AZ

"Şəhid ismi yazılaydı soyadım..."

İkinci Qarabağ müharibəsinin 30-cu günü, oktyabrın 27-si

buludsuz bir  payız günü idi. Döyüşlər

başlayandan əllər  göydə qalmışdı, hamı

Allaha yalvarırdı  ki, cəbhədə erməni

işğalçılarına  qarşı vuruşan  əsgərlərimizi qorusun. Xocalıda, eləcə də

başqa bölgələrdə ağır işgəncələrlə öldürülən balalarımızın, əsir götürülmüş

qız-gəlinlərimizin, qocaların qanlarını yerdə 

qoymasın!

Havalar

başqa illərin payızından xoş keçirdi. Sanki təbiət döyüşçülərimizə çətinliklər  yaratmamaq üçün payızın soyuğunun qarşısını kəsib  gecikdirirdi. Amma nə edəsən ki, müharibələr

itkisiz olmur. 27 oktyabr axşamüstü, şər 

qarışan  vaxt  İmişli 

rayonunun  Otuziki  kəndini 

bəd xəbər  sarsıtdı. Qəflətən

qapıları döyən bu bəd xəbər ilıq payız 

havasında hamının ürəyini, qəlbini üşütdü. Qarabağın azadlığı uğrunda

gedən əks-hücum əməliyyatlarında üzərinə düşən döyüş tapşırıqlarını cəsarətlə

yerinə yetirən Xüsusi  Təyinatlı bölmənin

tərkibində vuruşan gizir Əli Quliyev  şəhid

oldu. Kədər yüklü bu xəbər qısa müddət ərzində 

kəndə  yayıldı, eşidənləri göz

yaşı içində boğdu...

Şəhid Əli

Quliyev 9 sentyabr 1984-cü ildə zəhmətkeş bir 

ailədə dünyaya göz açmışdı. Atası Tədbir kişi uzun müddət yük maşınının

sürücüsü işləmişdi. Sonrakı illərdə isə işləmək üçün Rusiyaya üz tutmuşdu. Buna

görə ailənin ağırlığı uşaqlarını zəhmətə, düzlüyə, halallığa  öyrətmiş həyat yoldaşı Almaz xanımın  üzərinə 

düşmüşdü. Əli ailənin üçüncü 

övladı idi. Otuziki kənd tam orta məktəbində birinci  sinfə 

getdiyi elə bil dünən olmuşdu. Əli çoxlarından cüssəli, ucaboylu olması

ilə fərqlənirdi. Əlinin qardaşları İsmayıl, Zaur və Cavid də zəhmətdən

yoğrulmuş gənclər idilər. Onun Arzu və Leyli adlı iki bacısı da var idi. 

Gələcəyin cəsur

döyüşçüsü Əli Quliyev orta məktəbi 

bitirdikdən bir il sonra 2002-ci ildə ordu sıralarına çağırıldı. Cəbhə

bölgəsində yerləşən hərbi hissədə xidmət etdi. İlyarımlıq əsgəri xidmət onda hərb

sənətinə böyük maraq və sevgi oyatdı. Erməni işğalçılarının Xocalıda azərbaycanlılara

qarşı törətdikləri soyqırımı onun uşaq yaddaşında özünə dərin yer eləmişdi.

Ekranlarda gördüyü erməni vəhşiliyini heç vaxt unutmamışdı. Bu ağrıları ürəyində

yaşadan Əli hərbçi olmaq istəyirdi.

Hərbi xidmətini

başa vurduqdan sonra Əli doğmalarının yanına alnıaçıq, başıuca qayıtdı. 2004-cü

ildə ailə həyatı qurdu. İki oğul övladı dünyaya gəldi. Az sonra məlum oldu ki,

uşaqlarında anadangəlmə talassemiya xəstəliyi var. Gənc ailənin çətin günləri

qapılarını döydü. Problemlər içərisində yaşamasına baxmayaraq, Əli hərbçi olmaq

arzusunu heç vaxt unutmurdu. Qərarı qəti idi, necə olursa-olsun ordu sıralarına

qayıtmalı, Vətənə ləyaqətlə xidmət etməli, torpaqlarımızın azadlığı uğrunda

vuruşmalı idi. Günlərin birində Əli Quliyev arzusuna çatdı. Müddətdən artıq həqiqi

hərbi xidmət hərbi qulluqçusu kimi Müdafiə Nazirliyinin xüsusi  təyinatlı 

qüvvələrinin sıralarında xidmətə başladı. Həmin gün onun sevinci yerə-göyə

sığmırdı. Çünki müharibə başlayanda o da torpaqlarımızın azadlığı uğrunda

vuruşacaqdı.

Gizir Əli

Quliyev Aprel döyüşlərinin də iştirakçısı olmuşdu. 2016-cı il aprel ayının 1-dən

döyüşlərə atılmış, dörd gün silahı yerə qoymamışdı. Üzərinə düşən döyüş

tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirmişdi. Tərtər rayonunun Talış kəndi

ətrafındakı əlverişli yüksəkliklər uğrunda gedən döyüşlərdə böyük igidlik və qəhrəmanlıq

göstərmişdi. İştirakçısı olduğu əməliyyatlar zamanı təcrübə və səriştəsi daha

da artmışdı.

27 sentyabr

2020-ci ildə İkinci Qarabağ müharibəsi başladı. İşğalçılıq əməllərini davam

etdirən, terrorçuluğu dövlət siyasətinə çevirən Ermənistan növbəti dəfə beynəlxalq

qanunlara zidd addım atdı. Elə ilk gündən düşmən Azərbaycan Ordusunun sərt

cavabı ilə üzləşdi. Ürəyi Vətən eşqi ilə döyünən cəsur oğullar silaha sarılaraq

qələbə əzmi ilə müharibəyə yollandılar. Xüsusi Təyinatlı Qüvvələrin tərkibində

döyüşlərə atılan gizir Əli Quliyev hərbi əməliyyatlarda fəal iştirak edir, həmişə

öndə vuruşurdu. Uğurlara hesablanmış əməliyyatlarda yüksək döyüş peşəkarlığı və

qələbə əzmi nümayiş etdirirdi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham

Əliyevin sərkərdəliyi altında irəliləyən Azərbaycan Ordusunun güclü əks-hücumları

qarşısında dayana bilməyən erməni işğalçıları silah-sursatlarını, hərbi

texnikalarını atıb arxalarına da baxmadan qaçırdılar. Yaralanmağına baxmayan

xüsusi təyinatlılar özlərində güc tapıb yenidən ayağa qalxaraq düşmən üzərinə

yeriyir, qəsbkarlarla əlbəyaxa olaraq onları məhv edirdilər. Belə döyüş səhnələri

indiyə kimi yalnız fantastik kinolarda nümayiş olunurdu. Cəsur Azərbaycan hərbçiləri

isə bunları reallıqda edir, düşmənə aman vermədən geri qovurdu.

İkinci Qarabağ

müharibəsinin başlandığı gündən bir ay keçirdi. Bu müddət ərzində 200-ə yaxın

yaşayış məntəqəsi işğaldan azad edilmişdi. Artıq bu torpaqlarda üçrəngli,

aylı-ulduzlu bayrağımız dalğalanırdı. Hər gün cəbhədən qələbə xəbərləri gəlirdi.

Dayanmadan irəliləyən rəşadətli Azərbaycan Ordusu erməni işğalçılarını geri

sıxışdırırdı. Ön xətdə atılan mərmilərin, güllələrin səsi  xeyli uzaqlardakı kəndlərdə də eşidilirdi.

Bütün cəbhəboyu torpaqlarımızın azadlığı uğrunda qanlı döyüşlər gedirdi.

Müharibənin

30-cu  günü yenicə başlamışdı. Cəsur

döyüşçü Əli Xocavənd uğrunda vuruşurdu. Təəssüflər olsun ki, onun sonuncu

döyüşü oldu. Həmin gün 18 il ordu sıralarında xidmət edən gizir Əli Tədbir oğlu

Quliyev canından da çox sevdiyi Vətən torpaqları uğrunda gedən döyüşlərdə qəhrəmancasına

həlak oldu. Onun döyüşçü yoldaşlarından biri yaralı vəziyyətdə düşmən mövqeyinə

yaxın ərazidə qalmışdı. Əli onu xilas etmək üçün həyatını riskə qoyaraq böyük cəsarətlə

irəli atıldı. Pusquda durmuş düşmən snayperi onu gördü və atəş açdı. İşğalçının

açdığı atəş cəsur gizirin həm ömür, həm də döyüş yolunu yarıda qırdı.

Cəsur

gizirin şəhid olduğu və meyitinin gətirildiyi xəbər kəndə çatan kimi sakinlər

göz yaşları içində onun dəfnində iştirak etməyə yığışdılar. Rayon icra hakimiyyətinin

rəhbərliyi və kollektivi, eləcə də ictimaiyyətin nümayəndələri onun bir

zamanlar doğulub böyüdüyü həyətə gəldilər. Yaxınlar, doğmalar Azərbaycan və

Türkiyə bayrağına bürünmüş tabutu başları üzərinə qaldırdılar. Hönkürtü,

ağlaşma səsi ətrafı başına götürdü. Həyətdə dayanmağa, ayaq qoymağa yer yox

idi. Öndə Azərbaycan və Türkiyənin dövlət bayraqlarını aparan gənclər, bir az

arxada dini ayinləri icra edən şəxslər və "Şəhidlər ölməz, Vətən bölünməz!",

"Otuzikilər oyaqdı, Qarabağa dayaqdı!", "Qarabağ bizimdir, bizim

olacaq!" şüarlarını fasilələrlə səsləndirən insanlar, çiyinlər üstündə

bayrağa bükülmüş şəhidimizin tabutu, daha sonra isə mərasimdə iştirak edənlər

hüznlü addımlarla qəbiristanlığa doğru gedirdilər. Böyük izdihamın iştirakı ilə

cəsur döyüşçü gizir Əli Quluyev torpağa tapşırıldı.

Şəhidlər

heç vaxt unudulmur, yaddan çıxmırlar. Həmsöhbəti olduğum doğmaları, qohumları və

kənd sakinləri gizir Əli Quliyev haqqında ürək sözlərini göz yaşları içində

danışdılar. Şəhidin anası Almaz xanım dərindən ah çəkərək dedi ki, oğullar Vətəni

qorumaq üçün doğulurlar: "Ana üçün övladların hamısı əzizdir, doğmadır.

Onları bir-birindən ayırmaq olmaz. Əli həmişə verdiyi sözün üstündə dayanardı.

Ordu sıralarında xidmətə də böyük həvəslə getmişdi. Arzusuna çatdığına görə

sevinci yerə-göyə sığmırdı. Qarabağı azad görmək istəyirdi. Bu yolda döyüşə,

savaşa hazır idi. Müharibəyə gedəndən sonra bizimlə əlaqə saxlayar, iştirakçısı

olduğu uğurlu döyüşlərdən danışardı. Onun səsi gah Füzulidən, gah Cəbrayıldan,

gah da Xocavənddən gəlirdi. Torpaqlarımız, şəhər və kəndlərimiz işğaldan azad

olunduqca onun sevinci yerə-göyə sığmırdı. Əlinin səsindən də, nəfəsindən də Zəfər

duyulurdu. Təəssüflər olsun ki, 27 oktyabr 2020-ci ildə qapımızı oğlumun ölüm xəbəri

döydü. Ana üçün bu acı xəbəri eşitmək olduqca kədərli və ağrılıdır. Təskinliyimizi

onunla tapırıq ki, Əli Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik

zirvəsinə ucalıb. Bu əlçatmaz zirvəyə ucalanlar heç vaxt unudulmur, həmişə

ehtiramla xatırlanır".

Birinci

Qarabağ müharibəsinin iştirakçısı olmuş, göstərdiyi qəhrəmanlığa görə "Azərbaycan

Bayrağı" ordeninə layiq görülmüş Şamil Cəbrayılov da Əli haqqında kövrək

hisslərlə danışdı. Dedi ki, indiyə qədər Otuziki kəndindən onlarla gənc Qarabağ

müharibəsində iştirak etmiş, şərəfli döyüş yolu keçmişdi: "Həmişə ona

sevinirdi ki, indiyə qədər kənddən kimsə müharibədə övlad itkisinin ağrısını

yaşamamış, atalar, analar balalarını şəhid adı ilə dəfn etməmişdilər. Əli kəndimizin

ilk şəhidi oldu. Biz onun qəhrəmanlığı ilə fəxr edib öyünürük. İnanıram ki, gələcək

nəsillər qəhrəmanlığı Əli kimi cəsur oğullardan öyrənəcəklər".

Əməkdar müəllim

Cəbrayıl Şirəliyev də şəhid Əli Quliyev haqqında ürək ağrısı ilə danışdı.

Bildirdi ki, haqq işi uğrunda, Vətən uğrunda şəhid olan bütün insanların, bütün

döyüşçülərin talelərində oxşarlıq həmişə özünü qabarıq şəkildə göstərir:

"Onların istər Qarabağda, istərsə də dünyanın başqa yerlərində şəhid

olmalarının elə bir fərqi yoxdur. Əsas odur ki, onların mübarizəsi olsun, ədalət

uğrunda vuruşsunlar! Ona görə də bu cəsur insanlar haqqında yazılanlar elə bil

onların hər biri haqqında qələmə alınan əsər təəssüratı bağışlayır. Deməli,

onların biri haqqında yazılan əsərlərdən hamısına pay düşür. Biz cəsur döyüşçü,

igid əsgər gizir Əli Quliyevin göstərdiyi qəhrəmanlıqları heç vaxt

unutmayacağıq, onu həmişə ehtiramla xatırlayacağıq".

Azərbaycanın

ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı vəzifə borcunu yerinə

yetirərkən göstərdiyi igidliyə görə Əli Quliyev ölümündən sonra "Vətən

uğrunda", "Cəsur döyüşçü", 

"Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad

olunmasına görə" medalları ilə təltif edilmişdir.

Vətən hər

şeydən əvvəl əcdadlarımızın bizə qoyduğu müqəddəs əmanətdir, ata-babalarımızın

və övladlarımızın məskənidir. Vətən həm də tariximizdir, mədəniyyət beşiyimizdir,

Vətən iman yerimiz, inanc mənbəyimizdir. 

Vətəni göz bəbəyi kimi qorumaq, onun şərəfini daim uca tutmaq hamımızın

borcudur! Vətən uğrunda canından keçmək şərəfli işdir! Çünki Vətən uğrunda şəhid

olmaqdan yüksək  ali məqam yoxdur!

Tanınmış türk

xalq ozanı Aşıq Veysəl də millət, Vətən yolunda şəhid olmağı ən ali, ən xoşbəxt

məqam kimi dəyərləndirərək yazırdı:

...Şəhid

ismi yazılaydı soyadım,

Qanım ilə məzarımın

daşına.

36 yaşında

canından da çox sevdiyi Vətəninin azadlığı uğrunda şəhid olmuş Əli Quliyevin

adı qəhrəmanlıq tariximizə həkk olunub! Böyüməkdə olan nəsillər qəhrəmanlığı

onun kimi cəsur oğullardan öyrənirlər.

 

Vahid

MƏHƏRRƏMOV,

"Azərbaycan"

Seçilən
93
azerbaijan-news.az

1Mənbələr