AZ

"Güzgüyə baxın, görün ki, nə gündəsiniz?"

Müğənni Ülvi Qılınc canlı efirdə səsləndirdiyi sərt fikirlərlə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sənətçi həmkarlarına ünvanladığı tənqidi açıqlamaları ilə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Müğənni efirdə çıxışı zamanı bəzi sənət nümayəndələrini üzünü tutaraq belə deyib:

"Arada güzgüyə baxın ki, ayda bir dəfə etdiyiniz əməllərdən, işlərdən xəbərdar olasınız. Görün siz nə gündəsiniz?! Kafelərdə özlərinə ad günü keçirib bunu böyük bir sənət nümayişi kimi insanlara təqdim edirlər. Ad günü oldu, necə qonaq gəldi... Burada hansı sənətdən söhbət gedir ki, konvertin içində pul gəlir".

Ülvi Qılınc bildirib ki, bəzi ifaçıların ad günü və oxşar məclisləri şouya çevirməsi sənət anlayışına uyğun deyil. Onun sözlərinə görə, bu cür tədbirlərin sənət kimi təqdim olunması cəmiyyətə yanlış mesaj verir.

"Xalqın beyni uşaq beyni kimi təmizdir"

Müğənni çıxışında tamaşaçı zövqünə də toxunub:

"Xalqın beyni uşaq beyni kimi təmizdir. Biz camaata nəyi tez-tez göstərib təbliğ ediriksə, ona görə toylarda tələbatlı olurlar. Bu gün ailələrdə böyüklərin yox, övladların sözü keçirli olur. Bunu qəbul etməsək, riyakarlıq etmiş olarıq."

O, həmkarlarını daha məsuliyyətli olmağa və sənətə ciddi yanaşmağa çağırıb.

İfaçının bu fikirləri sosial mediada birmənalı qarşılanmayıb. Bəzi izləyicilər onun sözlərini dəstəkləyərək "reallıqları dilə gətirdiyini" qeyd ediblər. Digərləri isə bu açıqlamanı həmkarlarına qarşı sərt və ümumiləşdirilmiş ittiham kimi qiymətləndiriblər.

Hazırda mövzu ətrafında müzakirələr davam edir. 

Musa
Milli.Az

Seçilən
16
3
milli.az

4Mənbələr