Cənub Qaz Dəhlizi Məşvərət Şuralarının iclası Azərbaycanın qlobal enerji təhlükəsizliyində əhəmiyyətini nümayiş etdirdi
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası bir daha Azərbaycanın qlobal enerji təchizatçısı kimi əhəmiyyətli rolunu və mövqeyini nümayiş etdirdi. Dünya ölkələrinin enerji təhlükəsizliyinə dair mühüm məsələlərin müzakirə olunduğu tədbirdə enerji təhlükəsizliyi və dayanıqlı təchizat sahələrində əməkdaşlığın və tərəfdaşlığın gücləndirilməsi ilə bağlı gələcək birgə addımların istiqamətləri müəyyənləşdirildi ki, bu da Azərbaycanın bölgədə aparıcı və əlaqələndirici ölkə olmasını təsdiqləyir.
Azərbaycan mükəmməl enerji diplomatiyası yürüdərək həm də regionun tranzit-logistika qovaşlarında yeni geosiyasi xəritə tərtib edib, açıq dənizə çıxışı olmasa da, Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilib. Enerji layihələri və bu sahədən qazanılan milli gəlir sütunlarına söykənməklə nəhəng nəqliyyat infrastrukturu qurub, Avrasiyanın enerji xəritəsini zənginləşdirib. Məşvərət Şurasını iclasında çıxış edən Prezident İlham Əliyevin bəyan etdiyi kimi 12 il əvvəl başlanmış bu təşəbbüsün ildən-ilə genişlənməsi və enerji təhlükəsizliyinə dair vacib qərarların qəbul edilməsi birgə nailiyyətlərin əldə edilməsinə səbəb olub. Xüsusilə son 12 ilə nəzər saldıqda müxtəlif ssenarilərin, çətinliklər, mürəkkəbliklər və problemlər fonunda və regionda yaşanan olduqca ağır dövrlər şəraitində Azərbaycan öz tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin olunmasında daim iradəli addımlar atıb, mümkün görünməyənləri reallığa çevirib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrini müvəffəqiyyətlə icra edərək neft strategiyasını zənginləşdirib. Son illərdə isə enerjinin yeni şaxəsi olan təbii qaz nəqli ilə yeni tədarükçü adını qazanıb. Tərəfdaş dövlətlərlə birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa edən Azərbaycan 3600 kilometrlik Cənub Qaz Dəhlizi enerji zəncirini qurub, bir çox ölkənin enerji təhlükəsizliyinə sərmayə yatırımı ilə geosiyasi əhəmiyyətini artırıb.
Suriyaya qaz nəqli - enerji həmrəyliyinin nümunəsi
Məhz bu qətiyyətli enerji diplomatiyası sayəsində Azərbaycan qazının ixrac edildiyi dövlətlərin sayı artaraq 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. Artıq qaz təchizatının coğrafiyasının genişləndirilməsi başqa reallıqları da meydana çıxarıb. Belə ki, yanacağın nəqlinin Avropa hüdudlarından kənardakı istiqamətlərə ünvanlanmnası, o cümlədən Yaxın Şərq bölgəsinə - ilk dəfə olaraq Suriyaya çatdırılması enerji həmrəylik arxitekturasını gücləndirib. Azərbaycan bu addımı ilə dünyada həm də etibarlı və dost tədarükçü olduğunu təsdiqləyib. Çünki Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü həm də bu ölkənin böhrandan çıxışının bir açarı olmuşdur. Hamıya yaxşı məlumdur ki, elektrik enerjisi olmadan heç bir inkişaf əldə etmək mümkün deyil. Bu, həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Beləliklə, həmin ölkəyə qazın çatdırılması sayəsində həyat ritminin bərqərar olması və sabit inkişaf infrastrukturun yaradılması təmin edilib.
Enerji siyasətində şaxələndirmə amilinə xüsusi diqqət yetirən Azərbaycan istehsalçı, tranzit və istehlakçı vəhdətini qurmaqla əməkdaşlıqda yeni mərhələ açır və qarşıdakı illərdə daha yeni coğrafi hüdudlarda təminatçı statusunu bərqərar etmək istəyir. 2026-cı ildən Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamaqla, Avropa İttifaqının 10 üzv dövlətinin təchizatçısına çevrilib.
Azərbaycan artıq Qərbi və Mərkəzi Avropada yanacaq şəbəkəsi qurmaqla, qarşıdakı illərdə yeni qaz hasilatı ilə əlaqədar hasilat həcmlərini artırmaq və mövcud qaz nəqli infrastrukturlarını genişləndirməklə Cənub Qaz Dəhlizinin arterial potensialını da artırmaq niyyətindədir. Belə ki, cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanmasını gözləyirik. İki-üç il ərzində “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözlənilir ki, bu da “Abşeron”dan qaz hasilatını üç dəfə artıracaq. Eyni zamanda, “Ümid” yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması gözlənilir. Təbii qazın əsas mənbəyi olan “Şahdəniz” yatağı 2028-ci ildə yeni hasilat dövrünə daxil olacaq. Nəticədə bütün hasilat profilləri maksimum istehsal səviyyəsinin 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməsinə imkan verəcək. Bu isə yuxarıda da vurğuladığımız kimi yeni bazarlara çıxmaq, yeni alıcı tələbatlarını ödəmək üçün mövcud boru kəməri sisteminin genişləndirilməsinə ehtiyacları artırır.
Cənub Qaz Dəhlizinin genişləndirilməsi
Mövcud proqnozlara görə, 2026-ci ildə ölkəmizin Avropa regionuna ixracı 15 milyard kubmetrə çata bilər. Növbəti illərdə ixracın artırılması üçün digər mənbələr də səfərbər olunacaq. Bu isə digər ölkələrə də qaz nəqlini təmin edə biləcək. “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”na əsasən, 2027-ci illərdə ölkəmizin Avropaya qaz nəqli 20 mlrd. kub.metrədək artırılacaq. Bu reallıqlar isə Cənub Qaz Dəhlizinin ixrac infrastrukturunun da genişləndirilməsini labüd edir. Bu ehtiyaclar fonunda TAP kəmərinin ötürücülük potensialının genişləndirilməsi istiqamətində davamlı addımlar atılır.
Həmçinin, Azərbaycan xarici ölkələrdə davamlı sərmayələr qoymaqla nəhəng enerji emalı və satışı infrastrukturları qurur. SOCAR aparıcı qlobal investor kimi bir neçə ölkədə ən müasir neft emalı kpompleksləri və paylayıcı enerji məntəqələri yaradır. Bu mühüm nailiyyətlərdən biri Avropanın enerji qapısı hesab edilən İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan 2 neftayırma müəssisəsinin yaradılmasıdır. Bu, neft məhsullarının xarici ölkələrdə satışı üçün yeni mənbə deməkdir. Egey dənizinin Türkiyə sahillərində Azərbaycan 12 milyon tonluq neftayırma müəssisəsinə malikdir və Aralıq dənizində (İtaliya) yeni emal blokunun istifadəyə verilməsi ölkəmizin illik 22 milyon ton emal potensialının yaranması deməkdir. Bu isə Azərbaycanın təkcə xam neft tədarükçü ilə yanaşı, Avropa regionunda böyük neft məhsulları emalı və yanacaqdoldurma stansiyası şəbəkəsinə malik təminatçı rolunun güclənməsində yeni bir amil olacaq.
Xəzər regionunun Avropaya inteqrasiyası üçün yeni planlar
Azərbaycan eyni zamanda, enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır. Qazaxıstan, Türkmənistan üçün neftin mühüm tranzitini təmin edirik və bizim sistemimiz vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Bu, onu göstərir ki, bölgənin daha da aktuallıq qazanan yeni neft xəritəsi fonunda Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındadır. Eyni zamanda, Xəzər regionunun digər ölkələrinin qaz mənbələrinin də Cənub Qaz Dəhlizinə qoşulması istiqamətində intensiv müzakirələr artır. Məqsəd təkcə Xəzər mənbəyindən Avropaya illik 50 milyard kubmetrdən çox qaz nəqlinin əldə olunmasıdır. Aİ Mərkəzi Asiya-Xəzər regionlarından çoxşaxəli qaz nəqli tranziti şəbəkəsi yaratmaq niyyətindədir. Mərkəzi Asiyanın ehtiyatlarının Avropa bazarına çatdırılması istisna deyil. Türkmənistan qazının Avropaya nəqli üçün Azərbaycanın müəllifi olduğu TAP kəməri və Cənubi Qaz Dəhlizi maşrutu mövcuddur və işləkdir. Türkmən qazını bu dəhlizə cəlb edilməsi və Avropaya çatdırılması üçün hüquqi mexanizm və beynəlxaql sazişlər olmalıdır ki, bu istiqamətdə də hüquqi-iqtisadi təminatlar yaradılır.
Beləliklə, neft və qaz nəqlində dayanıqlı infrastruktura malik ölkə olan Azərbaycan çoxnövlü enerji ixracları bloku qurmaqda, dünya nəqletmə sistemində strateji mövqeyini möhkəmləndirməkdədir.
E.CƏFƏRLİ