AZ

Antibiotiklərin həddən artıq istifadəsi sağlamlığa zərər vurur - AÇIQLAMA

Müasir dövrdə antibiotiklər bir çox bakterial infeksiyaların müalicəsində mühüm rol oynayan dərman vasitələrindən biridir. Lakin bu dərmanların düzgün istifadə olunmaması və xüsusilə də tez-tez, həkim nəzarəti olmadan qəbul edilməsi sağlamlıq üçün müəyyən risklər yarada bilər. Antibiotiklərin təsir mexanizmi yalnız xəstəlik törədən bakteriyalarla məhdudlaşmır və bu vəziyyət orqanizmdə müxtəlif dəyişikliklərə səbəb ola bilər. Buna görə də onların istifadəsi ilə bağlı mümkün təsirləri və nəticələri anlamaq olduqca vacib hesab olunur.

Bu barədə terapevt Zakir Quliyev Missiya.Az-a danışıb.

"Həddən artıq antibiotik istifadəsi insan orqanizminə bir sıra mənfi təsirlər göstərə bilər. Antibiotiklər yalnız xəstəlik törədən bakteriyaları deyil, eyni zamanda bədəndə yaşayan faydalı bakteriyaları da məhv edir. Bu faydalı bakteriyalar bağırsaqlarda və digər orqanlarda immun sisteminin düzgün işləməsində mühüm rol oynayır. Onların azalması bağırsaq mikroflorasının pozulmasına səbəb olur və nəticədə immun sisteminin gücü zəifləyə bilər. Bu isə insanın müxtəlif infeksiyalara qarşı müdafiəsini azaldır və gələcəkdə xəstəliklərə daha tez tutulmasına şərait yaradır. Bundan əlavə, uzun müddət və ya lazımsız antibiotik istifadəsi allergik reaksiyalar, həzm problemləri və digər sağlamlıq problemlərinin yaranmasına da səbəb ola bilər",-terapevt bildirib.

Zakir Quliyevin sözlərinə görə, antibiotiklərin tez-tez və nəzarətsiz istifadəsi bakteriyalarda rezistentliyin — yəni antibiotiklərə qarşı davamlılığın — yaranmasına səbəb ola bilər.

"Bu zaman bəzi bakteriyalar antibiotikin təsirinə uyğunlaşaraq sağ qalır və çoxalmağa davam edir. Nəticədə həmin bakteriyalar artıq əvvəl istifadə olunan antibiotiklərlə məhv edilmir. Bu proses tədricən daha güclü və müalicəyə çətin tabe olan bakteriya növlərinin yaranmasına gətirib çıxarır. Belə hallarda infeksiyaların müalicəsi daha uzun çəkir, daha güclü və bəzən daha çox yan təsiri olan dərmanlardan istifadə etmək lazım gəlir. Bəzi hallarda isə müalicə xeyli çətinləşir və xəstəliklərin yayılma riski də artır. Buna görə də antibiotiklərin yalnız həkim məsləhəti ilə və düzgün qaydada istifadə edilməsi olduqca vacibdir",-Z.Quliyev əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
37
missiya.az

1Mənbələr