Avtomobil yolları sistemində uzun illər müxtəlif vəzifələrdə çalışmış Məmməd Musayevlə bağlı araşdırmalar aparıldığı bildirilir. İddialara görə, Musayev 2016-cı ildən etibarən “Azərbayjan Avtomobil Yolları” sisteminə daxil olan bir neçə idarədə rəhbər vəzifələrdə fəaliyyət göstərib.
Vətəninfo.az xəbər verir ki, onun son işlədiyi 18 saylı Yol İdarəsində ciddi maliyyə pozuntuları ilə bağlı faktlar üzə çıxıb. Belə ki, iddialara əsasən, həmin dövrdə Çexiyadan avtomobillər üçün ehtiyat hissələrinin alınması məqsədilə təxminən 6 milyon manat dəyərində müqavilə imzalansa da, göstərilən detalların faktiki olaraq alınmadığı bildirilir.
Bu məsələ üzə çıxdıqdan sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov tərəfindən Məmməd Musayevin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı qərar verildiyi qeyd olunur. İlkin mərhələdə onun işdən tam uzaqlaşdırılması nəzərdə tutulsa da, sonradan başqa bir idarəyə – 7 saylı Yol İdarəsinə göndərildiyi bildirilir.
Mənbələrin sözlərinə görə, hazırda aparılan maliyyə yoxlamaları zamanı bu və digər faktlar yenidən araşdırılır. Bildirilir ki, aparılan yoxlamalar nəticəsində sözügedən məsələlər daha da diqqət mərkəzinə düşüb.
Qeyd olunur ki, hazırda Məmməd Musayevin fəaliyyəti ilə bağlı araşdırmalar davam edir və onun vəziyyətinin kifayət qədər gərgin olduğu bildirilir.