Bakı, 5 mart, AZƏRTAC
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas cümə axşamı bildirib ki, Yaxın Şərq ölkələri Avropa rəsmilərinə Tehran, ABŞ və İsrail arasındakı münaqişə nəticəsində İranda vətəndaş müharibəsi riski ilə bağlı narahatlıqlarını bildiriblər.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Kallas Aİ xarici işlər nazirləri və Körfəz Əməkdaşlıq Şurasının nümayəndələri ilə İran və daha geniş Yaxın Şərqdə regionunda vəziyyətlə bağlı video konfransdan əvvəl bildirib: “Region ölkələri ilə danışarkən bildirildi ki, onlar rejimin rəhbərliyi və orada baş verənlər səbəbindən İran daxilində vətəndaş müharibəsi ilə bağlı da narahatdırlar”.
Kallas Aİ-nin diplomatik həll yolu irəli sürmək istədiyini deyib. O, jurnalistlərə müsahibəsində bildirib: “Müharibələr diplomatiya ilə başa çatır və bu gərginləşmə dövründən çıxmaq üçün burada diplomatiyaya yer olmalıdır”.
O bildirib ki, Aİ regiondakı dəniz təhlükəsizliyindən son dərəcə narahatdır və Hörmüz boğazı kimi marşrutları açıq saxlamağa çalışır. Kallas əlavə edib ki, Brüssel Körfəz ölkələrinin neftindən asılı olmadığı üçün oradakı hücumlar Aİ-yə neft tədarükünün təhlükəsizliyinə böyük qısamüddətli təsir göstərməyəcək.
Münaqişə, həmçinin ABŞ və İspaniya arasında mübahisəni daha da qızışdırıb. Vaşinqton Madridin Amerika təyyarələrinin Tehrana qarşı hücum üçün birgə idarə olunan dəniz və hava bazalarından istifadə etməsinə icazə verməkdən imtina etməsi səbəbindən onunla ticarəti kəsmək istəyir. İspaniya ABŞ və İsrailin İrana qarşı bombardmanlarını ehtiyatsız və qanunsuz adlandırıb. Bu mübahisə ilə bağlı suala cavab verən Kallas ümidvar olduğunu bildirib ki, Vaşinqton ötən il əldə edilən və bütün Aİ dövlətlərinə şamil olunan ticarət razılaşmasına hörmət edəcək.