AZ

Tramp İranla müharibədə NATO-dan hələ rəsmi dəstək istəməyib - ilginc...



Abutalıb Səmədov: "İran ərəb ölkələrinə zərbələr endirməklə ABŞ-a kömək etdı - Fars Körfəzinin altı ölkəsini Amerikanın muttəfiqinə çevirdi"

Tramp İranla müharibədə NATO müttəfiqlərindən niyə rəsmi dəstək istəmədi? Axı dil-qəfəsə qoymadan təkrar edirlər ki, İran Amerikanı məhv etmək istəyir?

Politoloq Abutalib Səmədov “Bakı-Xəbər” nəşrinə məsələ ilə bağlı açıqlamasında bildirdi ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayanda düşünürdülər ki, bu əməliyyat asanlıqla uğur qazanacaq: “Tramp dəfələrlə söyləyirdi ki, Amerika ordusu dünyanın ən böyük ordusudur, İran ətrafına çox böyük bir potensial yığılıb və qısa müddətdə İranı ABŞ-ın şərtləri ilə razılaşmağa məcbur etmək mümkün olacaq. Amma hadisələrin sonrakı gedişi göstərdi ki, hər şey Trampın bəyan etdiyi kimi asan başa gəlməyəcək. İndi vəziyyətdən çıxış üçün nə etməli?

Bir tərəfdən İran ərəb ölkələrinə zərbələr endirməklə ABŞ-a kömək etdi - Fars körfəzinin altı ölkəsini Amerikanın müttəfiqinə çevirdi. Söhbət Qətər, Küveyt, Bəhreyn, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından gedir. Onlar bəyan etdilər ki, İranın hücumuna cavab verəcəklər. Eyni zamanda Böyük Britaniya, Almaniya və Fransa da əvvəlcədən İrana qarşı güc tətbiq edə biləcəklərini söyləmişdilər. Amma sonradan Makron ABŞ və İsrailin İrana qarşı hücumunu beynəlxalq hüququn pozulması kimi qiymətləndirdi. Starmer də Trampı tam qane etməyən bəyanatlar verdi, üstəlik ABŞ-ın gözləmədiyi addımlar atdı.

Belə bir şəraitdə dünyanın ən böyük hərbi gücünə malik ABŞ nə etməlidir? Bir tərəfdən Rusiyanı hamı günahlandırır ki, sən dünyanın ikinci gücüsən, lakin artıq dörd ildir Ukraynada ciddi uğur əldə edə bilməmisən. Halbuki Ukraynanın arxasında 50-yə yaxın Qərb dövləti var və kifayət qədər ciddi yardımlar göstərilir. Üstəlik Rusiya Ukraynanın təxminən 121-122 min kvadrat kilometr ərazisini işğal edib. Bu şəraitdə ABŞ-ın rəsmi yardım istəməsi müəyyən qədər onun zəifliyinin etirafı kimi də qiymətləndirilə bilər. Görünür, bu səbəbdən hələlik ABŞ rəhbərliyi bu kontekstdə rəsmi müraciət etməmək qərarına gəlib.

Ancaq NATO-nun baş katibi Mark Rutte bəyan edib ki, alyans 5-ci maddənin tətbiqinə – İrana qarşı kollektiv müdafiənin təşkilinə başlaya bilər. Maraqlı odur ki, NATO müqaviləsinin 5-ci maddəsində alyans üzvlərindən hər hansı birinə qarşı hücum və ya işğal faktı qeydə alınarsa, bu maddə işə düşür və bütün üzv dövlətlərə qarşı hücum kimi qiymətləndirilir. Lakin İran ABŞ və İsrailə (yeri gəlmişkən, İsrail NATO üzvü deyil) qarşı heç bir işğal addımı atmayıb. Bu səbəbdən 5-ci maddənin işə düşmə mexanizmi kifayət qədər mübahisəlidir.

Ancaq indi bir şey aydındır ki, Trampın söylədiyi kimi quru əməliyyatlarına başlanılarsa, bu, ciddi koalisiyanın yaranmasını tələb edəcək. Çünki İran yaxşı hazırlıqlı, silahlanmış və 600 mindən çox şəxsi heyəti olan güclü bir orduya malikdir. Bu ordunu İran ərazisində məğlub etmək üçün 800-900 min nəfərlik ordu səfərbər edilməlidir. Bu məsələdə isə həmişə olduğu kimi ABŞ önə düşmək istəmir. Hələlik kürdləri bu prosesə qoşmaq istəyirlər. Bir neçə ay bundan əvvəl bu istiqamətdə kürdlərlə işə başlanılıb. Həm İran, həm də Suriya kürdləri quru əməliyyatlarında aktiv şəkildə iştirak etməlidirlər. Amma bu da kifayət deyil. Mütləq digər ölkələrin də koalisiya şəklində quru əməliyyatlarında iştirakına ehtiyac var.

Siyasi ekspertin fikrincə, məlumdur ki, NATO üzvü olan ölkələr bu cür əməliyyatlarda məhdud kontingentlə iştirak etməyə üstünlük verirlər: “Biz bunu Ukrayna məsələsində də gördük - gurultulu bəyanatlar verən ölkələr son məqamda 20-25 mindən artıq əsgər verə bilməyəcəklərini dedilər. Əgər quru əməliyyatları keçirilərsə, bu say yəqin ki, bir qədər də az olacaq. Bu səbəbdən ABŞ ciddi narahatlıq keçirir. Baxmayaraq ki, dövlət katibi qarşıdan ABŞ-ın əsas zərbəsinin gələcəyini və bunun çox ağır olacağını bəyan edib.

İstifadə edilməmiş nə qalıb - raketlər, Su-35 təyyarələrinin imkanları və s. artıq səfərbər olunub. Əlavə nəyi işə salmaq olar ki, bu İran üçün ağır zərbə hesab edilsin? Əgər quru əməliyyatları olmasa, İranı ABŞ-ın şərtlərini qəbul etməyə məcbur etmək mümkün olmayacaq. Tramp artıq şikayət etməyə başlayıb ki, Bayden silahların böyük hissəsini havayı Zelenskiyə verib, indi isə istifadə etmək üçün silah çatışmır.

Güman edirəm ki, qüruru bir tərəfə qoyub prezident Tramp müttəfiqlərinə müraciət etməlidir və onları koalisiya şəklində bu prosesdə iştiraka həvəsləndirməlidir. Tramp indiyə qədər yeritdiyi siyasətə də yenidən baxmalıdır. Hətta ən güclü dövlətlərin də bəzən zəif müttəfiqlərə ehtiyacı olur. Bu müraciətə Qərb dövlətlərinin necə reaksiya verəcəyi hələlik məlum deyil. İspaniya artıq bu prosesdə iştirak etməyəcəyini bildirib. Digər dövlətlər isə hələ ki, məsələyə münasibət bildirməyiblər. Fransa, Böyük Britaniya və Almaniya İrana qarşı əməliyyatda iştirak etməyə hazır olduqlarını deyiblər. Digər NATO üzvlərinin, ilk növbədə Türkiyənin mövqeyinin necə olacağını isə yaxın günlər göstərəcək.

Bu məqamda İran da atdığı addımlar barədə ciddi düşünməlidir. Ağını-bozunu seçmədən sağa-sola zərbələr endirmək İran xalqının maraqlarına qətiyyən cavab vermir. Dünən Türkiyəyə atılan və havada vurulan ballistik raket də İranı bir daha düşünməyə vadar etməlidir. Türkiyə ilə Körfəz ölkələri arasında çox böyük fərq var və Türkiyəni düşmənə çevirmək heç cür İranın maraqlarına cavab vermir.”

Akif NƏSİRLİ

Seçilən
8
baki-xeber.com

1Mənbələr