AZ

Azərbaycanın iqtisadi siyasətinin əsas istiqamətləri açıqlanıb

Azərbaycanın iqtisadi siyasətinin orta və uzunmüddətli perspektivdə əsas istiqamətləri qeyri-neft-qaz sektorunun genişləndirilməsi, ​əlverişli investisiya mühitinin formalaşdırılması, rəqəmsal həllərə söykənən rəqabətqabiliyyətli istehsalın və xidmətlərin təşviqi, dayanıqlı məşğulluq modelinin qurulmasıdır.

SİA xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov Bakıda keçirilən "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" adlı forumda bildirib.

Onun sözlərinə görə, hökumətin strateji baxışının əsas komponentlərini təşkil edən bu yanaşma "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" və cari dövr üçün hazırlanan sosial-iqtisadi inkişaf strategiyaları ilə tam uzlaşır: "Bu strateji hədəflərin real iqtisadi mənfəət çevrilməsi üçün əsas məsələ onların səmərəli idarə olunması, ardıcıl icrası və qurumlararası əlaqələndirmənin təmin edilməsidir. İqtisadi siyasətdə vahid yanaşma, çeviklik və institusional sinxronluq olmadan dayanıqlı və inklüziv inkişafı təmin etmək mümkün deyil.

​Bu məqsədlə ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması və institusional islahatların koordinasiyalı şəkildə həyata keçirilməsi üçün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya fəaliyyət göstərir. Komissiya beynəlxalq reytinqləri formal məqsəd kimi deyil, real biznes mühitinin keyfiyyətinin yüksəldilməsi üçün alət kimi dəyərləndirir. Komissiya çərçivəsində "Biznesə daxil olma" və "Vergi və hesabatlılıq" üzrə işçi qrupları sahibkarlığa başlama proseslərinin sadələşdirilməsi, inzibatçılığın və vergi mühitinin daha şəffaf və proqnozlaşdırıla bilən edilməsi üzərində işləyir".

Bundan başqa, hökumət rəsmisi deyib ki, İqtisadi Şurasının tərkibində yaradılmış "Sahibkarlıq fəaliyyətində maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə işçi qrupu"nun alt qruplarında vergi sahəsində sahibkarların təkliflərinin toplanmasına start verilib.

Seçilən
19
5
sia.az

6Mənbələr