Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu İranla bağlı son hadisələr fonunda sosial şəbəkə hesabında sərt və emosional paylaşım edib. Musavat.com xəbər verir ki, Əməkdar jurnalist İranın mövcud siyasi rejimini kəskin tənqid edib və Azərbaycanda İrana simpatiya bəsləyən şəxslərə müraciət edib.
Rauf Arifoğlu paylaşımında bildirib ki, İranın teokratik hakimiyyəti uzun illərdir region üçün təhlükə mənbəyidir və bu rejimin siyasəti Azərbaycana münasibətdə də etibarsız və düşmən xarakterli olub.
“Bu molla rejiminin etibarsızlığını və yaramazlığını, Azərbaycana münasibətdə isə hər zaman xain xislətdə olduğunu 1989-cu ildən yazır, danışır, bəyan edirəm! Bu terror rejimi, bu qorxulu və yaramaz adamların iqtidarı getməli, İran normallaşmalıdır. Bölgəmiz ancaq bundan sonra rahatlıq tapacaq. İranın indiki teokratik iqtidarı hər kəsə və hər yerə təhdiddir”, – deyə o qeyd edib.

Media rəhbəri xüsusilə Azərbaycanda İran siyasətinə simpatiya ilə yanaşan şəxslərə müraciət edərək onları ölkənin maraqlarını hər şeydən üstün tutmağa çağırıb.
Rauf Arifoğlu bildirib ki, bəzi şəxslər Naxçıvan istiqamətində baş verən hadisələrlə bağlı müxtəlif iddialar səsləndirir və İranın məsuliyyətini ört-basdır etməyə çalışırlar.
“Dostluğumda xeyli İran yanlısı, Qum simpatizanı olan adam var. Baxıram, orda-burda yazırlar ki, guya Naxçıvanı İran dronları ilə əslində İsrail vurub, təxribatdır”, – deyə o paylaşımında qeyd edib.
Media rəhbəri bu cür yanaşmaları kəskin tənqid edərək Azərbaycan vətəndaşlarını milli maraqlara sadiq qalmağa çağırıb.
“Adam olun! Kişi olun! Azərbaycanlı olun! Vətəninizin təəssübünü, maraqlarını bir gerizəkalı, çağdışı rejimə, başqa paytaxta satmayın! Allah Tehranda, Qumda deyil — Allahınız olsun, ölkənizi müdafiə edin!” – deyə Rauf Arifoğlu vurğulayıb.
O həmçinin İranın mövcud siyasi sisteminin uzunmüddətli perspektivdə davamlı olmayacağını düşündüyünü də qeyd edib.
“Molla rejimi gedir və onun tam çökdüyünü siz də görəcəksiniz! Amma gedər ayaq sizi də özü ilə aparmasın!” – deyə o bildirib.
Paylaşımın sonunda Rauf Arifoğlu Azərbaycana qarşı istənilən hücumun qəbulolunmaz olduğunu vurğulayıb.
“Azərbaycana bomba atan hər kəs düşməndir — erməni də, rus da, fars da! Hamısına lənət olsun!” – deyə o əlavə edib.
Musavat.com