AZ

Tənzilə Rüstəmxanlı: “İranın özünə yeni bir gərginlik nöqtəsi yaratması məntiqli görünmür”

İran ərazisindən Naxçıvana dron hücumu ilə bağlı müzakirələr davam edir. İranla bölgədə artan gərginlik fonunda baş verən bu hadisə Azərbaycan cəmiyyətində də müxtəlif suallar doğurub. Rəsmi Bakı hadisə ilə bağlı İran səfirliyini Xarici İşlər Nazirliyinə çağıraraq xəbərdarlıq edib və belə halların təkrarlanmamasını tələb edib.

 

Millət vəkili Tənzilə Rüstəmxanlı Pravda.az-a açıqlamasında bildirib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana qarşı belə bir hadisənin baş verməsi qəbuledilməzdir.

 

O qeyd edib ki, Azərbaycan dövləti məsələyə dərhal reaksiya verib və İran səfirliyinin Xarici İşlər Nazirliyinə çağırılması Bakının mövqeyini açıq şəkildə ortaya qoyur: “Hazırkı vəziyyətdə İranın özünə yeni bir gərginlik nöqtəsi yaratması məntiqli görünmür. Hadisənin qəsdən olub-olmaması hələ dəqiq bilinmir, lakin hər halda belə insidentlər region üçün arzuolunan deyil və təkrarlanmamalıdır”.

 

T.Rüstəmxanlı qeyd edib ki, müharibələr və hərbi qarşıdurmalar heç vaxt insanlığa xeyir gətirmir: “Bölgədə artan gərginlik nəticəsində mülki insanların həyatını itirməsi xüsusilə narahatedici haldır və müharibələrin ən ağır yükünü hər zaman günahsız insanlar daşıyır. Azərbaycan regionda yeni bir müharibənin baş verməsinin tərəfdarı deyil və gərginliyin diplomatik yollarla aradan qaldırılması daha doğru addım olardı. Xüsusilə region ölkələrinin, başda Türkiyə olmaqla, prosesə töhfə verərək sülhün bərqərar olunmasına çalışması vacibdir. Prezident İlham Əliyevin İran səfirliyinə gedərək başsağlığı verməsi də Azərbaycanın dövlət ənənəsinə və siyasi etikaya uyğun addım idi. Bütün bunların fonunda Naxçıvan istiqamətində baş verən insidentin səbəbləri aydınlaşdırılmalı və belə hadisələrin təkrarlanmaması üçün zəruri addımlar atılmalıdır”.

 

Aytəkin Qardaşova

Tarix: 5 Mart 2026, 13:37   
Seçilən
20
pravda.az

1Mənbələr