525.az saytına istinadən ain.az xəbər verir.
"Türkiyənin ərazisinə raket atılmasına sərt reaksiya verməsi təbiidir. Birincisi, Türkiyə müharibənin baş verməməsi üçün xeyli cəhdlər göstərdi, fəal iş apardı. Hətta İranla-ABŞ arasında özünün vasitəçilik missiyasını da təklif etdi”.
Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli dünən Türkiyə ərazisinə raket atılması ilə bağlı mövzunu şərh edərkən deyib.
“Türkiyənin mövqeyi ondan ibarətdir ki, bölgədə dayanıqlı sülh, əmin-amanlıq olmalıdır. Bölgədə böyük müharibənin olması ilk növbədə region dövlətlərinin maraqlarına toxunur. Müharibənin ilk günlərində verilən məlumatlardan belə aydın olurdu ki, İran yalnız regionun iki dövləti, hansı ki, Birləşmiş Ştatların, yaxud NATO-nun hərbi bazası var, ABŞ-la yaxın münasibətlərə malikdirlər - Oman və Türkiyə istisna olmaqla, ABŞ-ın hərbi bazaları olan digər region ölkələrini vurur. Ancaq artıq dünən Türkiyəyə bir raket atılıb. Qeyd etdiyimiz kimi buna etiraz olaraq da Türkiyə olduqca haqlı reaksiyasını, etirazını ortaya qoyub. Ümumiyyətlə məntiqlə əlbəttə ki, İrana bu gün Türkiyəni də münaqişəyə cəlb etmək, Türkiyə ilə müharibəyə, hərbi qarşıdurmaya getmək heç bir halda sərf etməməlidir. Lakin bölgədə, o cümlədən İran daxilində mürəkkəb proseslər gedir. Eyni zamanda, da qeyri-müəyyən hadisələr baş verir. Məntiqi olaraq izahı mümkün olmayan addımlar atılır, hadisələr cərəyan edir. Düşünürəm ki, hər halda bu hadisənin təkrarlanması, tək Türkiyəyə qarşı deyil, digər region ölkələrinə də İranın hücumlarının davam etməsi, raketlərin atılması münaqişənin arealını, çoğrafiyasını xeyli genişləndirə və tam regional münaqişəyə çevirə bilər. Təbii ki, belə bir vəziyyət nə İran üçün, nə də region üçün arzuolunandır”, - ekspert deyib.
Əlavə edib ki, İranın yeni açıqladığı məlumata görə, həmin raket Türkiyəyə İran tərəfindən atılmayıb, yəni bu, araşdırılmalı və dəqiqləşdirilməli bir məqamdır.
“İstənilən halda Türkiyəyə, yaxud da regionun digər ölkələrinə, hansılar ki, münaqişədə birbaşa iştirak etmirlər, onlara İran tərəfindən ballistik raketlərin atılması, dronlarla hücumı həm region, həm də İranın özü üçün olduqca arzuolunmaz nəticələr doğura bilər”, - M.Məmmədli söyləyib.
Qeyd edək ki, İran Silahlı Qüvvələri Türkiyə ərazisinə raket atılması barədə məlumatları təkzib edib, Tehranın Türkiyənin suverenliyinə hörmətlə yanaşdığını bildirib.
"İran İslam Respublikasının Silahlı Qüvvələri qonşu və dost Türkiyənin suverenliyinə hörmətlə yanaşır və bu ölkə ərazisində raket atışları ilə bağlı hər hansı bir məlumatı təkzib edir", - İran Baş Qərargahının bəyanatında qeyd edilib.
Pərvanə Sultanova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.