AZ

FİFA futbolçularla bağlı iki yeni qayda təklif edir

Futbolda yaxın gələcəkdə oyunun tempinin qorunması və vaxt itkisinin qarşısını almaq mümkün ola bilər. FİFA futbolçularla bağlı iki yeni qayda təklif edir.

"Football-plus.az" xəbər verir ki, BBC-nin yaydığı məlumata görə, tibbi yardım alan futbolçular meydanı tərk etdikdən sonra bir dəqiqə ərzində oyuna qayıda bilməyəcəklər. Qaydanın qüvvəyə minməsi üçün layihə futbol qaydalarını tənzimləyən Beynəlxalq Futbol Assosiasiyaları Şurası (BFAŞ) tərəfindən təsdiqlənməlidi. Hazırda bu məsələ ilə bağlı vahid qayda yoxdu və liqalar öz tövsiyələrini tətbiq edirlər. Məsələn, İngiltərə premyer-liqasında 2023/24 mövsümündən indiyədək tibbi yardımdan sonra oyunçular meydandan kənarda 30 saniyə gözləməli olurlar.

Xatırladaq ki, FİFA buna bənzər qaydanı daha əvvəl Ərəb Millətlər Kubokunda sınaqdan keçirib. Həmin vaxt futbolçuların tibbi yardımdan sonra meydandan kənarda keçirməli olduğu müddət iki dəqiqə müəyyən edilib. Qeyd edək ki, bu təklif futbol matçlarında süni vaxt itkisinin minimuma endirilməsi məqsədini daşıyır.

İkinci təklifə əsasən, oyunçuların meydanda danışarkən əlləri ilə ağızlarını bağlaması vərdişi yaxın gələcəkdə rəsmən qadağan oluna bilər. Bu məsələ Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində ötən həftə keçirilən “Benfika” - “Real” matçında (0:1) yaşanan hadisədən sonra yenidən gündəmə gəlib. Həmin oyunda Vinisius Junior rəqib futbolçu Canluka Prestiannini irqçilikdə ittiham edib. Lakin argentinalı oyunçu ağzını forması ilə örtdüyü üçün onun nə dediyini dəqiq müəyyənləşdirmək çətinlik yaradıb.

Yeri gəlmişkən, “Real”ın qapıçısı Tibo Kurtua mətbuat konfransı zamanı bu ehtimal olunan qadağaya münasibətini belə bildirib:

“Bəzən komanda yoldaşınla elə şeylər danışmaq istəyirsən ki, kimsə eşitməsin. Amma bu qərar təhqirlərə son qoymaq üçün veriləcəksə, əla olar. Bu, irqçiliyə son qoyacaqsa, mənim üçün heç bir problem yoxdu”.
Seçilən
123
1
football-plus.az

2Mənbələr