AZ

İran Trampı “Hörmüz tələsi”nə salmaq istəyir

Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dünyanın ən vacib dəniz gəmiçilik marşrutlarından biri Hörmüz boğazıdır. İran Hörmüzdə ABŞ prezidenti Donald Tramp üçün “tələ” qurub. İran İnqilab Keşikçiləri (SEPAH) boğaz üzərində “tam nəzarəti” əldə etdiklərini açıqlayıb. Bölgədə fəaliyyət göstərən gəmiləri vurmaqla hədələyən İran, son həftələrdə bu vacib enerji tranzit nöqtəsi ilə bağlı mesajlarının sayını artırıb.

Reyting.az Britaniyanın nüfuzlu “The Telegraph” qəzetinə istinadla bildirir ki, İranın “Hörmüz boğazını Tramp üçün ölüm tələsinə çevirmək” planı var.

İranın bu addımı ənənəvi hərbi gücünün çox hissəsini itirmiş bir rejim üçün çarəsiz görünsə də, o, Qərbə və regiona zərər verə biləcək bir çox vasitəyə sahibdir.

Qeyd edək ki, Hörmüz boğazı dünya neft və təbii qaz daşımalarının təxminən 20 faizini əhatə edir. İran tərəfdən kommersiya gəmilərinə qarşı raket və pilotsuz təyyarə təhdidləri isə Hörmüz boğazını faktiki olaraq bağlayıb.

Məlumata görə, yaranmış vəziyyət Rusiya prezidenti Vladimir Putinin Avropaya qaz tədarükünü məhdudlaşdırmaqla Ukraynanı dəstəkləyən ölkələrə qarşı enerji müharibəsinə bənzəyir. Hörmüz boğazının bağlanması da eyni dərəcədə neft və digər istehlak mallarının qiymətini artırma potensialına malikdir.

Buna cavab olaraq, prezident Tramp ABŞ hökumətinin kommersiya gəmilərinə sığorta paketləri təklif edəcəyini və Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinin eskortlarını təmin edəcəyini açıqlayıb. Lakin, İranın gözlədiyi kimi, bu addım Trampı tələyə salmaq potensialına malikdir.

Tramp Oman körfəzində İranın xeyli sayda hərbi gəmisinin batması ilə cəsarətlənsə də, bu addım onu birbaşa İranın qalan təhlükəli silah sistemləri ilə qarşılaşdıra bilər.

İsveçrədəki Sent Qallen Universitetinin Yaxın Şərq üzrə eksperti Andreas Böhm deyib ki, ABŞ müşayiəti kommersiya gəmilərinə hücum riskini azaltmaq üçün məntiqli görünür və Tramp İranın donanmasını zərərsizləşdirib: “Lakin bu, ABŞ qüvvələrini İrana daha yaxın və daha asan hədəfə çevirir. Hətta bir gəmi də vurularsa, bu, Donald Trampın Amerika siyasi səhnəsindəki imici üçün fəlakət olacaq”.

Hörmüz boğazının ən dar nöqtəsi 38 kilometr enindədir və körfəzi dünya bazarları ilə birləşdirir. Şimaldan İran və cənubdan Omanla həmsərhəd olan boğaz, İraq, Küveyt, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanının şərq sahili və Birləşmiş Ərəb Əmirliklərindən olan gəmilərin enerji bazarlarına çata biləcəyi yeganə dəniz yoludur.

İran donanması beş günlük bombardmanda ağır itkilər versə də, Hörmüz boğazı ətrafındakı ABŞ eskortları üçün təhlükə yarada biləcək digər elementlər də mövcuddur. Tehranda yerləşən Bəndər Abbasda 17 sualtı qayıq dayanır və ABŞ qüvvələri indiyə qədər onlardan yalnız birini zərərsizləşdirib.

Digər təhdidlərə İranın cənub sahili boyunca yerləşdirilən qısa mənzilli raketləri və dronları daxildir. Bundan əlavə, Yəməndəki Husi qruplaşması 2023-2024-cü illərdə Qəzzaya dəstək olaraq Qırmızı dənizdə gəmilərə hücumlar həyata keçirib.

V. QULİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
107
reyting.az

1Mənbələr