AZ

Politoloq: “İran tərəfindən verilən bəyanatlarla real addımlar arasında ziddiyyət müşahidə olunur”

Politoloq:
"İran münaqişənin radiusunu genişləndirmək niyyətindədir". Bunu 1news.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə mütəxəssis, politoloq Əziz Əlibəyli deyib.
Onun sözlərinə görə, bu, İranın idarəolunmaz müharibə strategiyasına keçmək cəhdidir və məqsəd prosesi ABŞ və İsrailin planlaşdırdığı münaqişə çərçivəsindən çıxarmaqdır: “Əgər idarəolunmaz vəziyyət yaranarsa, bu zaman təkcə İran deyil, regionun digər ölkələri də hədəfə çevrilə bilər. Nəticə etibarilə Azərbaycan kimi dövlətlərin də prosesə cəlb olunması ilə İsrail və ABŞ üzərində əlavə təzyiq formalaşdırmaq niyyəti ortaya çıxır. Sual oluna bilər ki, niyə sırada konkret ABŞ-ın rəsmi hərbi təmsilçiliyi olan obyekt yoxdur? Bu, ayrıca təhlil mövzusudur. Amma əsas məsələ ondan ibarətdir ki, İran münaqişənin coğrafiyasını genişləndirməyə çalışır”. Politoloq bildirib ki, bu kontekstdə ən həssas coğrafiya kimi Naxçıvanın seçilməsi təsadüfi deyil: “Naxçıvan dedikdə, son dövrlər gündəmdə olan Zəngəzur dəhlizi məsələsini də nəzərə almalıyıq. Bu, təkcə bir əraziyə yönəlmiş addım deyil, eyni zamanda kommunikasiya xətlərinin və strateji layihələrin hədəfə alınması deməkdir. Müəyyən baxış bucağından bu, həmin layihələrin zəiflədilməsi və prosesin ləngidilməsi məqsədi daşıya bilər”. Ə.Əlibəyli vurğulayıb ki, baş verənlər Azərbaycanın milli maraqlarına birbaşa təhdiddir: “Burada söhbət Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş riskdən gedir. Azərbaycan ərazisinə İran tərəfindən zərbələrin endirilməsi faktı həm Müdafiə Nazirliyi, həm də Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənib. Müxtəlif mənbələr də Azərbaycanın kommunikasiya xətlərinin hədəf alındığını yazır. Bu, Azərbaycanın ən həssas nöqtəsinə toxunmaq cəhdidir”. Onun fikrincə, Naxçıvan məsələsi daha geniş mənada türk dünyası kontekstində qiymətləndirilməlidir: “Reaksiyalar dərhal gəldi. Bu məsələ təkcə Azərbaycanla məhdudlaşmır. Naxçıvan demək Türkiyə deməkdir, eyni zamanda Türk Dövlətləri Təşkilatı faktoru burada ön plana çıxır. Özbəkistandan operativ reaksiya verildi, digər islam ölkələri də münasibət bildirdi. Qətərdən də açıqlama səsləndi, Pakistan da bəyanatını yəqin ki, yaxın vaxtlarda müşahidə edəcəyik. Bu, münaqişənin orbitinin genişləndirilməsi cəhdinə qarşı regional həssaslığın göstəricisidir”. Politoloq qeyd edib ki, zərbələrin əsas məqsədlərindən biri gərginliyi maksimum səviyyəyə çatdırmaqdır: “Bundan əvvəl Türkiyə ilə bağlı insident yaşanmışdı, Türkiyə hava məkanında təhlükəli vəziyyət yaranmışdı. İran prezidenti qonşu ölkələrə müraciət etmişdi. Lakin həmin müraciətdən sonra yenidən belə addımın atılması sual doğurur: İran monolitdirmi? Ölkə daxilində qərarvermə vahid mərkəzdən koordinasiyalı şəkildə həyata keçirilirmi?” Ə.Əlibəylinin sözlərinə görə, hazırkı vəziyyət İran daxilində hakimiyyət balansında müəyyən pozuntular və xaotik idarəetmə elementlərinin mövcudluğunu göstərir: “Verilən bəyanatlarla real addımlar arasında ziddiyyət müşahidə olunur. Əvvəldən proqnozlaşdırılırdı ki, təxribatlar vasitəsilə Azərbaycan və Türkiyəni prosesə cəlb etməyə çalışacaqlar. Burada digər güclərin maraqları da istisna edilmir”. O əlavə edib ki, prosesdə “Türkiyə kartı”ndan geniş istifadə etməyə cəhd edilir: “Bu səbəbdən reaksiyalar dərhal və təsir səviyyəsində verildi. Lakin İranın hibrid idarəetmə modelində qərarvermə mexanizmlərinin hansı qüvvələrin nəzarətində olması və kimin dominant rol oynadığı ayrıca müzakirə mövzusudur. Bəzi açıqlamalar fonunda Türkiyənin birbaşa müdaxiləsinin qarşısını almağa çalışdıqları görünür”. Politoloq bildirib ki, baş verən proseslər Türkiyənin milli maraqları baxımından da risklər yaradır: “İranın ərazi bütövlüyü ətrafında yaşanan hadisələr, o cümlədən separatçı hərəkatların aktiv fazaya keçməsi Türkiyənin milli maraqlarına təhdid yaradır. Buna görə Türkiyə üzərində daha çox oynamağa çalışırlar ki, Ankara müdaxilə məcburiyyətində qalsın və münaqişə iştirakçılarının dairəsi genişlənsin. Proseslərə məhz bu prizmalardan yanaşmaq lazımdır”.

Ə.Əlibəyli vurğulayıb ki, Azərbaycanla bağlı mövqe açıq və birmənalıdır.

Seçilən
25
1news.az

1Mənbələr