AZ

Cavanşir Paşazadə İranın Naxçıvana dronla zərbə endirməsindən danışdı: “Belə hərəkətlər olacaqsa, cavabsız qalmayacaq”

“Naxçıvan Hava Limanının İran tərəfindən vurulması yaxşı xəbər deyil. İranın başqa ölkələri vurduğu kimi, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana, sərhəd bölgələrə bombalar atması gözlənilməzdir. Çünki biz həmişə qonşu ölkələr üçün sülh arzulamışıq. İranın suverenliyini, İranın daxili məsələsinin həll olunmasını, xarici ölkələrin buna qarışmamasını istəmişik. İranda baş verən hadisələrlə, o cümlədən Ali dini liderlərinin vəfatı ilə bağlı hələ ötən gün cənab Prezident İlham Əliyev İran səfirliyində oldu, başsağlığı verdi, ürək sözlərini yazdı. Bunun ardından Naxçıvan Hava Limanının vurulması başadüşülən deyil. Bu heç də sülhpərvər ordunun davranışına oxşamır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

 

C.Paşazadə qeyd edib ki, Azərbaycana qarşı belə hərəkətlər olacaqsa, cavabsız qalmayacaq: “Arzu edirəm, bu cür hadisələr olmasın. Biz qonşu ölkə ilə müharibə də görmüşük, insan qırğınını da. Qaçqın-köçkünün nə olduğunu da, torpağın tapdaq altında olmasını da yaxşı bilirik. Biz 20 Yanvar hadisələrini görmüşük. Azərbaycan həmişə təcavüzə, qırğınlara məruz qalan bir ölkə olub. Ali Baş Komandan İlham Əliyev cənablarının apardığı doğru-düzgün siyasət nəticəsində yenə də bölgədə sülh, sülhün bərqərar olunması üçün dünyanın ən güclü ölkələri ilə danışıqlar aparılıb. İranın bu davranışını qınayırıq. Bu, düzgün aparılan siyasət deyil”.

 

Aytəkin Qardaşova

Tarix: 5 Mart 2026, 12:45   
Seçilən
94
pravda.az

1Mənbələr