AZ

Rekordların adamı Ceyms Milner

İngiltərə çempionatında 40 yaşında forma geyən nə qədər futbolçu tanıyırsız? Özü də söhbət elə-belə oynamaqdan yox, meydana çıxıb komandaya fayda verməkdən gedir.

"Football-plus.az" xəbər verir ki, 2000-ci illərdə bunu “Vest Hem”də Teddi Şeringem, 2010-cu illərdə “Mançester Yunayted”də Rayan Giqqz də bacarırdı. Bəs 2020-ci illərdə? Çox düşünməyə ehtiyac yoxdu. Bu, Ceyms Milnerdi. “Brayton”un şərəfini qoruyan təcrübəli yarımmüdafiəçi premyer-liqanın son turunda “Brentford”la səfər oyununda meydana çıxdı. Bu futbolçu 40 yaş 1 ay 17 günlüyündə start heyətində meydana çıxdı və 90-cı dəqiqədə əvəzləndi. Ona nahaq yerə “dəmir adam” ləqəbini verməyiblər. Amma yazının mövzusu bu deyil.

654... və hələ davamı olacaq
Milnerin bu yaşda premyer-liqa kimi çətin turnirdə 90 dəqiqə oynamasından daha vacib olan məqam var. Bazar günü o, İngiltərə çempionatında 654-cü oyununa çıxdı. Milner bununla da 8 ildi davam edən rekordu yenilədi. O, 2018-in fevralında “Vest Bromviç”in heyətində yer alarkən 653-cü oyununu keçirən Qaret Barrini geridə qoyaraq premyer-liqada ən çox oyuna çıxan futbolçuya çevrildi! Bu ikilidən başqa turnirin tarixində 600-dən çox oyuna çıxan cəmi iki futbolçu var. Bunlar Rayan Giqqz (632) ilə Frenk Lemparddı (611). İlk “10-luq”da sonrakı pillələrdə Devid Ceyms (572), Qari Spid (535), Emil Heski (516), Mark Şvartser (514), Ceymi Karrager (508) və Rio Ferdinand (504) qərarlaşıb. Heyrət doğuran məqam odu ki, bu rekordu yeniləyərkən Milner premyer-liqada Barridən 13874 dəqiqə az meydanda olub. Bu da 154 oyuna, başqa sözlə desək, təxminən 4 mövsümə bərabərdi! Milner İngiltərə elitasında bu oyunları 6 fərqli klubun – “Lids”, “Nyukasl”, “Aston Villa”, “Mançester Siti”, “Liverpul” və “Brayton”un heyətində keçirib. İngiltərə yığmasında isə o, 2009-16-cı illərdə 61 oyuna 1 qol vurub. Hazırda karyerasını davam etdirənlər arasında Milnerə oyun sayında ən yaxın olanlar Eşli Yanq (485), Cordan Henderson (456) və Kayl Uokerdi (436).

Milnerlə bağlı daha bir maraqlı məqam odu ki, o, həm də premyer-liqa tarixində ən çox (21) fərqli məşqçinin başçılığı altında meydana çıxmış futbolçudu. Bura müvəqqəti məşqçilər də daxildi. Bu siyahıda 2-ci pillədə Ben Foster (19), 3-cü pillədə Cermeyn Defo (18) qərarlaşıb. Milnerin indiki məşqçisindən, yəni “Brayton”un almaniyalı çalışdırıcsı Fabian Hürtselerdən 7 yaş 53 gün böyük olmasını da xüsusi qeyd etməyə dəyər. O, premyer-liqada ilk oyununa çıxarkən indiki ulduzlardan Florian Virts, Xavi Simons, Benyamin Şeşko, Koul Palmer, Jeremi Doku, Rikkardo Kalafyori və Rayan Qravenberx hələ doğulmamışdı! İndi Milnerin qıra biləcəyi bir əsas rekord qalıb. Ötən ilin avqustun 31-də o, 39 yaş 239 günlüyündə “Mançester Siti” ilə qarşılaşmada fərqlənməklə premyer-liqa tarixində qol vuran ən yaşlı ikinci futbolçuya çevrilmişdi. Rekordu yeniləmək üçün qəhrəmanımız gələn mövsüm də bu turnirdə çıxış etməlidi. Çünki rekord 40 yaş 268 günlüyündə fərqlənən Teddi Şeringemə məxsusdu.

Premyer-liqanın yarısı ya ona qarşı, ya da onunla birlikdə oynayıb
Bu tarixi rekordun başqa detallarına da nəzər salaq. Milner debüt matçını 2002-ci il noyabrın 10-da “Vest Hem”ə qarşı keçirib. Həmin vaxt o, 16 yaş 309 günlük idi. Düzdü, həmin vaxt Milner turnirin ən gənc oyunçusu rekordunu yeniləyə bilməmişdi. Amma kim təsəvvürünə gətirərdi ki, onun karyerası bu qədər uzunömürlü olacaq və Ceyms illər sonra tam fərqli baxımdan turnirin tarixinə düşəcək. Milner, demək olar, bütün karyerasını premyer-liqada keçirib. Yalnız bir dəfə - 2003-cü ildə o, qısa müddətə 1-ci liqa, yəni 3-cü divizion təmsilçisi “Suindon”a icarəyə verilmişdi. Yeri gəlmişkən, Milner o klubda cəmi 6 oyunda meydana çıxdı və rəqib kimi qarşılaşdığı klublardan biri də “Brayton” idi. 22,5 ildən sonra heyətində rekord qıracağı həmin o “Brayton”! Ceyms şərəfini qoruduğu bütün klublarda aparıcı və ya ən azı məşqçilərin etimad göstərdiyi futbolçulardan olub. O, 654 oyundan 200-nü “Liverpul”da, 147-ni “Mançester Siti”də, 100-nü “Aston Villa”da, 94-nü “Nyukasl”da, 48-ni “Lids”də və hələ ki 35-ni “Brayton”da keçirib. Universal futbolçu bu matçlarda qapı və müdafiənin mərkəzi istisna olmaqla bütün mövqelərdə oynayıb.

Bir müddət öncə “Opta”nın analitikləri inanılmaz bir reallığı ortaya çıxardı. Sən demə, 1992-ci ildən yaranan premyer-liqada indiyə qədər meydana çıxmış futbolçuların 49 faizi, yəni az qala yarısı ya Milnerə qarşı, ya da onunla eyni klubda oynayıb! Ümumilikdə premyer-liqada o, 281 fərqli futbolçu ilə komanda yoldaşı olub. Onların arasında həm 1968-ci ildə, həm də 2007-ci ildə doğulanlara rast gəlmək olar. Son 24 mövsümdə premyer-liqada 100 oyun həddini aşan ümumilikdə 876 futbolçu var. Milner onlardan 99,9 faizi ilə ya komanda yoldaşı, ya da rəqib olub. Bu futbolçular arasında onunla müxtəlif səbəblərdən yolları kəsişməyən yeganə futbolçu “Brentford”lu Neytan Kollinzdi. “Dişə vurulası” son fakt odu ki, Milner premyer-liqada 55 qarşılaşmada qol sevinci yaşayıb və bu oyunların heç birində uduzmayıb (44 qələbə, 11 heç-heçə). Ancaq bu göstəricidə rekord Qabriel Jezusa (60) məxsusdu.

Seçilən
126
1
football-plus.az

2Mənbələr