Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Milli Məclisdə Ombudsmanın 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı deputat Azay Quliyev istehlakçı hüquqlarının müdafiəsi sahəsində mövcud problemlərə toxunub. O bildirib ki, bir sıra supermarketlərdə məhsulların üzərində göstərilən qiymətlə kassada tələb olunan məbləğ arasında fərqlər müşahidə olunur. Yəni kassada daha yüksək məbləğ tələb edilir və nəticədə vətəndaşlar aldadılır. Deputatın sözlərinə görə, bu məsələ ictimaiyyəti ciddi narahat edən problemlər sırasındadır və aidiyyəti qurumlar belə halların qarşısının alınması üçün daha təsirli tədbirlər görməlidirlər. O, ümumilikdə hesabatı qənaətbəxş hesab etdiyini və onun nəzərə alınmasını təklif etdiyini bildirib.
“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, o, özü də dəfələrlə belə hallarla qarşılaşıb:

“Mən marketdən qabıqlı qoz almışdım, satıcı isə ləpənin qiymətini vurmuşdu. Digər qarşılaşdığım hal isə o idi ki, almadığım malı çekə vurmuşdular. Belə hallarla gərək birinci istehlakçı diqqətli olsun. İstehlakçı kassa çekinə tələsmədən baxmalıdır, kartla ödəniş edibsə, telefonuna gələn SMS-ə baxmalıdır. Çünki belə hallar çox vaxt kartla ödənişlərdə olur. Bu məsələləri həll etmək üçün gərək ölkədə mükəmməl istehlakçı siyasəti formalaşsın. Bu istiqamətdə dövlət orqanları fəal işləməlidirlər. Ümumiyyətlə, cəmiyyətdə problem olanda onun kökünü qanunlarda axtarmaq lazımdır. Cəmiyyəti qanunlar idarə edir.
Ötən il Milli Məclisdə hesabat veriləndə bir dəfə də olsun “istehlakçı” sözü işlədilməmişdi. Guya istehlakçı hüququ insan hüquqlarının tərkib hissəsi deyil. Elə həmin günlərdə 5 nəfər araq içib dünyasını dəyişmişdi. Bu il isə hesabatda istehlakçı hüququna dair ayrıca paraqraf ayrılıb”.
Tanınmış hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi istehlakçıları müdafiə etməlidir və qurumun bu mövzuda geniş səlahiyyətləri var:
“Agentlik cərimələyə bilər. Vətəndaşlar agentliyə müraciət etməlidirlər. Agentlik isə tədbir görməlidir. Əgər mağaza hansısa malın üzərinə qiymət qoyubsa, bu o deməkdir ki, mağaza həmin məhsulu məhz o qiymətlə satmağı təklif edir”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə də Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsinin müzakirəsi zamanı məsələyə münasibət bildirib.
Hüquqşünas qeyd edib ki, bu günlərdə marketlərdən birində kifli pendirin kif olan hissəsinin kəsilərək yenidən satışa çıxarılması ilə bağlı görüntülər yayılmışdı və minlərlə soydaşımız keyfiyyətsiz məhsul almağa davam edir:
“Çox ciddi faktdır. Bundan başqa, hansısa toyda, şənlikdə 200 adam zəhərlənir, amma nəticəsi nə olur? Heç kəs cəzalandırılmır. Bir ara ‘Leş Tofiq’ adı ilə tanınan şəxs də ölü ət satırdı, tutulurdu, amma 3 gündən sonra azad edilirdi. Ombudsmanla əməkdaşlığı yenidən qurmalıyıq. Bu, olduqca təhlükəli faktdır. Azərbaycan vətəndaşlarına qarşı qida terrorunun qarşısı alınmalıdır”, - Ç.Qənizadə qeyd edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.