Müasir dövrün texnoloji inkişafı hər bir olduğu kimi, təhsil ekosistemində də paradiqmaların köklü şəkildə yenilənməsinə səbəb olmuşdur.
Günümüzün təhsilalanları məlumat rəqabətinin yüksək olduğu mühitdə formalaşan, rəqəmsal mühitlə inteqrasiya olunmuş Z və Alfa nəsilləridir. Bu səbəbdən, Z və Alfa nəsli olaraq xarakterizə edilən öyrənənlərlə ənənəvi müəllim-şagird münasibətlərinin qurulması artıq öz effektivliyini itirmişdir. Müasir təlim mühitində səmərəli nəticə əldə etmək üçün tədris prosesi qarşılıqlı hörmət və tərəfdaşlıq prinsipləri üzərində qurulmalıdır.
XXI əsrin tələblərinə uyğun olaraq, müəllim yalnız bilik ötürən subyekt deyil, həm də fasilitator (istiqamətverici bələdçi) rolunda çıxış etməlidir. İnformasiyanın əlçatanlığı şəraitində müasir müəllimin fəaliyyəti emosional zəka və adaptasiya qabiliyyəti üzərində cəmlənməlidir. Bu çərçivədə müasir müəllimin əməl etməli olduğu fundamental prinsiplər aşağıdakılardır:
- Davamlı Peşəkar İnkişaf və Texnoloji Savadlılıq: Hər bir pedaqoq öz sahəsi üzrə innovasiyaları izləməli, rəqəmsal bilik və bacarıqlara dərindən yiyələnməlidir, eyni zamanda hər zaman yeni metodologiyaları mənimsəməyə hazır olmalıdır. "Ömürboyu öyrənmə" (lifelong learning) prinsipi müasir müəllimin peşə fəaliyyətinin ayrılmaz hissəsinə çevrilməlidir.
- Mentorluq və Şagirdmərkəzli yanaşma: Avtoritar idarəetmə modelindən mentorluq modelinə keçid mütləqdir. Tədris prosesində hər bir öyrənənin fərdi maraqları, öyrənmə sürəti və üslubu nəzərə alınmalıdır. Müəllim hazır biliyi mexaniki şəkildə ötürmək yerinə, bilyinin əldə edilməsi və praktiki tətbiqi yollarını nümayiş etdirməlidir.
- Yüksək Emosional İntellekt (EQ) və Empatiya: Emosional intellekti yüksək olan müəllim şagirdlərin psixoloji vəziyyətini real qiymətləndirir, sağlam kommunikasiya qurur və böhran vəziyyətlərində ədalətli qərarlar qəbul edir. Pedaqoqun vəzifəsi təkcə sualları cavablandırmaq deyil, həm də şagirdlərin qayğılarını dinləmək və onlarda yaranan "səhv etmə qorxusunu" aradan qaldırmaqdır.
Beləliklə, XXI əsrin təhsil hədəflərinə çatmaq üçün idarəetmə metodları mütləq şəkildə humanistləşməli və müasirləşməlidir. Ənənəvi təlim metodlarından istifadə edilməsi təhsilin effektivliyini azaldan əsas amildir. Yalnız yaradıcı və əməkdaşlığa əsaslanan yeni pedaqoji yanaşmalarla rəqabətədavamlı şəxsiyyət yetişdirmək mümkündür.
Ruhiyyə Mehdiyeva, "Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədr müavini, fəlsəfə doktoru