"Hər bir ölkənin milli təhlükəsizliyi elə həmin ölkənin inzibati, siyasi sərhədlərinin təhlükəsizliyindən başlayır".
Bu sözləri Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycanda da uzun illərdir sərhəd təhlükəsizliyinə xüsusi diqqət yetirilir:
"Həm birbaşa vətəndaşlarımızın təhlükəsizliyini təhdid edə biləcək mümkün ehtimallara qarşı tədbirlər görülür, həm də sərhəd vasitəsilə müxtəlif qeyri-qanuni ticarət, narkotik vasitələrinin sərhədlərimizdən keçirilməsinə qarşı xüsusi vasitələrlə mübarizə aparılır.
Regionumuz olduqca mürəkkəb bir regiondur. Bəzi hallarda ictimai rəydə sərhədlərin nə üçün uzun müddət bağlı qalması ilə əlaqədar olaraq suallar yaransa da, fikrimcə, artıq bu gün hər kəsə aydındır ki, quru sərhədlərimizin bağlı qalması birbaşa vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar olub. Bu gün ətrafımızda baş verən hadisələr də bir daha onu göstərir ki, quru sərhədləri bağlı saxlamaqda, Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün addım atıb.

Mənə elə gəlir ki, dünyada baş verən hadisələr kontekstində yaxın və ortamüddətli perspektivdə proqnozların aparılması, milli təhlükəsizliyimizi təhdid edən məsələlərin qiymətləndirilməsi ümumi-kütləvi şüur kontekstində o qədər real görünmür. Nəticə etibarilə bu məsələlərlə bağlı düzgün qənaətə gəlmək üçün hər kəsdə aydın informasiya olmalıdır. Ancaq biz bilirik ki, xüsusi informasiyalar var və o informasiyalar Azərbaycan dövlətində, Azərbaycanın xüsusi təhlükəsizlik orqanlarında olur. Bir daha bəlli oldu ki, Azərbaycan sərhədləri bağlı saxlamaq mövqeyində nə qədər haqlı imiş. Heç şübhəsiz ki, bundan sonra da vətəndaşlarımızın təhlükəsizliyi Azərbaycan dövlətinin bir nömrəli vəzifəsi kimi qalacaqdır".
Həmidə İbrahimova