Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İranın nüvə silahı hazırladığına dair heç bir dəlili yoxdur. BAEA-nın baş direktoru Rafael Qrossi bunu sosial mediada bildirib.
O deyib ki, “İranın nüvə bombası hazırladığına dair heç bir dəlil olmasa da, silah dərəcəsinə yaxın zənginləşdirilmiş uran ehtiyatlarının böyük olması və müfəttişlərimə tam giriş imkanı verməkdən imtina etməsi ciddi narahatlıq doğurur".
Qrossi vurğulayıb ki, Tehran BAEA ilə əməkdaşlıq etməyincə və müfəttişlərə tam giriş imkanı verməyincə, agentlik İranın nüvə proqramının yalnız dinc xarakter daşıdığını təsdiqləyə bilməyəcək.
Rafael Qrossinin açıqlaması İran ətrafında gedən siyasi mübahisələrə daha realist və texniki çərçivə gətirir. Qrossinin sözlərində iki paralel xətt var. Bir tərəfdən, o açıq şəkildə bildirir ki, İranın nüvə silahı hazırladığına dair konkret sübut yoxdur. Bu, Tehrana qarşı səsləndirilən bəzi maksimalist ittihamları zəiflədir və məsələyə emosional deyil, faktoloji yanaşmanın vacibliyini göstərir. Digər tərəfdən isə o vurğulayır ki, silah səviyyəsinə yaxın zənginləşdirilmiş uranın böyük həcmi və müfəttişlərə tam çıxışın verilməməsi ciddi narahatlıq doğurur. Yəni problem “sübut olunmuş bomba” deyil, “şəffaflığın yetərli olmamasıdır”.
Əslində əsas məsələ etimad böhranıdır. Əgər İran proqramının dinc xarakter daşıdığını israrla bildirirsə, o zaman tam şəffaflıq göstərmək məntiqli addım olardı. Əks halda, qeyri-müəyyənlik regionda onsuz da yüksək olan gərginliyi daha da artırır və sərt mövqe tərəfdarlarının əlini gücləndirir.
Bu açıqlama onu göstərir ki, hazırkı mərhələdə məsələ hərbi deyil, siyasi-diplomatik müstəvidə həll olunmalıdır. Əməkdaşlıq genişlənərsə, böhran yumşala bilər; əks halda isə şübhələr və təzyiqlər artacaq.
Politoloq İlyas Hüseynov Musavat.com-a bildirib ki, danışıqların heç bir nəticə verməməsi, İranın sərt mövqeyi İsrail və ABŞ-nin İrana hərbi zərbələr endirməsinə və faktiki müharibəyə gətirib çıxardı. Müharibə geniş miqyas alıb və davam etməkdədir: “Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun fikirlərində əksini tapan məqamlar sanki İrana qarşı keçirilən hərbi əməliyyatlara haqq qazandırmaqdır. İran faktiki olaraq araşdırılma aparılmasına imkan verməməkdə günahlandırılır. Həqiqətən də İranın öz dediyindən geri addım atmaması, heç bir razılaşmaya yaxın gəlməməsi, manevrləri ona qarşı məlum sərt tədbirlərin görülməsinə gətirib çıxardı. İsrail tərəfi ABŞ-ni inandırdı ki, yaxın müddətdə İran atom bombası əldə edəcək. İsrail və ABŞ uzun müddətdən bəri İrana qarşı hərbi zərbələr endirməyə çalışırdı. İran rejiminin lazımsız dirənişi və yanlış mövqeyi bu ölkələrə əsas verdi. Və bu gün də İran rejimi yanlış siyasətini davam etdirir. Nəticə isə göz qabağındadır. Əvvəldən Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq qurulsaydı və araşdırma aparılmasına şərait yaratsaydılar müharibə riskindən yayınmaq mümkün idi”.
Etibar Seyidağa,
Musavat.com