilə qarşılanacaq”, - deyə deputat bildirib.