AZ

Vladimir Putin: Rusiya Avropaya enerji tədarükünü dayandıra və onu Asiyaya yönəldə bilər

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 5 mart, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü hökumətə Rusiya enerji ehtiyatlarının Avropaya çatdırılmasını dayandırıb Asiyaya yönəltməyi nəzərdən keçirməyi tapşıracağını bildirib.

AZƏRTAC xəbər verir ki, Putin Moskvada Rusiyanın VGTRK telekanalına verdiyi müsahibədə Avropanın özünün Rusiya enerji ehtiyatlarından tamamilə imtina etməyi planlaşdırdığını vurğulayıb. “Onlar özlərinin də dedikləri kimi, bir ay ərzində mayeləşdirilmiş təbii qaz da daxil olmaqla, Rusiya qazının alınmasına məhdudiyyətlər tətbiq etməyi, bir il sonra, 2027-ci ildə isə tam qadağaya qədər əlavə məhdudiyyətlər tətbiq etməyi planlaşdırırlar”, - deyə o bildirib.

Putin əlavə edib: “Amma indi digər bazarlar açılır və bəlkə də bizim üçün Avropa bazarına tədarükü dayandırmaq, açılan bazarlara keçmək və orada özümüzü möhkəmləndirmək daha sərfəli olardı”.

Rusiya Prezidenti təklifində heç bir siyasi gizli məna olmadığını vurğulayıb. O qeyd edib ki, Rusiya bütün tərəfdaşları, o cümlədən Avropa üçün etibarlı enerji resursları təchizatçısı olub və olaraq qalır. “Biz məhz bu rejimdə etibarlı tərəfdaşlarla - məsələn, Slovakiya və Macarıstan kimi Şərqi Avropa ölkələri ilə əməkdaşlığa davam edəcəyik”, -deyə o vurğulayıb.

Putinin sözlərinə görə, hazırkı enerji böhranı Avropa siyasətçilərinin enerji sektorundakı səhv siyasəti, yaşıl gündəmdən sui-istifadə və Rusiyaya qarşı sanksiyalar səbəbindən yaranıb. O əlavə edib ki, heç kim tədarükü kəsməyib, lakin qiymətlər artıb. “Niyə? Dünya bazarlarında, o cümlədən neft bazarlarında və hazırda qaz bazarlarında ümumi vəziyyətə görə. Çünki Yaxın Şərqdəki hadisələr, Hörmüz boğazının bağlanması və digər səbəblərdən eyni təbii qazı daha yüksək qiymətlərlə almağa hazır olan müştərilər ortaya çıxıb”, - deyə o bildirib.

Rusiya Prezidenti qeyd edib ki, hazırkı mürəkkəb vəziyyətdə “Premium” alıcılar meydana çıxarsa, bəzi ənənəvi hazırkı təchizatçılar, o cümlədən Amerika şirkətləri Avropadan daha çox pul qazandıqları ölkələri üstün tutacaq.

Putin çərşənbə axşamı Aralıq dənizində Rusiya qaz tankerinə edilən hücumu “terror aktı” adlandırıb və bu cür hücumların qiymət artımına səbəb olduğunu qeyd edib. “Məlum olur ki, Kiyev rejimi, əslində, onu bəsləyən əli, yəni Aİ-nin əlini dişləyir. Aİ Kiyev rejiminə silah və pulla sonsuz yardım göstərir. Kiyev rejimi isə Aİ üçün bir-birinin ardınca problem yaradır”, - deyə o iddia edib.

RF Prezidenti daha sonra iddia edib ki, Kiyev bəzi Qərb xüsusi xidmət orqanlarının dəstəyi ilə “Mavi axın” və “Türk axını” boru kəmərlərini partlatmağa hazırlaşır. “Biz artıq türk dostlarımızı bu məsələ ilə bağlı məlumatlandırmışıq. Yaxın vaxtlarda nə baş verəcəyini görəcəyik, amma bu, xüsusilə indiki vəziyyətdə çox təhlükəli oyundur”, - deyə o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
2
azertag.az

3Mənbələr