AZ

"İran bütün qonşularına savaş açıb" -Emin Həsənli

Ötən gün NATO tərəfindən vurulmuş ballistik raketin qalıqları Türkiyə ərazisinə düşüb. Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən bildirilib ki, İran ərazisindən atılan raket Suriyanın hava məkanında vurulub. Bu gün isə İranın Baş Qərargahının bəyanatında bildirilib ki, İran Silahlı Qüvvələri qonşu və dost Türkiyənin suverenliyinə hörmətlə yanaşır və bu ölkəyə qarşı hər hansı raket atılması ilə bağlı iddiaları rədd edir.

Bəs raketin hansı ölkəyə aid olması müəyyənləşdirilə bilər?

Redaktor.az-a danışan hərbi ekspert Emin Həsənlinin sözlərinə görə, digər üçüncü qüvvələr də maraqlı ola bilər ki, Türkiyəni prosesə qatsınlar, daha çox ölkə prosesə qatışsın:

"İranla birbaşa nə İsrailin, nə Amerikanın quru sərhədi var. Bu ölkə ilə Türkiyənin quru sərhədləri var. Amma Türkiyə çox güclü dövlətdir, Türkiyə boşuna bəyanat verməz. Dəqiq məlumatları olmasa, Türkiyə Müdafiə Nazirliyi açıqlamanı verməz. Yəni indi elə bir əsrdir ki, elm-texnologiya o qədər inkişaf edib ki, hansı silahın hansı ölkəyə məxsus olduğunu və haradan atıldığını və yaxud da kimin təxribat edəcəyini öncədən bilmək və araşdırıb bilmək olur ki, bunu kim edib. Yəni ona görə də İranın dedikləri səmimi görünmür. Yəni "səhvən ola bilər" fikri, "yanlışlıq ola bilər" fikri hardasa qüsurlarını azalda bilərlər. Hazırda ballistik raketlər elə bir formadadır ki, azacıq dəqiqlik çatmır, yəni kiçik bir məsafədə səhv edə bilərlər, amma silahlar dəqiqdir. Məsələn Birləşmiş Ərəb Əmirliklərində - Dubayda Amerikanın konsulluğunu vurdular, başqa binanı vurmadılar və yaxud da ayrı-ayrı ölkələrdə hərbi bazaları vurublar".

Müsahibimiz vurğuladı ki, İran bütövlükdə bütün qonşularına savaş açıb:

"Amerikanın harada hərbi bazaları var, İran onu vurub və bu da İranın özü üçün yaxşı olmayan nəticələrə gətirib çıxaracaq. Bütövlükdə İranın da get-gedə silahları azalacaq. Müharibə davam edərsə, Amerika Birləşmiş Ştatları NATO müttəfiqlərinin bir hissəsini müharibəyə cəlb edə bilər. Hələ ki, ABŞ-nin kifayət qədər ehtiyatları var. Müharibədə qarşıya qoyulan məqsədlər var. Bu müharibədə rejimi dəyişmək istəyirlərmi? Dedikləri kimi səmimidirlərsə, əgər gözlədikləri kimi İranda xalq ayağa qalxmayacaqsa, İraqdakı kimi, Suriyadakı kimi, başqa ölkələrdəki kimi əraziyə ordu yeritmək məcburiyyətində qalarlar, onda da daha çox müttəfiqlərə ehtiyac yaranacaq. Amma ABŞ ən güclü hava qüvvələrinə məxsusdur və kifayət qədər də imkanları, ehtiyatı var və bu prosesi davam etdirəcək".

Aytəkin TOFİQQIZI

Seçilən
108
50
redaktor.az

10Mənbələr